Onlayn ictimai-siyasi qəzet
Ermənistan iqtidarı və müxalifəti Minsk Qrupunun mövcud statusunun saxlanılması məsələsində birləşiblər - ekspertlərdən vacib açıqlamalar
Azərbaycan 2020-ci ilin payızından ATƏT-in Minsk Qrupunun “nekroloqunu imzalayıb”. Amma sırf imperialist maraqlarını güdən fövqəldövlətlər həqiqətlə barışmaq istəmirlər. Bu, tamamilə absurddur, çünki saxta qrup faktiki olaraq Bakı ilə İrəvan arasında birbaşa danışıqlardan kənarlaşdırılıb. Ermənistan Rusiyanın vasitəçiliyindən imtina edib, Azərbaycan isə Qərbin müdaxiləsini məhdudlaşdırır. Kənardan müdaxilə və boş vasitəçilik olmadan tərəflər həm sərhədlərin delimitasiyası, həm də sülh müqaviləsi layihəsinin hazırlanmasında irəliləyişlər əldə ediblər. Keyfiyyətcə yeni vəziyyət Minsk Qrupunun ləğvini tələb edir. Bununla belə, Qərb müəmmalı şəkildə susur. Bütövlükdə Minsk Qrupu formatı Qarabağ müharibəsindən sonra formalaşması baş verən yeni regional nizama supergüclərin müdaxiləsi üçün sonuncu rıçaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyasının üzvləri ilə görüşündə bu barədə danışıb. Azərbaycan dövlətinin başçısı açıq şəkildə bildirib ki, Ermənistan tərəfi Minsk Qrupunun buraxılması təklifi ilə ATƏT-ə birgə müraciət etməyə dəvət olunub: “Buna ehtiyac yoxdur, hazırda fəaliyyət göstərmir. Biz faktiki olaraq onun fəaliyyət göstərməsinə imkan verməyəcəyik. De-yure məsələsinə gəlincə, hüquqi baxımdan o, ləğv edilməlidir və bu, Ermənistanın nə qədər səmimi olduğunu göstərəcək. Əgər Ermənistan Minsk Qrupunu qoruyub saxlamaq istəsə, onda onların bizə qarşı ərazi iddiaları davam edəcək”, - deyə prezident bildirib.
İrəvan Prezident Əliyevin sözlərinə reaksiya verməyib. Bununla belə, hökumət dairələrinin nümayəndələri dolayısı ilə Minsk Qrupunun saxlanılmasının lehinə şərhlər verməyə başlayıblar. Hakim partiya hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra Minsk Qrupu buraxıla bilər. Spiker Alen Simonyanın sözlərinə görə, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalayanda Minsk Qrupu məsələsi gündəmdən çıxarılacaq.
Müxalif “Ermənistan” fraksiyasının deputatı Qeqam Manukyanın sözlərinə görə, Minsk Qrupu hazırda fəaliyyət göstərməsə də, “Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi üçün hüquqi statusa malik olan legitim formatdır”.
Beləliklə, erməni revanşist-müxalifət dairələrində Minsk Qrupunun “mumiyasının” qorunub saxlanmasının məhz Qarabağ məsələsinin beynəlxalq gündəmdə aktuallaşması üçün zəruri olduğunu etiraf edirlər.
Manukyan və onun tərəfdarları Ermənistanda hakimiyyət dəyişikliyinə, Qərblə Rusiya arasında münaqişənin həllinə ümid bəsləyirlər ki, bu da “Qarabağ məsələsinin” canlandırılması üçün ilkin şərtlər yaradacaq.
Beləliklə, mahiyyət etibarı ilə Ermənistan iqtidarı və müxalifəti Minsk Qrupunun mövcud statusunun saxlanılması məsələsində birləşib.
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, Minsk Qrupu ilə bağlı Qərb və Ermənistan konkret maraqlarından çıxış edirlər: “Qərb, ilk növbədə ABŞ və Fransa bu, vaxtı bitmiş qurumdan regionda təsir imkanlarına malik olmaq üçün istifadə etməyə çalışır. Onlar 30 il ərzində məsələnin ermənilərin xeyrinə həll olunmasına çalışdılar ki, regiona Ermənistan ”pəncərəsi"ndən girsinlər. İndi də həmin ümidlərlə qurumu saxlamaq istəyirlər. Bu gün onlar belə bir tezisə əsaslanmağa çalışırlar ki, məsələ hələ bitməyib, müharibədə qələbə hələ heç nə demək deyil. Məsələn, keçmiş amerikalı həmsədr Kavano bu günlərdə bildirib ki, məsələ hələ davam edir, ermənilər guya “əsrlərlə yaşadlqları” Qarabağa qayıtmadan məsələyə nöqtə qoymaq olmaz".
A.Nağı əlavə etdi ki, Ermənistan hakimiyyəti də Minsk Qrupu ilə bağlı ikiüzlü mövqe tutur, guya buraxılmasının tərəfdarıdır, amma bu, sülh müqaviləsindən sonra baş verə bilər: “Ermənistanın meydanlara yığışan marginal revanşıstləri də açıq şəkildə Minsk Qrupunun fəaliyyətinin bərpasını tələb edirlər. Bununla yuxarıda qeyd etdiyimiz tezisə söykənirlər ki, proses davam etməlidir. Bu şəraitdə Azərbaycan hər bir təşəbbüsün ayaq açıb yeriməsinə imkan verməməli, hücum taktikasını davam etdirməli, Ermənistanı kənar qüvvələrin təsirlərindən təcrid edərək vasitəçisiz danışıqları davam etdirməli, nəticəyə nail olmalıdlr”.
Qafar Çaxmaqlı
Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin profrssoru Qafar Çaxmaqlı isə “Yeni Müsavat”a dedi ki, 44 günlük savaşdan sonra Minsk Qrupunun edəcəyi bir şey qalmadı: “Həm də bu qrupun həmsədrləri arasında münasibətlər onun fəaliyyətini sıfıra endirdi. Onların bir araya gəlib hansısa fəaliyyət göstərməsi üçün şərait yoxdur. Ermənistan ona ümid edir ki, hansısa mərhələdə bu institutun yardımına ehtiyac ola bilər. Qarabağdan öz xoşları ilə çıxan əhalinin geri dönüş məsələsində bu qrupun müdaxiləsini arzulaya bilərlər. Amma Minsk Qrupu və onların həmsədrlərinin statusu yoxdur. Ermənistanda rəsmi dairələrdən belə bir fikir səsləndirilir ki, onun yaradılması Ermənistan və Azərbaycanın xahişi ilə olmayıb ki, indi onun ləğv edilməsi tələb olunsun... Məlumdur ki, Ermənistan qrupun ləğv edilməsini istəməyəcək. Amma Azərbaycan birtərəfli qaydada müraciət edə bilər. Bu qurumun ləğvi ilə bağlı əsaslar var. Ermənistanla Azərbaycan arasında sülh prosesinin aparılmasında bu işin reallaşmasına mane olan bütün əngəllər aradan qaldırılmalıdır. Artıq Azərbaycanın irəli sürdüyü Ermənistan konstitusiyasının dəyişdirilməsindən tutmuş sülhü qalıcı edəcək bütün maneələr ortada olmamalıdır. Əlbəttə, onlardan biri ATƏT-in Minsk Qrupudur. Ermənistan-Azərbaycan danışıqlarınının nəticələnməsini gözləmək və ondan sonra bu məsələyə baxılması kimi erməni fikri absurddur”.
Tural İsmayılov
Politoloq Tural İsmayılov isə bildirdi ki, ATƏT-in bu gün bir təşkilat olaraq fəaliyyəti kifayət qədər ciddi suallar doğurur: “Təbii, ATƏT-in bir sıra qurumları var ki, onlar artıq öz ömürlərini başa vurmalıdırlar. Xüsusən də yararsız olan ATƏT-in Minsk Qrupu və həmçinin qurumun Yüksək Səviyyəli Planlaşdırma Komitəsinin mövcudluğuna ehtiyac qalmayıb. Bu təsisatlar ciddi formada öz əhəmiyyətini itirib. Yəni bu təsisatların varlığı ATƏT-in maliyyə yükünü artırır. Ona görə də əslində Prezident İlham Əliyev bu xüsusda ATƏT rəhbəri ilə görüşdə bir çoxlarının da bəlkə söyləmək istədiyi fikirləri dedi”. T.İsmayılov hesab edir ki, ATƏT-in bu strukturlarının fəaliyyətsizliyi uzun müddət özünü göstərib: “Xüsusən də ATƏT-in Minsk Qrupu 30 il ərzində Azərbaycanla Ermənistan arasındakı münasibətlərə təsir etməyib. Azərbaycan ərazilərinin işğalda olması faktoruna real siyasi təsir göstərə bilməyib. Eyni zamanda ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Komitəsi də yaranarkən üzərinə bir sıra öhdəliklər götürmüşdü. Ancaq məsələ ondadır ki, bu təsisat üzərinə götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetirməyib. Nəticədə bu təsisatlar lazımsız bir struktur halına gəlib. Əlbəttə ki, bütün bunlar ATƏT-in büdcəsinin boşuna xərclənməsinə səbəb olur. Minsk Qrupu ömrünü başa vurubsa, nəyə görə yersiz yerə ATƏT-dən ora vəsait ayrılmalıdır? Bu, həm də Yüksək Səviyyəli Planlaşdırma Komitəsinə aiddir. Azərbaycan heç bir formada ATƏT-in Minsk qrupunun bərpasına şərait yarada bilməz. Çünki artıq ATƏT-in Minsk qrupunun labüdlüyü üçün heç bir məsələ yoxdur, Qarabağ müharibəsi bitib, Azərbaycan torpaqlarını işğaldan azad edə bilib və artıq ikinci mərhələ - Azərbaycanla Ermənistan arasındakı sülh, sərhədlərin delimitasiya və demarkasiyası prosesi gedir. Ermənistanda da yaxşı anlayırlar ki, Minsk Qrupu dirçəldilə bilməz, sadəcə manipulyasiya etməklə məşğuldurlar”.
E.PAŞASOY,
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ