İnsanlara hürriyət, millətlərə istiqlal!

Minsk Qrupunu Beynəlxalq Məhkəməyə versək... - 2 mütəxəssis rəyi

Sabir Rüstəmxanlının təklifinə fərqli reaksiya

Görünən budur ki, ABŞ israrla ATƏT-in üzdəniraq Minsk Qrupunu, daha dəqiqi, onun həmsədrliyini saxlamağa çalışır. Təbii, bu, Azərbaycana heç də xoş niyyətdən qaynaqlanmır. Çünki biz Minsk Qrupundan çəkdiyimizi çəkmişik.

30 ilə yaxın müddətdə ATƏT-in Minsk Qrupunun rotasiya qaydasında dəyişən həmsədrləri üçün Qarabağ məsələsi faktiki olaraq “iş yeri”nə çevrilib. Ermənistan üzərindən Azərbaycanın işğalda olan ərazilərinə saysız-hesabsız səfərlər edən “üç müşketyor” separatçılarla görüşüb, yeyib-içiblər, sonra da İrəvanda və Bakıda yenə də sayını itirdiyimiz qədər görüşlər keçiriblər, ancaq ortaya heç bir iş qoya bilməyiblər. Məhz bu səbəbdən də Azərbaycan Prezidenti Minsk Qrupunun həmsədlərinin pensiyaya çıxmalı olduğunu bəyan edib və bildirib ki, onların artıq görə biləcəyi iş qalmayıb.

Amma bölgədə mövcudluğunu qoruyub-saxlamağa çalışan çevrələr Minsk Qrupu adı altında yenə regionda peyda olmağa çalışır. Ermənistan da çox çalışdı bu üçlüyün Qarabağa yolunu açmaqdan ötrü. Amma rəsmi Bakının qətiyyətli mövqeyi səbəbindən buna nail ola bilmədilər. Bir neçə gün əvvəl Rusiya XİN başçısı Sergey Lavrovun da Minsk Qrupunun artıq “öldüyü” haqda açıqlama verməsi erməniləri qəzəbləndirdi. Eyni zamanda ABŞ-ın bu arada Minsk Qrupundakı həmsədrlərini dəyişməsi, ilk dəfə bu posta xanım diplomatı təyin etməsi təəccüb doğurdu. Əgər Azərbaycan dövləti həmsədrlərin vasitəçiliyinə ehtiyac duymursa, üstəlik, ABŞ, Fransa ilə Rusiya arasında soyuq savaş davam edirsə, bunlar nədən yenə də Qarabağ məsələsində bir masa ətrafında oturmağa cəhd göstərirlər?

Sabir Rüstəmxanlı Tarif Şurasını parlamentə dəvət etdi

Sabir Rüstəmxanlı

Milli Məclisin son iclasında VHP sədri, deputat Sabir Rüstəmxanlı ATƏT-in Minsk Qrupu ilə bağlı sərt çıxış etdi. Minsk Qrupunun 30 illik işğal dövründə öz fəaliyyətsizliyi ilə işğal prosesində iştirak etdiyini deyən deputat təklif etdi ki, milli birliyimizi qorumalı, həmçinin Minsk Qrupu həmsədrlərini Qarabağda törədilən cinayətlərdə iştirakçı olduqlarına görə beynəlxalq məhkəməyə verməliyik: “Azərbaycan torpaqlarına, bizim millətimizin mənəvi aləminə nə boyda bir ziyan vurulub. Fikirləşirəm ki, ATƏT-in Minsk Qrupu 30 il bura gəlib-gedib, bunlar nəyə baxıblar və nə görüblər. Ona görə də mən təklif edirəm və bunu ictimaiyyətə də yayacağam. Hesab edirəm ki, ATƏT-in Minsk Qrupu Azərbaycana qarşı törədilmiş bu vəhşiliyin təkcə müşahidəçisi yox, həm də iştirakçısıdır. Torpaqlarımızın 20 faizi onların gözü qarşısında işğal edilib, yüzlərlə kəndimiz, şəhərimiz onların gözü qarşısında dağıdılıb və talan edilib. Onlar bizim tarixi abidələrimizin necə dağıdıldığını və təhqir edildiyini, təbiətimizin necə məhv edildiyinin şahidi olublar. Ermənilərin nə qədər insanlığa yaraşmayan vəhşilikləri varsa, bu, həmsədrlərin yekəxana susqunluqları və biganəlikləri şəraitində baş verib. Həmsədrlər dəfələrlə təmas xəttində olublar, bizim doğma torpaqlarımıza getmək imkanımız olmayan yerləri gəziblər, görüblər. Bütün erməni alçaqlıqlarını görərək susmaq, üstəgəl, özlərini barışdırıcı kimi aparmaq, Azərbaycanı güzəştə səsləmək özü də erməni vəhşiliklərinə şərik olmaqdır! Bu, ağır yükün və cinayətin altından heç bir beynəlxalq missiya çıxa bilməz. Bu işin yumşaq adı saxtakarlıq və biganəlikdir. Lakin cinayətə biganə münasibət, cinayəti görüb, susmağın özü də hüquq aləmində cəzasız qala bilməz! Ona görə də biz bütün qarabağlılar və Azərbaycan xalqı adından Minsk Qrupu həmsədrlərini beynəlxalq məhkəməyə verməliyik. Onlar bizim xalqın 30 il çəkdiyi cəzanı, zülmü görüblər və üstəlik, bizi günahkar çıxartmağa çalışırlar. Onlar bilməlidirlər ki, təzədən bu münasibətlərin həlli ilə bağlı hər hansı proseslərə qatılmaya heç bir hüquqi və mənəvi haqları yoxdur!”

Bəs belə bir addım atılsa, hansı nəticəsi olar? Bəlkə elə ən yaxşısı Minsk Qrupuna fikir verməyək?

Erkin Qədirli: “İblis”dən başlamadım” – Azlogos

 Erkin Qədirli: “Minsk Qrupu beynəlxalq hüququn subyekti olmadığı üçün məhkəmədə tərəf ola  bilməz”

Deputat, beynəlxalq hüquq üzrə ekspert Erkin Qədirli həmkarından fərqli düşünür. Hesab edir ki, Minsk Qrupunu beynəlxalq məhkəməyə verə bilməyəcəyik: “Çünki Minsk Qrupunun beynəlxalq hüquq subyektliliyi yoxdur. Ümumiyyətlə, hansısa icbari hüquqi qüvvəyə malik ola biləcək qərar vermək səlahiyyətə də malik deyil, heç bir resursu da yoxdur. Bu, sırf danışıq formatıdır, onsuz da yekun qərarı Minsk Qrupu qeyri-rəsmi verəsi deyildi. Doğrudur, Təhlükəsizlik Şurasının qərarı ilə yaradılıb, amma qərarı Təhlükəsizlik Şurası verəcəkdi. Odur ki, bu qrup tamam öz aktuallığını itirdi”.

E.Qədirlinin sözlərinə görə, Minsk Qrupu beynəlxalq hüququn subyekti olmadığı üçün məhkəmədə tərəf ola  bilməz, onu məhkəməyə verə bilmərik: “Həmçinin Minsk Qrupunun etdiyi bir şey də yoxdur. Minsk Qrupu hansı cinayəti törədib ki? Ümumiyyətlə, cinayət hüququnun subyekti deyil. Ona görə də bu, boş söhbətdir”.

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev öncə vasitəçilik institutu barədə fikirlərini bölüşdü: “Minsk Qrupu da həmin bu vasitəçilik institutlarının birisidir. Minsk Qrupu ATƏT-in bir qurumudur, beynəlxalq mandatla fəaliyyət göstərir, amma bütün bunlara baxmayaraq, bir vasitəçilik orqanıdır. Beynəlxalq hüquqda mübahisələrin alternativ həlli yolları var, onlardan biri də vasitəçilikdir. Minsk Qrupu da bunlardan biridir. Vasitəçilərin vasitəçilikdə müxtəlif xüsusiyyəltəri və tələbləri var. Məsələn, birincisi, vasitəçilərin tərəfsiz olmalarıdır. Ona görə də həmişə Minsk Qrupu niyə Azərbaycanın tərəfini tutmur, axı biz haqlıyıq, soruşanda mən demişəm ki, vasitəçi tərəfsiz qalmalıdır, onda vastəçiliyini həyata keçirə bilər. Ona görə də mən hardasa vasitəçilərin belə yanaşmalarını müəyyən qədər qəbul eləmişəm. Amma vasitəçiliyin digər xüsusiyyəti də odur ki, vasitəçi ancaq tərəf ona güvəndiyi, onu vasitəçi kimi qəbul etdiyi halda prosesə qarışa və mübahisəni həll etməyə çalışa bilər. Keçən ildən biz bunu dəfələrlə eşitmişik, həm də ən yüksək səviyyədə. Azərbaycan Prezidenti tərəfindən də deyilib ki, artıq bu mübahisənin həlli ilə bağlı Minsk Qrupuna heç bir ehtiyac qalmayıb, biz onlardan heç nə gözləmirik, heç nə istəmirik”.

Bir an belə gec olmadan Türkiyə sülhməramlıları Qarabağa  gəlməlidir”-Politoloq

Fərhad Mehdiyev: “Artıq Minsk Qrupu de-fakto mandatını itirib”

F.Mehdiyev bildirdi ki, yəni Azərbaycan faktiki olaraq dəfələrlə Minsk Qrupundan imtina edib: “Ən yüksək səviyyədə, Prezident də bunun izahatını verib. Dolayısı ilə Minsk Qrupunun fəaliyyəti artıq bitmiş sayılır. Bundan sonra nə vaxt hər iki tərəf, həm Azərbaycan, həm Ermənistan eyni anda Minsk Qrupunun vasitəçiliyi ilə mübahisəni həll etmək istəsə, onda Minsk Qrupu təkrar fəaliyyətə başlaya bilər. Hal-hazırda isə Minsk Qrupundan imtina edilib və Minsk Qrupunun mandatı de-fakto sona çatıb. İndi rəsmi olaraq özlərini buraxarlar, ya yox, bu, ayrı məsələdir. Amma Azərbaycan tərəfi dəfələrlə bildirib Minsk Qrupu 30 il ərzində heç bir iş görmədi, bundan sonra nə isə etmək qabiliyyətində deyillər, biz özümüz diplomatik və hərbi yollarla öz problemimizi həll edə bilirik, tərəfdaşlarımızın, yaxud regiondakı digər dövlətlərin vasitəçiliyi ilə. Amma Minsk Qrupundan gözlənilənlər əldə olunmayıb”.

Ekspert bildirdi ki, hal-hazırda Azərbaycan əsasən, iki dövlətin, Türkiyə və Rusiyanın dolayı vasitəçiliyi ilə, eyni zamanda Avropa İttifaqının iştirakı ilə Qarabağ nizamlaması ilə məşğuldur: “Biz artıq ”Dağlıq Qarabağ problemi" ifadəsindən istifadə etmirik, çünki Dağlıq Qarabağ problemi qalmayıb. Varsa da, bu gün Qarabağda yaşayan etnik ermənilərlə bağlı problem var. Azərbaycan isə 7 rayonun hamısını işğaldan azad edib. SSRİ-nin tərkibində olduğumuz zaman Dağlıq Qarabağa aid olan müəyyən əraziləri də işğaldan azad edib, o ərazilər Azərbaycanın inzibati tabeçiliyinə qayıdıb. Digər, erməni azlıqların yaşadığı rayonlar da Azərbaycanın suveren hakimiyyəti və yurisdiksiyasının daxilindədir. Qeyd etdiyim kimi, əsas məsələ orda yaşayan ermənilərin təminatları ilə bağlıdır, o məsələ barədə görüşülüb, danışılmalıdır. Minsk Qrupunun da bu işdə heç bir təsiri olmayacaq. Artıq Minsk Qrupu de-fakto mandatını itirib".

Bütün bunlarla yanaşı, F.Mehtiyev də hesab edir ki, Minsk Qrupunu məhkəməyə verə bilmərik. 

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR