İnsanlara hürriyət, millətlərə istiqlal!

Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş seminar keçirilib - FOTOLAR, VİDEO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva görkəmli yazıçı, pedaqoq, ədəbiyyatşünas, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş seminarda çıxış edib.

Musavat.com xəbər verir ki, Bakı Dövlət Universitetində təşkil olunmuş seminarda, MM Mədəniyyət Komitəsinin mənəvi dəstəyi, Dünya Gənc Türk Yazarlar Birliyinin, Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı, “Okuklu Holdinq”, “UNİTY-Company”, “NƏFƏS” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB və “Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun dəstəyi ilə ölkəmizdə həyata keçirilən silsilə tədbirlərə qatılan Türk dünyasının tanınmış aydınları da iştirak edib.

Universitetin rektoru Elçin Babayev salamlama nitqi söyləyib, Mir Cəlal yaradıcılığının məziyyətlərindən söz açıb.

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva BDU pedaqoji və tələbə kollektivini, iştirakçıları salamlayaraq, görkəmli ictimai, ədəbiyyat və elm xadimi Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibəti ilə təşkil olunan seminarın onun uzun illər çalışdığı – ölkəmizin ən qocaman ali təhsil ocağında və Türk dünyasından təşrif buyurmuş tanınmış aydınların iştirakı ilə keçirilməsinin əlamətdar hadisə olduğunu bildirib.

Geniş məruzə ilə çıxış edən Komitə sədri, Mir Cəlalın zəngin həyat və fəaliyyəti haqqında danışıb, görkəmli yazıçı, ictimai və elm xadimi, qayğıkeş ata, xeyirxah insan, milli dəyərləri təbliğ və tərənnüm edən aydın kimi xarakterik özəlliklərini vurğulayıb. O, Mir Cəlal irsinin özünün bir dəyər olduğunu deyib. Komitə sədri, Mir Cəlal ömrünü gənc aydınlar, yazıçılar, alimlər üçün örnək ömür adlandırıb.

Q.Paşayeva Mir Cəlalın müəllifi olduğu fundamental elmi və unudulmaz bədii əsərləri haqqında bilgi verib.

Sözlərinə davam edən Komitə sədri daha sonra deyib:

“Bu il anadan olmasının 115 illiyini qeyd etdiyimiz Mir Cəlal Paşayev əsərləri dəbiyyatımızın “Qızıl fond”una daxil olan yazıçı-alimdir.

Mir Cəlal Əli oğlu Paşayev 26 aprel 1908-ci ildə Azərbaycanın Güneyində - Ərdəbilin Xal-xal kəndində doğulub. O, XX yüzil Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elmi tarixində şöhrət tapmış parlaq şəxsiyyətlərdəndir. Mir Cəlal qiymətli hekayə və romanlar müəllifi kimi tanınıb, əlli illik məhsuldar yaradıcılıq fəaliyyəti dövründə, görkəmli nasir və alim kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli yerini tutub.

Mir Cəlal Paşayev hələ kiçik yaşlarındaykən atası Gəncəyə köçdüyündən, onun uşaqlığı Gəncədə keçib. 10 yaşındaykən atası vəfat edib və o, böyük qardaşının himayəsində yaşayıb.

Mir Cəlal Paşayev çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyə bilib. O, 1918-1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb, sonra “Gəncə Darülmüəllim”inə daxil olub; öncə tələbə təşkilatının, sonra şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib.

Mir Cəlal sonra Kazan Şərq Pedaqoji İnstitutunun Ədəbiyyat şöbəsində oxuyub. Daha sonra Azərbaycan Elmlər Akademiyasının aspiran­turasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik edib.

Bir müddət mətbuatda çalışıb.

1928-ci ildə mətbuatda ilk şeirləri gün üzü görüb; lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazıb; dönəmin nüfuzlu nəşrlərində hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerk və novellalar kitabı gün üzü görüb.

Mir Cəlalın ilk irihəcmli əsəri – “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunub.

Ədib 1940-cı ildə “Füzulinin poetikası” mövzusunda namizədlik dis­sertasiyası, 1947-ci ildə isə “Azərbay­canda ədəbi məktəblər” möv­zu­sunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.

Onun böyük zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX yüzil Azərbaycan ədəbiyyatı”, “Azər­baycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiy­yat­şünaslığın əsasları” adlı fundamental əsərləri ədə­biy­yatşünaslıq elminin qiymətli qaynaqlarındandır.

Mir Cəlal öz yazı üslubu ilə həmkarlarından fərqlənərək Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib. Əminliklə deyə bilərik ki, yalnız “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi...

XX yüzil Azərbaycan ədəbiyyatşünaslığının bir sıra uğurları, o cüm­lədən ədəbiyyat tarixi və dərsliklərinin yaradılması Mir Cəlal Paşayevin adı ilə sıx bağlıdır. O, “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”nin (2-ci cild), “Azərbaycan ədəbiyyatı tarixi”nin (2-ci cild), “XX yüzil Azərbaycan ədəbiyyatı” və “Ədəbiyyatşünaslığın əsasları” kitablarının əsas müəlliflərindən, yaradıcı və təşkilatçılarından biridir.

Mir Cəlal zəngin irs qoyub getdi. Elə bir irs ki, öyrənməli, örnək götürməli, davam və inkişaf etdirməli cəhətləri çoxdur. Elə bir irs ki, onda dərin realizm gücünə malik sosial kəsərli bədii örnəklər, klassik və çağdaş mənəvi sərvətlərə, ədəbiyyat tarixi və nəzəriyyəsinə dair maraqlı araşdırmalar, fıkirlər mövcuddur. Və elə bir irs ki, onu həmişə həssas qəlbli, xeyirxah bir aydın kimi xatırlamağa əsas verir…

XX yüzilin əvvəllərində Azərbaycanda baş verən elə bir ictimai, mədəni hadisə yoxdur ki, Mir Cəlal onun ədəbi düşüncə tərzinə, yazıçı fikrinə təsirini – ədəbiyyat və mədəniyyət tariximizdəki rolunu diq­qətdən kənar qoymuş olsun. Onun XX yüzil Azərbaycan elminin, ədə­biyyatının, təhsilinin inkişafında danılmaz xidmətləri olub.

Mir Cəlal Paşayev 28 avqust 1978-ci ildə 70 yaşında Bakı şəhərində, vəfat edib. Ruhu şad olsun”!

Görkəmli ictimai, ədəbiyyat və elm xadiminin yubileyi münasibəti ilə təşkil olunmuş tədbirdə Qazaxıstan Prezidentinin müşaviri Malik Otorbayev, Qırğız Milli Yazıçılar Birliyinin başqanı, Əməkdar mədəniyyət xadimi Nurlan Kalıbekov, “TRT- Türkmənistan Masası”nın rəhbəri, tanınmış jurnalist, ictimai xadim Murat Toylu, İraq Türkmanlarının tanınmış nümayəndəsi, şair-publisist, araşdırmaçı-jurnalist, ictimai xadim, “Kərkük Mədəniyyət Mərkəzinin başqanı Şəmsəddin Kuzəçi, Çuvaşıstanın Əməkdar incəsənət xadimi, şair-publisist Marina Karyagina, Arxangelskdəki Azərbaycan Diaspor Təşkilatının sədri Tərlan Qasımov və b. çıxış edərək, Mir Cəlalın nəsillərə örnək ömründən danışıblar.

Sonda görkəmli ictimai, ədəbiyyat və elm xadiminin qızı Ədibə Paşayeva çıxış edərək, ürək sözlərini bölüşüb, təşkilatçılara, çıxışçılara öz təşəkkürülərini yetirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR