İnsanlara hürriyət, millətlərə istiqlal!

Millimizin baş məşqçisi postuna yeni iddiaçı - AFFA susur...

Türkiyəli tanınmış mütəxəssis Əmrə Bələzoğlu Azərbaycan futbol millisinin baş məşqçisi ola bilər. Bu barədə Türkiyə Telegram kanalları məlumat yayıb.

Bildirilib ki, AFFA 44 yaşlı məşqçi ilə danışıqlar aparır. Razılıq əldə olunarsa, o, yığmanın yeni baş məşqçisi olacaq.

Qeyd edək ki, Əmrə Bələzoğlunun son iş yeri başa çatan mövsümü 17-ci yeri tutaraq Superliqa ilə vidalaşan “Ankaragücü” komandası olub.

Aqil Abbas - 70

Aqil Abbas: “Rəşad Sadıqovu istərəm, amma...”

Futbolla yaxından maraqlanan, deputat Aqil Abbas milliyə azərbaycanlının baş məşqçi təyin edilməsini daha doğru sayır: “Yerli məşqçi millinin başına gətirilməlidir. Türkiyə bizə çox yaxın qardaş ölkədir. Amma istənilən halda mentalitetimizdə fərqlər var. Əmrə Bələzoğlunu futbolçu kimi çox izləmişəm. Yaxşı futbolçu idi. Amma məndən olsa, azərbaycanlını baş məşqçi qoyardım”.

Deputat namizədlərini də açıqladı: “Tərlan Əhmədovu çox istərdim. Rəşad Sadıqovu istərəm, amma o, bilirsiniz ki, "Zirə"nin baş məşqçisidir. Bu klubu güc-bəla ilə ərsəyə gətirib, güclü komanda qurub, Avropa oyunlarına qatılıblar. Bu arada deyim ki, “Qarabağ”la keçirilən kubokun final oyununda möhtəşəm oynadılar. Sanki “Mançester City” ilə “Mançester Yunayted” oynayırdı. Söhbət orada uduzmaqdan getmir. Futbol qalib gəldi. Azarkeşlər möhtəşəm idi. İndi Türkiyədə birinci liqadan aşağı düşmək təkcə Əmrəlik deyil. Amma istənilən halda istərdim ki, Tərlan Əhmədov, Samir Abbasov, Ayxan Abbasov və digərləri olsun. Təbii ki, mənim sözümlə oturub-duran yoxdur. Təəssüflər olsun ki, Əmrə gətirilməsə belə, yenə də Avropadan Foqts kimi birini gətirəcəklər". 

Natiq Muxtarlı yazır: Avropanın səssiz işğalı - Onlar gəliblər

Natiq Muxtarlı: “Azərbaycan yığmasının baş məşqçi postu kimlər üçünsə ”yağlı tikə"dir"

Tanınmış idman yazarı Natiq Muxtarlı deyir ki, Azərbaycan millisinin baş məşqçisi məsələsində manipulyasiya olundu: “Belə görünür ki, Azərbaycan yığmasının baş məşqçi postu kimlər üçünsə "yağlı tikə"dir. Və bu “yağlı tikə”ni udmaq istəyən xeyli şəxs var. Artıq neçənci türk məşqçidir ki, Azərbaycan yığmasının baş məşqçi postuna namizəd göstərilir. Türkiyədə hansı məşqçi işini itirirsə, uğursuzluğa düçar olursa, dərhal Azərbaycan yığmasına “namizəd” olur. Deməli, kimlərsə bu məsələ ətrafında manipulyasiya edirlər. Bunun bir günahkarı da AFFA rəhbərliyidir. AFFA rəhbərliyi heç bir perspektivi olmayan yığmanın baş məşqçisinin təyinatını acı bağırsaq kimi uzadır. Maraqlıdır, bunda onların məqsədi nədir? Görünür, AFFA-da da elə şəxslər var ki, bu manipulyasiyaya dəstək verirlər. 

Azərbaycan yığmasının heç bir perspektivi yoxdur. Bu yığma yerli məşqçiyə tapşırılmalı və məsələ bağlanmalıdır. AFFA tezliklə ölkədə futbolun inkişafı ilə bağlı nəhəng layihəyə başlamalıdır. Millinin baş məşqçisi məsələsi bu işin ən son mərhələsidir. Əvvəlcə infrastruktur qurmalı, uşaq futbolunun inkişafı təmin edilməli, futbolçu yetişdirilməli, sonra isə yığmaya baş məşqçi axtarılmalıdır. Ancaq iş görmək istəməyən AFFA rəhbərliyi millinin baş məşqçisi məsələsi ətrafında oyun oynayır. Bu oyunların sonu isə uğursuzluq, biabırçılıqdır".

Kənan Məstəliyev: “Bu onu göstərir ki, ermənilər hələ də sülh istəmirlər” -  VİDEO - Oxu.az

Kənan Məstəliyev: “Türkiyədən məşqçi gətirməyin tərəfdarı deyiləm, çünki...”

İdman mütəxəssisi Kənan Məstəliyev türkiyəli məşqçiləri ölkələrindən kənarda uğursuz sayır: “Növbəti namizədin adıdır. Ola da bilər, olmaya da. Türkiyədən məşqçi gətirməyin tərəfdarı deyiləm, çünki onlar öz ölkələrindən kənarda uğur qazana bilmirlər, tarix bunu dəfələrlə sübut edib. Əmrə istedadlı futbolçu olub, məşqçiliyə də pis başlamamışdı. Ancaq bu mövsümkü işi göstərdi ki, onun hələ böyüməsi üçün vaxt lazımdır. Azərbaycan millisini də bunun üçün təcrübə dovşanı etmək olmaz. Bələzoğludan da yaxşı məşqçilər var ki, yığmamızı uğura daşıya bilər. Hesab edirəm ki, AFFA başqa namizədlər ətrafında müzakirə aparmalıdır”.

Sonda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) bu iddialarla bağlı mövqeyini almağa çalışsaq da, mümkün olmadı. Telefonumuza cavab verən tapılmadı.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR