İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdən Avroparlamentin qərəzli qətnaməsinə sərt etiraz - bəyanat

Sahibə Qafarova: “Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr bilsinlər ki, bütün cəhdləri əbəsdir”

Oktyabrın 6-da Milli Məclisin payız sessiyasının növbəti iclası keçirildi. Spiker Sahibə Qafarova bildirdi ki, gündəliyin birinci məsələsi Milli Məclisin bəyanatı ilə bağlıdır. Ardınca Sədr Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnamə barədə danışdı.

Sədr bir gün öncə Avropa Parlamentində Azərbaycanı hədəf alan çirkin siyasi aksiyanın təşkil olunduğunu söylədi: “Ölkəmizə qarşı böhtanlar üzərində qurulan qərəzli bir qətnamə qəbul edilib. Belə bir qeyri-obyektiv sənədin ortaya çıxması onu göstərir ki, Avropa Parlamentində bəzi qüvvələr Azərbaycanın həyata keçirdiyi anti-terror tədbirləri, Qarabağ bölgəsində suverenliyimizin tam bərpa olunması, münaqişənin tarixə qovuşması ilə heç cür barışa bilmirlər. İşğal dövründə mövcud olmuş və artıq özünü buraxmış qondarma qurumun dəstəklənməsi separatizmə rəvac verməyə yönəlib.

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlərin görməzliyə vurulması Avropa Parlamentinin ikili standartlardan əl çəkə bilmədiyini göstərir. Azərbaycanın etnik təmizləmədə ittiham edilməsi isə siyasi məsuliyyətsizliyin ən bariz nümunəsidir. Qeyd etmək lazımdır ki, sözügedən sənəd əsasən Fransalı deputatların təşəbbüsü ilə hazırlanmış və müzakirəyə çıxarılıb. Bu da heç də təsadüfi deyil, çünki Fransa bu gün bütün dəyərləri bir kənara qoyaraq, açıq-aşkar təcavüzkar Ermənistan dövlətinin yanında yer alıb. Ancaq həm Fransada, həm də bəzi digər ölkələrdə və təşkilatlarda Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr bilsinlər ki, bütün cəhdləri əbəsdir. Haqq-ədalət Azərbaycanın tərəfindədir".

Spiker qeyd etdi ki, Azərbaycan güclü dövlətdir və  xalqımızı yenidən fəlakətə sürükləmək istəyən qüvvələrin qarşısını almağa qadirdir.

“Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, ”uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik", - S.Qafarova bildirdi.

Komitə sədri Səməd Seyidov AP-ın qətnaməsinin qərəzli və qəbulolunmaz olduğunu söylədi. Bildirdi ki, Avropa Parlamenti Qarabağla bağlı planlarının boşa çıxdığını gördüyü üçün belə qərəzli sənəd qəbul ediblər. “Bu qətnamə gücsüzlük, qlorxaqlıq, irqçilik qətnaməsidir”, - komitə rəhbəri əlavə etid. “Gəlin etiraf edək ki, Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı qəbul edilən ilk qətnamə deyil. Amma bildirim ki, heç kim Azərbaycanın ərazi bütövlüyünü təhdid edə bilməz. Təbii ki, biz qətnamənin üzərindən xətt çəkəcəyik. Elə bu qərəzli mövqe Avropa Parlamentini idarə edən yüksək səviyyəli qüvvələr tərəfindən rədd edilək. Bildirim ki, parlamentdə bu qətnamə qəbul olunduqdan sonra Qranada Avropa liderləri bildirdilər ki, sanksiyaların heç bir yeri yoxdur. Bu qətnamədə digər qətnamələr kimi tarixin zibilliyinə atılacaq. Heç bir qətnamə Azərbaycanı dayandıra bilməz”, komitə sədri bildirdi.

“Avropa Parlamentinin qəbul etdiyi qərar hər birimiz üçün ürəkbulandırıcı oldu. Hamımız bilirik ki, Avropa İttifaqı bir xristian klubudur. Uzun illərdir ki, qardaş Türkiyəni bu ittifaqa buraxmırlar və bunun da kökündə Türkiyənin müsəlman ölkəsi olması dayanır”. Bunu deputat, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev söylədi. Qeyd etdi ki, Avropada güclü erməni diasporunun olduğunu, islamafobiyanın çox geniş yayıldığını bilirib: “Məhz Avropanın ədalətsiz mövqeyi nəticəsində, hansı ki 1988-ci ildə erməni separatizmi baş qaldırdı və onlar bu separatizmi dəstəklədilər. Separatçılara maliyyə yardımı ayırdılar, Ermənistanı işğalçı dövlət kim tanımadılar, Ermənistana sanksiya tətbiq etmədilər. Nəticədə Ermənistan etnik təmizləmə siyasəti həyata keçirdi. Bu siyasəti də çox acımasızcasına, azərbaycanlılara münasibətdə ağır işgəncələrə yol verməklə, qarlı, soyuq havada onları ayaqyalın öz ev-eşiklərindən qovmaqla, insanları qovub Araz çayına tökməklə etnik təmizləməni həyata keçirdilər. Amma Avropa o zaman bunları görmədi, Ermənistana sanksiya tətbiq etmədi, Ermənistanın bu hərəkətini pisləmədi. İndi ermənilər ermənilər özləri Azərbaycanın qanunları çərçivəsində yaşamaq istəmirlər və Qarabağdan köçüb gedirlər, bunu etnik təmizləmə adlandırırlar. Halbuki Azərbaycan polisi onlara su, qida verir və onları sərhədçilərimizilə birlikdə hörmətlə yola salırlar. Bütün bunlar onu göstərir ki, biz nə etsək də Avropanın bizə münasibətini dəyişə bilmərik. Bu, o halda ola bilər ki, biz, öz hüquqlarımızdan imtina edək. Əlbəttə, Azərbaycan buna getməyəcək. Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclüdür, onun güclü, təbii müttəfiqləri var. Ona görə də Avropa Birliyi bu tipli qərarlar qəbul etməklə yalnız Avropada islamafobiyanın nə dərəcədə güclü olmasını göstərəcək. Azərbaycana münasibətldə bu ölkələrin nə qədər nifrət dolu hisslər yaşadığını nümayiş etdirəcək, münasibətlərimizə ziyan vuracaq”.

Q.Həsənquliyev vurğuladı ki, Azərbaycan hər bir halda onsuz da öz ərazi bütövlüyünü bərpa edib: “Öz ərazilər üzərində dövlət suverenliyini təmin edib. Bu yoldan bizi hədələrlə, qorxutmaqla heç kim çəkindirə bilməz və Avropa Parlamentinin qəbul etdiyi rüsvayçı qərar onların tarixində Azərbaycan-Avropa Birliyi münasibətlərində qara ləkə olaraq qalacaq”.

Deputat Vahid Əhmədov bildirdi ki, Azərbaycan ordusu bir günlük antiterror tədbiri ilə Qarabağdakı cinayətkar rejimi darmadağın edərək, ərazi bütövlüyümüzü tam təmin eləyib. “Başda Fransa olmaqla bir sıra Avropa dövlətləri Azərbaycanın qələbəsini qəbul edə bilmir”, - deyən V.Əhmədov rəsmi Parisin təxribatlardan əl çəkmədiyini vurğuladı. Bildirdi ki, Fransa XİN rəhbəri Ermənistan səfəri zamanı Ağrıdağın fotosunu çəkib, yaymaqla növbəti təxribatçı addımı atdı. 

Bütün bunlara baxmayaraq, Qranada görüşündə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə əlaqədar sənədin imzalanmasına toxunan deputat bildirdi ki, faktiki olaraq Fransa prezidentinin Qranadada Azərbaycana qarşı planları fiaskoya uğradı.

V.Əhmədov bildirdi ki, Azərbaycan indiki situasiyada Azərbaycan əsas üç məsələni tez bir zamanda həll etməlidir: “Ermənistan ilə sülh müqaviləsi imzalanması; Rusiya sülhməramlılarının bölgədən tədricən çıxarılması; Xankəndində idarəetmə və icra orqanlarının fəaliyyətinin təşkil edilməsi”.

Deputat Aydın Mirzəzadə də dedi ki, biz bu qətnaməni qətiyyətlə rədd edirik: “Belə siyasətlə Azərbaycanı müstəqillik məramından çəkindirmək mümkün deyil”.

Çıxışlardan sonra parlamentdə Avropa Parlamentinə etiraz bəyanatı hazırlamaq üçün komissiya yaradıldı. Spiker Sahibə Qafarovanın təklifi ilə deputat Namizəd Səfərovun sədrliyi, Aqiyyə Naxçıvanlı, Elman Məmmədov, Tural Gəncəliyev və Razi Nurullayevin üzvlüyü ilə komissiya yaradıldı.

Komissiyanın hazırladığı bəyanatı deputat Tural Gəncəliyev təqdim etdi. Bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Milli Məclisi 2023-cü il oktyabrın 5-də Avropa Parlamentinin qərəzli və obyektivlikdən uzaq qətnamə qəbul etməsinə qəti  etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayır: “Xatırladırıq ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Yaxşı olar ki, Avropa Parlamenti Avropada tüğyan edən islamofobiya, antisemitizm, miqrantların hüquqlarının kütləvi və kobud surətdə pozulması və digər bu kimi köklü problemlərlə məşğul olsun. Sözügedən qətnamə Fransa hökumətinin təhriki ilə əksəriyyəti  bu ölkədən olan anti-Azərbaycan, islamofob deputatların saxta məlumatları əsasında hazırlanmışdır. Avropa Parlamentinin bu addımı onun ikili standartlara əsaslandığının növbəti bariz nümunəsi olub, məsələlərə selektiv yanaşdığını sübut edir. Beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisinin 20 faizinin  30 ilə yaxın davam edən işğalının doğurduğu ağrı-acıya, etnik təmizləməyə, Xocalı soyqırımına, 1 milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə, şəhər və kəndlərin yerlə yeksan edilməsinə, tarixi, mədəni və dini irsin dağıdılmasına etinasızlıq göstərən Avropa Parlamentinin Azərbaycan ərazisində qalmaqda davam edən Ermənistan Respublikası silahlı qüvvələrinin birləşmələrinə və qanunsuz erməni dəstələrinə qarşı həyata keçirilmiş anti-terror tədbirlərindən sonra Ermənistan Respublikası tərəfindən yaradılmış qondarma qurumun müdafiəsinə yönələn belə bir qətnaməni qəbul etməsi separatizmə açıq dəstək verməkdir”. Sənəddə daha sonra bildirilir: “Qətnamənin əsas təşəbbüskarı olan Fransa son illər Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin təmin edilməsi yolunda başlıca maneəyə çevrilmişdir. Dünyanın müxtəlif regionlarında iflasa uğrayan Fransa Cənubi Qafqaz bölgəsini yeni təhlükələrə sürükləyərək qeyri-sabit zonaya çevirməyə çalışır. Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, özünün mənfur yeni müstəmləkəçilik təcrübəsini Cənubi Qafqaz bölgəsində tətbiq etməyə çalışması, xristianlıq amilini qabartması və keçmiş münaqişəyə dini təəssübkeşlik mövqeyindən yanaşması onun səlibçi siyasətinin təzahürüdür”.

Milli Məclisdə Avropa Parlamentin Azərbaycana qarşı qərəzli qətnaməsi  pislənib

Etiraz bəyanatında bildirilir ki, qondarma “Dağlıq Qarabağ Respublikası” özünü buraxdığını elan etdikdən sonra Avropa Parlamentinin onu müdafiə etməsi siyasi riyakarlıqdan xəbər verir və bölgədə vəziyyətin yenidən gərginləşməsinə xidmət edir: “Avropa Parlamenti  Azərbaycan torpaqlarının işğalı dövründə bu qondarma quruma dəstək verməklə işğalın uzun illər davam etməsi, on minlərlə azərbaycanlının qətlə yetirilməsi üçün məsuliyyət daşıyır. Məhz bu cür qərəzli və obyektivlikdən uzaq fəaliyyəti ilə Avropa Parlamenti öz nüfuzuna sarsıdıcı zərbə endirir, erməni lobbisinin və onu dəstəkləyən qüvvələrin əlində oyuncağa çevrildiyini göstərir. Avropa Parlamentinin anti-Azərbaycan və islamofob siyasətinin nəticəsidir ki, Avropa Parlamenti ilə Azərbaycanın münasibətləri aşağı səviyyədədir. Avropa Parlamentində təmsil olunan bir sıra deputatlar Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil edir. Belə davranış həm də şovinizmin, ifrat sağ düşüncənin təzahürüdür. Bu yanlış siyasəti ilə Avropa Parlamenti Avropa İttifaqının Cənubi Qafqaz siyasətini təhlükə altına atır. Qətnamədə irəli sürülən iddialardan fərqli olaraq, Azərbaycan hökuməti Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etməsinə imkan yaradılması məqsədi ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli istiqamətində kompleks tədbirlər həyata keçirir”.

Sənəddə deyilir: “BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və digər beynəlxalq təşkilatların səsləndirdiyi bəyanatlara tamamilə zidd olaraq, Avropa Parlamentinin bölgədən könüllü getmiş erməni sakinlərin ərazidən zorla köçkün düşdüyünü iddia etməsi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin rəhbərliyini korrupsiyaya qurşanmış destruktiv və qərəzli qüvvələri dayandırmağa, Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqları əks etdirən obyektiv sənədlər qəbul etməklə bölgədə sülh və sabitlik yaradılması səylərinə dəstək göstərməyə çağırır”.

Bəyanat yekdilliklə qəbul edildi.

Daha sonra gündəlikdəki digər məsələlərin müzakirəsinə keçildi. “Nağdsız hesablaşmalar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi zamanı çıxış edən deputat çox ciddi arqumentlərə və konkret maddələrə əsaslanan çıxış etdi, rəsmi şəxslərə suallar ünvanladı. 

Deputat Emin Hacıyev təklif etdi ki, MTK-ların sakinlərdən xidmət haqqının toplaması da nağdsız qaydada həyata keçirilsin: “Bilirik ki, burda kifayət qədər vəsait dövr edir. Bu vəsait nağdsız qaydada xərclənərsə, bu sahəyə daha çox işçi heyətinin cəlb edilməsinə, nəticədə məşğulluğun artmasına nail ola bilərik. Bunun üçün bank hesabı açıla bilər. Bu vəsaitlər bank hesabına daxil olarsa təyinatı üzrə xərclənməsi də təmin edilə bilər”.

İclasda “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi ilk oxunuşda müzakirəyə çıxarıldı. Musavat.com bildirir ki, layihəyə əsasən, Azərbaycana gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun dərəcələrinin azaldılması nəzərdə tutulur. Belə ki, bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlara 15 manat, bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 20 manat, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 30 manat, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 100 AZN rüsum tutulması təklif edilir.

Layihə müzakirələrdən sonra birinci oxunuşda qəbul olundu.

Elşad Paşasoy,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR