Onlayn ictimai-siyasi qəzet
Şəmkirin keçmiş icra başçısı Alimpaşa müəllimin məhkəməsi bitdi, ona prokurorun istədiyi 13 ildən az - 11 il 6 ay cəza verdilər. Alimpaşa müəllim 5 maddə ilə suçlanırdı, içində mənimsəmə, vəzifə səlahiyyətlərini aşma, təkrar və külli miqdarda rüşvət alma kimi pis əməllər vardı. Bir maddə isə xüsusilə maraqlıydı. İcra başçısı “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaq” maddəsi ilə (CM 193) suçlanırdı. Açığı, mən ilk dəfə belə şey görürdüm, ola bilsin əvvəllər də rast gəlinmişdir, lakin bütün hallarda maraqlı faktdır. Artıq bəziləri çirkli pullarını leqallaşdırmaqda çətinlik çəkəcəkdir. Azərbaycanda da. Alqışlayırıq. “Bir daha” deyirik.
Lakin məhkəmə-hüquq sistemimizin avtobioqrafiyasını göz önünə və xəyalımıza gətirsək, burada çox böyük ümidlər yaranmır. Elə Alimpaşa müəllim cinayət yolu ilə əldə etdiyi vəsaitləri necə leqallaşdırmışdı? Məsələn, “Azfarel” MMC balıqyetişdirmə və emal müəssisəsi, “Abad Şəmkir” MMC kimi obyektlər açmışdı. Gəncə Ağır Cinayətlər Məhkəməsi ilk vaxtlar bunların birincisini 8 milyon 270 min manat, ikincisini isə 1 milyon 335 min manat dəyərləndirmiş, üzərinə həbs qoymuşdu. Təbii ki, aylıq maaşı 1000-1500 manat olan icra başçısı 10 milyon manatlıq obyektlər aça bilməzdi, qərar haqlı idi. Bəs axırda nə oldu? Heç zad: məhkəmənin son qərarında həmin 10 milyonluq balıq və abadlıq üzərindən həbs qərarı götürüldü. Dövlət nəfinə müsadirə edilən yalnız Alimpaşa müəllimin Bakıdakı 676 min manatlıq 2 mənzili oldu. Vəssalam, şüttəmam.
İnşallah, bir-iki ilə başçı özü də əfvə, üçdə birə-zada düşər, azadlığına qovuşar. Belə sağmal kadrları çox incitmək olmaz. Ətliyin ətlik yeri var, südlüyün südlük. Guya elə bilirsiniz 10 milyonluq əmlak Alimpaşa müəllimin özünə qaytarıldı? Ay-hay. Onu satdırıb yeyəcəklər böyük ehtimalla. Dövlət müsadirəsindən kimə nə qalacaqdı? Qırılan qoşundandır.
Əslində bu məsəlin çox da yeri yox idi, növbəti fəsilə keçid üçün mənə “qırılan” sözü lazım idi. Bakıda lift qırılıb, yenə bir dəstə arvad-uşaq kəlləmayallaq olubdur. Ayağı qırılan, qolu sınan... Neçənci dəfədir Bakıda lift qırılır? Sayını itirmişik. Bəs paytaxt ispalkomunun lift idarəsi nə işə baxır? Liftləri vaxtaşırı yoxlamalı olan fövqəladə qurumlar haradadır? Yəqin Alimpaşa müəllimin balıqlarını qurudurlar... Ancaq zarafat bir yana, 2018-ci ildə Bakı lift idarəsinin bir lotu müdiri vardı, yadınıza gəlirsə onu xalqımız qızına 400 min manatlıq toy eləməyinə görə itdən alıb itə vermişdi. Eh... Əcəb günlərmiş. Ucuzluq imiş. Orhan Vəlinin dili ilə desək, bədava yaşayırmışıq... İndi 400 minlik toyu JEK müdirləri eləyir.
Mənə maraqlı gəldi ki, görəsən liftlərin ipinin qırılmağına indi kim baxır, yüngülvari axtardım, məlum oldu bu lift idarəsinin indiki müdiri Hacıbala əkə şəhərin şefi olan vaxtlarda onun hüquq şöbəsinin müdiri işləyibmiş. Deməli güclü hüquqşünas olmuşdur. Yola davam. Sadəcə, millət çoxqatlı, liftli binalardan ev alanda belə şeyləri nəzərə alsın. Bu iş potensial intihar proseduruna çevrilib. Kimsə damda, balkonda qalanda düşürməklə iş aşmır, lazımdır liftlərə nəzarət olunsun. Liftə paraşütlə girin.
Əlbəttə, camaatın da günahı çoxdur. 4 nəfərlik liftə 7 nəfər minibmiş. Liftin qapısına “qəzalı” yazırlar, yeni açıb girirlər. Ax-ax... (Qəribədir, birinci “ax”ı yazanda axırına öz-özünə, təsadüfən “c” hərfi də düşdü. Klaviaturada x və c hərfləri yanaşıdır axı. Ancaq mənə elə gəlir kompüter - bu süni intellekt qırığı ölkəmizdə bütün problemlərin günahının AXC-də olduğunu yaxşı anlayır).
Demokratiya çətin prosesdir, lakin biz xalqa ilk olaraq liftə minməyi öyrətməliyik. Hələlik yalnız düşməyi bilirlər.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ