İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdən Fransaya kəskin etirazlar - “Dünya bu dövlətin iç üzünü görməlidir...”

Naxçıvandakı həbslər deputatlar arasında fikir ayrılığı yaratdı; Siyavuş Novruzov həmkarına sərt reaksiya verdi

Dekabrın 2-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Sahibə Qafarova bildirdi ki, Fransa Senatından sonra bu ölkənin Milli Assambleyasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi yolverilməzdir. Parlament sədri qətnamənin riyakarlıq olduğunu söylədi:

“Bu qətnaməni qəti şəkildə rədd edirik və riyakarlıq olaraq qəbul edirik. 30 il ərzində Azərbaycan və Ermənistan arasında münaqişədə nəticənin əldə edilməməsinin səbəbi vasitəçi dövlətin bitərəf olmasıdır. Bu qətnamədə Ermənistanın Azərbaycana qarşı 30 illik cinayəti, eyni zamanda, müharibə dövründə 9 şəhərimizi bombalaması qeyd olunmayıb”.

S.Qafarova qeyd etdi ki, qətnamədə Azərbaycana qarşı ucuz siyasi sifariş açıq görünür: “Hər kəsə aydındır ki, Fransanın qara tarixi işğallarla doludur və bu silinməzdir. Bu gün Azərbaycan beynəlxalq şəkildə əlaqələrini gücləndirir, işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri görür”. Spiker bildirdi ki, bu, Fransanın səhvi deyil, çünki səhv bilməyərəkdən olur, bu, düşünülmüş siyasətdir.

Digər deputatlar da Fransa Milli Assambleyasının qətnaməsinə etirazlarını bildirdilər.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirdi ki, Assambleya Senatın qətnaməsini kopyaladı. Z.Əsgərov Fransanın xarici işlər nazirinin mövqeyini xatırlatdı: “Nazir qeyd edib ki, qətnamə Fransa hakimiyyətinin mövqeyini əks etdirmir. Bu qədər ikiüzlülük, bu qədər yalan olar?! Bu qətnamədə yenə ”Dağlıq Qarabağ" yazırlar. Orada Ermənistan abidələrinin qorunmasından danışırlar. Hansı erməni abidələrindən danışılır? Hamısı Azərbaycan abidəsi olub. Həmçinin qeyd edirlər ki, orada yaşayan ermənilərin təhlükəsizlik məsələsi vacibdir. Bəs Fransa 30 il ərzində bizim 1 milyondan çox qaçqınımız üçün niyə səsini çıxarmırdı. Görünür, Fransa yenə erməni lobbisinin qurbanı olub. Tarixə nəzər salsaq, görərik ki, bu günə qədər Fransa 5 respublika yaradıb, amma içini qura bilməyib. Afrikanın 14 ölkəsi Fransaya vergi verir, səbəb olaraq Fransa bildirir ki, mən sizə müstəqillik vermişəm. Artıq dünya ölkələri Fransanın üzünü görməlidir. Fransa niyə qoymur ki, Azərbaycan və Ermənistan arasında sülh yaradılsın, niyyəti nədir? Bilin və agah olun, Fransa prezidenti, parlamenti həddinizi aşmayın, Qarabağ Azərbaycandır!".

Parlamentin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov da Fransanın ermənipərəst mövqeyinə etirazını ifadə etdi. Bildirdi ki, Fransa Milli Assambleyasının noyabrın 30-da Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə ilk növbədə beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətsizlikdir. Qeyd etdi ki, obyektivlikdən uzaq, tamamilə absurd mülahizələr əsasında hazırlanmış sənədin qəbul edilməsi ikitərəfli münasibətlərimizə Fransa tərəfindən vurulmuş növbəti zərbədir. “Cənubi Qafqazdakı reallıqları tamamilə təhrif edən, Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərinə kölgə salan bu sənəd Fransanın uzun müddətdir ki, davam edən qərəzli siyasətinin daha bir təzahürüdür. Layihənin ümumi məzmunu Azərbaycan ictimaiyyətinin Fransaya onsuz da kövrək etimadını zəiflədir. Təəssüf doğurur ki, Ermənistana ciddi təsir imkanlarına malik bir ölkə 30 il ərzində Azərbaycan torpaqlarının işğalı faktına laqeyd münasibət nümayiş etdirib. Müharibədən sonra 270-dək Azərbaycan vətəndaşının həlak olmasına və ya yaralanmasına səbəb olan mina təhlükəsi barədə bir dəfə də olsun narahatlıq ifadə etməyib”,- deputat əlavə etdi.

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev dedi ki, Fransa Senatının ardınca Milli Assambleyanın da Azərbaycan əleyhinə sənəd qəbul etməsi bu ölkənin gerçək simasını göstərir: “Fransa 30 il Azərbaycan torpaqlarının işğalına, şəhər, qəsəbə və kəndlərin dağılmasına seyrçi qaldı, Xocalı qətliamını görməzdən gəldi, indi isə tutub ki, guya Azərbaycan Ermənistanın ərazisini ”işğal edib". Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi səs verdiyi Azərbaycan torpaqlarının azad olunmasıyla bağlı 4 qətnamənin yerinə yetirilməsini istəmədi, elə ki, Azərbaycan özü qətnamələrin icrasını həyata keçirdi, torpaqları geri qaytardı, Paris əl-ayağa düşdü, ölkəmiz əleyhinə açıq-aşkar təxribatçı siyasət yürütməyə başladı".

Elnur Allahverdiyev Fransanın tarixən törətdiyi soyqırımlarla bağlı sənəd qəbulunu zəruri saydı, fikirlərini konkret faktlarla əsaslandırdı.

Fəzail Ağamalı dedi ki, Fransa Azərbaycanın dostu deyil, düşmənidir: “Qətnamə qəbul olunandan sonra bir nəfərdən başqa riyakar, böhtan dolu qətnaməyə səs verdilər”.

F.Ağamalı dedi ki, ortada dostluq olmadığı halda, Azərbaycan-Fransa dostluq qrupu xüsusi bəyanatla çıxış edib, öz fəaliyyətini dayandırmalıdır. Deputat əlavə etdi ki, eynilə Rusiya və İran da Azərbaycana qarşı məkrli siyasətini davam etdirir. “Sülhməramlılar elə bir cəsarət sahibi deyillər ki, Azərbaycana qarşı belə mövqedən çıxış etsinlər” deyən deputat bildirdi ki, əslində onlar sülhməramlı deyil, onlar erməniyanlı, ermənipərəst qüvvələrdir. “Biz heç bir tərəddüdə yol vermədən Laçın dəhlizində öz postlarımızı yaratmalı, gəlib-gedənləri yoxlamalıyıq. Elə dünən məlum oldu ki, İrandan 14 nəfər naməlum şəxs Laçın dəhlizindən Azərbaycan ərazilərinə daxil olub”. F.Ağamalı dedi ki,  İranın Azərbaycana qarşı düşmənçiliyi davam edəcək. “Səhər” televiziyası ilə Azərbaycana qarşı təhqirlər yağdırılır: “Təklif edirəm ki, Azərbaycanda müstəqil televiziya və radio açılsın, biz də onlara tutarlı cavab verək”.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə kəskin reaksiya verdi. Deputat bildirdi ki, Rusiya XİN rəhbəri çıxışlarında mütəmadi şəkildə erməni yanğısını nümayiş etdirir: “Bu adam gah deyir ki, onlar vaxtında ermənilərə təklif verdilər, dəyərləndirilmədi, gah mərhələli, gah da Madrid prinsiplərindən danışır. Ermənistan rəhbərliyi son vaxtlar statusdan çox Qarabağdakı ermənilərin hüquqları barədə danışır. Xarici işlər naziri belə çıxış edər? Soçi görüşündə də bu mövzunu salmaq istəyirdiniz. Amma Azərbaycanın qətiyyətli çıxışı nəticəsındə bu mövzu ləğv olundu. Suyunuz süzülə-süzələ qayıtdınız”. S.Novruzov delimitasiya və demarkasiya prosesinin tormozlanmasından da bəhs etdi: “Rusiya deyir ki, xəritələr tək bizdədir. O zaman niyə dayanırsız? Verin xəritələri, çıxarın qoyun ortaya, nəyi gizlətmək istəyirsiz? Bu gün Rusiyanın Müdafiə, Xarici işlər nazirlikləri, mediası tərəfindən Azərbaycana qarşı qərəzli çıxışlar edilir. Biz indidən Rusiyanın hər addımına cavab verməliyik, sonradan deməyək ki, bu ölkə niyə belə elədi. Hər addımına qarşı adekvat cavab verməliyik”.

Gündəliyin müzakirəsi zamanı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirə olunaraq qəbul edildi. Layihəyə əsasən, Milli Məclisdə 12 yeni parlamentlərarası işçi qrupu yaradılır. Belə ki, Aydın Hüseynovun Azərbaycan-Banqladeş, Elşən Musayevin Azərbaycan-Brundi, Rəşad Mahmudovun Azərbaycan-Efiopiya, Afət Həsənovanın Azərbaycan-Honduras, Sabir Rüstəmxanlının Azərbaycan-Kamerun, Kəmaləddin Qafarovun Azərbaycan-Qvatemala, Rəfael Hüseynovun Azərbaycan-Livan, Ramil Həsənin Azərbaycan-Nepal, Emin Hacıyevin Azərbaycan-Nigeriya, Pərvin Kərimzadənin Azərbaycan-Panama, Cavid Osmanovun Azərbaycan-Sudan və Elman Nəsirovun Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri seçilmələri təklif edildi.

Deputatlar parlamentin beynəlxalq fəaliyyətinin daha da aktivləşdirilməsi və uğurlu nəticələr naminə bu addımın atılmasını təqdir etdilər. Müzakirələrdən sonra qərar layihəsi qəbul olundu.

İclasın gedişində söz alan deputat Etibar Əliyev bildirdi ki, müzəffər Ali Baş Komandan bütün çıxışlarında ölkəmizin inkişafına mane olan hərəkətləri açıq şəkildə pisləyir və çox hallarda cavabdeh şəxslərə məmurlara ciddi xəbərdarlıq edir: “Əlbəttə ki, tapşırıqlardan nəticə çıxaranlar olur. Nəticə çıxarmayanları isə öz əməlləri cəzalandırır. Ölkəmiz zəfərimizlə nəticələnən ağır müharibədən çıxdı. Xalqın prezidentin ətrafında möhtəşəm birliyini gördük. ”Beşinci kolon"un mənfur nümayəndələri hesab edirdilər ki, ölkə iqtisadiyyatı müharibənin ağır xərclərinə dözməyəcək. Yanıldılar. Bəlli oldu ki, ölkədə aparılan iqtisadi siyasət düzgündür. Bu adamlar neftin qiyməti düşəndə toy bayram edirlər".

E.Əliyev diqqəti Naxçıvanda baş verənlərə yönəltdi: “Prezident İlham Əliyev bir neçə il bundan öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrini qəbul edərkən söylədi ki, ”Naxçıvan Muxtar Respublikasının büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır. Dəqiq rəqəmlə desək, 385 milyon manatın cəmi 85 milyonu yerli gəlirlər hesabınadır. Muxtar Respublikanın büdcəsinin qalan hissəsi - 300 milyon manatı Bakıdan dotasiya olunur. Sonrakı illərdə dotasiya bir xeyli artırıldı. Prezident qəbul zamanı Vasif Talıbova tapşırıq verdi ki, bütün ölkədə olduğu kimi bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin olunmalıdır. Ancaq nə baş verdi; son iki epizod üzrə aşkarlanan korrupsiya Naxçıvanın büdcəsinin yarısından çoxunu təşkil edir. Zəfərdən əvvəl və sonra ölkəmizdə aparılan islahatlardan hansısa region kənarda qala bilməz. Və bu gün Naxçıvanda aparılan struktur maliyyə və iqtisadi islahatlar alimlər, yazıçılar və deputatlar tərəfindən birmənalı olaraq dəstəklənməlidir. Burada susqunluq itirilmiş zamanın bölgəyə vurduğu ağır nəticələrə bəraət qazandırmaq deməkdir. Bəs demoqrafiq vəziyyət? Bu bir qədər gec sağalan yaradır. Düşünürəm ki, Bunun nizama salınması çox böyük vaxt tələb edir. Bunun da ayrıca və daha ağır cəzası olmalıdır".

Komitə sədri Siyavuş Novruzov isə səslənən fikirlərə reaksiyasında bildirdi ki, bu bölgədən deputat seçildiyi üçün münasibət bildirməyi vacib sayır. “Yuyulmamış çömçə kimi bir çox adamlar özlərin ortaya atıblar” deyən S.Novruzov dedi ki, Naxçıvan həssas bir zonadır və bunu nəzərə almaq lazımdır: “Azərbaycan Prezidenti nəyi, nə zaman, necə etmək lazımdır, hamıdan yaxşı bilir. Naxçıvanın həssas bölgədə yerləşdiyi nəzərə alınmalıdır. Bir tərəfdən İran, digər tərəfdən Ermənistanla ən böyük sərhəd Naxçıvan Muxtar Respublikası ilədir. Həssas bölgə ilə yanaşı, erməninin öyrətdiyi başqa-başqa adamlar çıxışlar edirlər, baş verənlərə münasibət bildirirlər”.

Komitə sədri qeyd etdi ki, Naxçıvan Muxtar Respublikasının sakinləri dövlətin, dövlətçiliyin arxasındasdır, prezidentin yolunda şəhid olmağa hər an hazırdır. Ona görə də burada hər hansı siyasi oyunbazlığın qurulmasına ehtiyac yoxdur".

S.Novruzov əlavə etdi ki, hüquq mühafizə orqanlarının Naxçıvanda yoxlamalar aparmasını normal qəbul etmək lazımdır: “Bu günədək ölkədə 7 icra başçısı tutulub. Bunlar da Azərbaycan vətəndaşlarıdır. Ona görə də xahiş edirəm Naxçıvanla bağlı məsələnin həssaslığı nəzərə alınsın”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR