İnsanlara hürriyət, millətlərə istiqlal!

Mina terroru dayanmır: iki gündə 1 şəhid, 4 yaralı - nə etməli?

Hərbi ekspert: “Peşəkar mütəxəssis belə minanın qurbanı ola bilər”

Aprelin 6-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Cəbrayıl rayonunda minaya düşüb. 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub. Onun sağ ayağı topuq nahiyəsindən amputasiya olunub.

Eyni gündə Ağdamın Qalayçılar kəndi ərazisində baş vermiş mina hadisəsi nəticəsində 3 nəfər yaralanıb. Onlardan biri 1983-cü il təvəllüdlü Səbuhi Elman oğlu Məmmədova sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib.

Aprelin 7-də səhər saatlarında isə daha bir acı xəbər yayıldı. Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub. Minaya düşən hərbçimizə şəhid statusunun verilməsi gözlənilir.

Öz xidməti vəzifəsini yerinə yetirərkən minaya düşən hərbçinin, eyni zamanda mülki vətəndaşın minaya düşməsi haradasa anlaşılandır, bəs müvafiq hazırlığa malik ANAMA əməkdaşının eyni faciə ilə üzləşməsi nə ilə bağlıdır? Ümumiyyətlə, statistika nə deyir, Qarabağda minaya düşmə halları getdikcə azalır, yoxsa... Nəhayət, erməni tərəfindən mina xəritələrini niyə ala bilmirik, ümumiyyətlə, onlar varmı?

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

Rövşən Məhərrəmov

Azərbaycan Müdafiə Nazirliyinin hərbi polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov peşəkar mütəxəssislərin belə mina terrorunun qurbanı ola biləcəyini vurğuladı: “Təəssüf edirəm ki, son günlərdə minaya düşmə halları yenidən artıb. Son olaraq, şəhid də verdik. ANAMA əməkdaşının hadisəsindən başlayaq. O, peşəkar hazırlıq keçmiş mütəxəssisdir, yəni istehkamçıdır, bu sahənin peşəkarıdır. Amma unutmayaq ki, ən peşəkar mütəxəssis belə minaya düşə bilər. Çünki ermənilər vaxtilə çoxlu sayda sürpriz minalar yerləşdiriblər. Bir minanın altında başqa bir mina ola bilər, məsələn, bir qədər dərinlikdə. ANAMA əməkdaşı cihazla mina aşkarlayanda, ikinci minanı aşkar etməyə və nəticədə mina partlaya bilər, mina təmizləyən şəxs və ya digər bir şəxs xəsarət ala bilər.

Mina məsələsi elədir ki, bu, çox təhlükəli bir silahdır. Ərazilərimiz minalarla çirklənib. Birinci Qarabağ döyüşlərində bizim ordu geri çəkilən zaman həmin əraziləri minalamışdıq. Bilirsinizmi, o vaxt nə mina yerləşdirmə formulu tərtib olunmuşdu, nə də xəritələr çəkilmişdi. 44 günlük savaşda biz torpaqlarımızı azad edərkən düşmənlər də formulu tərtib etmədən minalar basdırırdılar. Ermənilər tərəfindən təqdim olunan xəritələr doğru deyil. Ola bilsin ki, onlarda bu xəritələr var. Sadəcə, bilərəkdən verməyiblər.

Mülki insanlara gəlincə, mən bu yaxınlarda Qarabağda idim. Bütün təhlükəsizlik qaydaları qorunur. Aidiyyəti qurumlar - ANAMA-dır, Müdafiə Nazirliyinin mühəndis xidməti və digər qurumlardır. Yazıblar ki, giriş qadağandır, təhlükəlidir. İnsanlar bunu başa düşməli və bu təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Ora daxil olmaq qəti qadağandır. Çünki nə qədər təmizləsələr də, yenə də ehtimal var ki, torpağın altında mina qalsın. Necə yayına bilər? Məsələn, mərmi partlamaya bilər, yerə toxunduqda torpağa dərin girər və partlamaz. Belə halları biz 44 günlük müharibədə gördük. Partlamamış vəziyyətdə olan mərmini çay suyu və ya yağış suyu örtür, üstü görünməz hala gəlir və həmin mərmi partlamamış qalır. Dərinlikdə olduğuna görə onu müəyyən etmək bir qədər çətin olur. ANAMA və bizim peşəkar mütəxəssislər bu iş üzərində diqqətlə çalışırlar. Yəni sözümün canı odur ki, ANAMA əməkdaşlarının minaya düşməsi təsadüfi hal ola bilər. Amma təhlükəsizlik qaydalarına hətta peşəkarlar da əməl etməlidirlər. Yəqin ki, hansısa sürpriz tələ qurulub və həmin sürpriz nəticəsində partlayış baş verib".

Hərbi ekspert onu da xüsusi vurğuladı ki, mülki şəxslərlə bağlı müvafiq icra hakimiyyəti orqanları tərəfindən dərslər həyata keçirilməlidir: “Ərazidə yaşayanlarla, ora gedən turistlərlə təlimlər keçilməlidir. Əhali ilə maarifləndirmə işi aparılmalı və diqqətə çatdırılmalıdır ki, ərazi işarələrlə göstərilir, işarələr qoyulub. Bunu Qarabağda gördüm. Amma buna baxmayaraq, bəziləri öz qohumlarını ziyarət etməyə gedirlər. Belə hallara yol verməmək üçün insanlarımızı maarifləndirmə işini müvafiq qurumlar daha da gücləndirməlidir.

Nəzərinizə çatdırım ki, 2-ci Dünya müharibəsindən sonra bu günə qədər də Ukraynada, Rusiyanın ərazilərində minalar aşkarlanır, minalar partlayır və minalara düşənlər, xəsarət alanlar var. Yəni bu uzun bir prosesdir. Bilirsiniz ki, təkcə Ağdam ərazisində 100.000-dən artıq mina basdırılıb. Bu minaları təmizləmək elə də asan bir məsələ deyil. Bu minalar sektorlara bölünərək, sektor-sektor təmizlənərək gedir.

Görün II Dünya müharibəsi nə vaxt olub, amma bu gün də köhnə minalarla rastlaşmalar var. Partizanların qaldığı ərazilərdə çoxlu sayda minalar aşkarlanır. Bu gün də ermənilərdən tələb etməliyik ki, düzgün məlumatlar versinlər, düzgün formulalar təqdim etsinlər. Burada o peşəkar ANAMA işçisini günahlandırmaq olmaz. Yəni o, öz vəzifəsini yerinə yetirən zaman belə hallar baş verib. Gələcəkdə də belə hadisələr ola bilər. Amma mülki şəxslərin minaya düşməsi onların məsuliyyətsizliyi ucbatından baş verir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR