İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdə “əsl müxalifət kimdir” müzakirələri

Deputatlar dərman inhisarçılığından şikayətləndilər; Əhliman Əmiraslanovdan müjdə: “Səhiyyə Nazirliyi və hökumət bir sənəd üzərində iş aparır”

Aprelin 11-də Milli Məclisin növbəti iclası birinci vitse-spiker Əli Hüseynlinin sədrliyi ilə öz işinə başlayıb. Cari məsələlər ətrafında çıxış edən deputat Bəhruz Məhərrəmov müxalifətə ünvanlı tənqidi fikirlərini bölüşdü.  Deputat Sabir Rüstəmxanlı səslənən tənqidi fikirlərə münasibət bildirdi. “Mən də müxalifətəm və burada oturmuşam. Burada bir sıra müxalifət partiyalarının rəhbərləri var. Bunlar müharibə dövründə bir yerə toplaşıb, Azərbaycan Prezidentini müdafiə etdilər. Ona görə də bir qrupa görə hamını ittiham etmək olmaz” - S.Rüstəmxanlı əlavə etdi.

Daha sonra deputat yaxın tariximizlə bağlı səslənən tənqidlərə də reaksiya verdi. Bildirdi ki, vaxtilə Heydər Əliyev deyirdi ki, mən Moskvada oturub, bu hərəkatı izləyirdim, xalqın müqaviməti ilə qürur duyurdum: “Xalq hərəkatının üstündən xətt çəkmək, onu düşmən elan etmək, qara yaxmaq olmaz. Azərbaycanda milli birliyə çox ciddi ehtiyac var, cəbhələşməyə yox...” S.Rüstəmxanlı qeyd etdi ki, son zamanlar tarixin təftişi prosesi gedir, Nəriman Nərimanov müzakirəyə çıxarılır, onu Rəsulzadəyə qarşı qoyurlar. Deputatın fikrincə, bütün bunların səbəbi tariximizin doğru-düzgün yazılmaması ilə əlaqədardır: “Obyektiv Azərbaycan tarixi yazılmalıdır və xalqa çatdırılmalıdır, təbliğ olunmalıdır. Kim istəyir çıxır, öz ağıl səviyyəsinə uyğun danışır. Tarixin hər səhifəsinə münasibətdə dövlət siyasəti ortada olmalıdır”.

Milli Meclis: Milli Məclisin növbədənkənar sessiyası davam edir

Deputat Aydın Mirzəzadə isə söz alaraq bildirdi ki, obyektiv tarix yazılıb, sadəcə, baxır kim onu necə oxuyub. O, deputat həmkarının müxalifətlə bağlı fikirlərini müdafiə etdi: “Mən Sabir Rüstəmxanlı ilə Əli Kərimli və Rəsul Quliyevi bir sırada qoya bilmərəm. Ona görə də razıyam ki, müxalifəti ümumiləşdirmək olmaz”. Spiker Sahibə Qafarova isə “xalqın gözü tərəzidir, Azərbaycan xalqı yaxşı bilir ki, kim əsl müxalifətdir” - deyərək, müzakirələrə nöqtə qoydu.

""Yaşat" Fonduna müraciət çoxdur və artıq kütləvi imtinalar edilir ki, bu da haqlı narazılıq yaradır. Səbəb "Yaşat" Fondunda vəsaitlərin çox az olmasıdır. Amma hələ də həm İkinci, həm də Birinci Qarabağ müharibəsindən minlərlə müalicə istəyənlər var". Deputat Razi Nurullayev bunu iclasdakı çıxışında söylədi. Ardınca bildirdi ki, hər gün qapılarını onlarla qazi və onların valideynləri döyür: “Təklif edirəm ki, Neft Fondundan hər il birdəfəlik vəsait "Yaşat" Fonduna köçürülsün. İmkanlı şəxslərə də müraciət edirəm ki, “Yaşat” Fonduna vəsait köçürməkdə davam etsinlər".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin iclasında rəsmilərin diqqətinə çatdırmaq istədiyi mühüm məsələlərdən bəhs etdi: “Bugünlərdə bizim hörmətli həmkarımız Fazil Mustafaya qarşı təşkil olunmuş xarici dövlətlərin, xüsusilə də İran xüsusi xidmət orqanlarının işbirliyində olan cinayətkar dəstənin üzvləri ifşa olundu və Daxili İşlər Nazirliyinin əməkdaşları yüksək peşəkarlıqla bu cinayətin üstünü qısa müddətdə açdılar. Mən bunu bir daha ona görə xatırladıram ki, Bakı şəhərində təhlükəsizlik kameralarının sayının artırılmasına çox ciddi ehtiyac var. Rəqəmlərə diqqət yetirdim, məsələn, Londonda 9 milyon 425 min insan yaşayır, amma hökumət tərəfindən 942 562 təhlükəsizlik kameraları quraşdırılıb. Bu hər 10 nəfərə bir təhlükəsizlik kamerası deməkdir”. Q.Həsənquliyev dedi ki, Bakı şəhərində çox ciddi sıxlıq var: “Hesab edirəm ki, xüsusi dövlət proqramı qəbul olunmalıdır. Ən azı 5 il ərzində Bakıda metrostansiyaların sayını 100-ə çatdırmaq lazımdır. Bunun üçün həm Dövlət Neft Fondundan vəsait ayırmaq, həm də xarici şirkətləri və investiorları bu işə cəlb etmək olar”.

Milli Meclis: MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASI BAŞA ÇATIB

 “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Komitə sədri Əhliman Əmiraslanov layihə barədə məlumat verdi.

Deputat Vahid Əhmədov söz alaraq komitə sədrinə bu vacib məsələ ilə bağlı sual ünvanladı: “Uzun müddətdir söhbət gedir ki, hökumət dərman vasitələrinin qiyməti ilə bağlı xüsusi proqram hazırlayır. Bu barədə sizdə məlumat varmı?” Komitə sədri Əhliman Əmiraslanov bildirdi ki, təkcə dərman vasitələrinin qiyməti ilə yox, dərman vasitələrinin əlçatanlığı və digər məsələlərlə bağlı proses gedir: “Səhiyyə Nazirliyi və hökumət bir sənəd üzərində iş aparır. Bu sənəd hazırlanıb, başa çatmaq üzrədir. Orada Vahid müəllimin dediyi məsələlər də daxil olmaqla, dərman vasitələri ilə bağlı problemlərin həlli nəzərdə tutulur”.

Komitə sədri Siyavuş Novruzov bildirdi ki, ölkədə dərman vasitələrinin qiymətlərinin artması məsələsi aktualdır. Deputat xaricdən dərman gətirən vətəndaşların gömrükdə problemlə üzləşdiyini bildirdi: “Problemlə bağlı məsələlər öz həllini tapmır. Vətəndaşlar özləri üçün xaricdən ucuz qiymətə dərman vasitələri gətirir. Amma gömrükdə insanların özü üçün gətirdikləri dərmanlara da maneçilik törədilir. Adam xəstədir, özünə dərman alıb gətirir. Həmin dərmanı öz istifadəsi üçün gətirir, satmağa deyil. Amma problemlə üzləşir. Burada niyə problem yaranmalıdır?”. S.Novruzov ölkədəki “Alman aptekləri”ndəki dərmanların qiymətindən də şikayətləndi. Bildirdi ki, 5 avroluq dərman bu apteklərdə 150-170 manata satılır, bu, insafdan deyil. “Başa düşürük, yol xərcləri var, amma fərq bu qədər ola bilməz”. Komitə sədri dərmanların keyfiyyəti ilə bağlı sualların olduğunu da vurğuladı.

Etibar Əliyev Azərbaycanda apteklərin alman, türk və göbələk kimi artan yerli apteklərə bölündüyünü söylədi: “Alman və türk apteklərindən dərman alanda soruşuruq ki, keyfiyyəti nədir? Yeri gəlmişkən, dərman düzəldən laboratoriyalar da yoxa çıxıb. Əvvəllər xəstələr bir-iki qutu dərmanla müalicə olunurdusa, indi 4-5 qutu dərmanla müalicə olunmalı olurlar. Dərmanların ekspertizası barədə məlumat bazası geniş olmalıdır”.

Fəzail Ağamalı bildirdi ki, ölkədə dərman vasitələrinin qiymətlərinə əlçatanlığın olmaması problemi var: “Belə problem var, bu, reallıqdır. Burada bazar iqtisadiyyatı, dərman gətirən və satanların maraqları, o cümlədən möhtəkirlər var. Dərmanlara nəzarət mərkəzini icra strukturlarının birinə həvalə etmək olar. İndi bilmir ki, bu dərman məsələsinə Səhiyyə Nazirliyi, yoxsa başqa qurum baxır. Əvvəllər məsələlərə təkcə Səhiyyə Nazirliyi baxırdı, indi müraciət edirsən, deyir ki, o məsələyə TƏBİB baxır, ora düşmək isə kosmosa düşmək kimi bir şeydir”.

Vüqar Bayramov xatırlatdı ki, keçən il hökumət dərman alınmasına 505 milyon manat xərcləyib və bu, dərman vasitələrinə ayrılan vəsaitin 2 dəfə artdığını göstərir: “Dərmanların qiymətinə idxal prosedurlarının asanlaşdırılması da təsir göstərə bilər. Dərmanların qiymətinin tənzimlənməsi mexanizminin təkmilləşdirilməsinə də ehtiyac var. Bəzi hallarda dərmanların qiyməti düzgün tənzimlənmədiyi üçün sahibkarlar dərmanları konkret bir ölkədən gətirirlər”.

Hikmət Babaoğlu idxal olunan dərmanların tərkibinin yenidən yoxlanılmasını təklif etdi: “Bir vaxt İran dərmanlarından istifadə edən bir qohumumuzun Moskvada yoxlanılması zamanı məlum olmuşdu ki, İran dərmanının tərkibində narkotik olub. Ona görə idxal olunan dərmanlar yoxlanılmalıdır”.

Tahir Kərimli vətəndaşların dərman vasitələrinə əlçatanlığı ilə bağlı problemlərin olduğunu söylədi. Bildirdi ki, bu sahədə vəziyyət narahatlıq doğurur. Deputat Azərbaycanda kütləvi xəstəliklərlə bağlı dərmanların əhaliyə pulsuz verilməsini təklif etdi. Bildirdi ki, əgər mümkünsə, bütün əhaliyə, yox, əgər mümkün deyilsə, kasıb, qazi, ailələrinə dərmanlar pulsuz paylanılsın: “Həmin əhali üçün apteklər açılsın, dərmanlarla təmin olunsunlar. Heç olmasa daha aşağı qiymətə satılsın ki, əhali o dərmanları ala bilsin. Tarif Şurası da buna nəzarət edə bilər”. T.Kərimli Tarif Şurası ilə bağlı iradını da əlavə etdi: “Tarif Şurasından heç vaxt eşitmədik ki, qiymətləri bir dəfə aşağı salsın. Elə hər dəfə qiymətləri qaldırır”.

Deputat Qənirə Paşayevanın sözlərinə görə, inhisarçılığa son qoyularsa, rəqabət yaranarsa, dərmanların qiyməti də ucuzlaşacaq: “Səfərə gedəndə tanıdığımız insanlar zəng edirlər ki, müalicə üçün filan dərmanı gətirin, çünki Azərbaycanda qiyməti çox bahadır. Yeri gəlmişkən, bəzi əlillərimizin müalicəsi davam etdiyi və hələ əlillik dərəcələri almadığı üçün müalicə üçün dərmanlar alırlar. Onların əllərindəki bəzi reseptlərdə dərmanların qiyməti 400 manata yaxındır. Bu məsələnin də həllinə diqqət yetirilməlidir. Bir məqamı qeyd edim. Türkiyədə azərbaycanlılar var, dərman istehsal edir, Türkiyədən xaricə də satırlar. Bu insanlar niyə Azərbaycanda belə dərman istehsalı yarada bilmirlər?”

Layihə ilk oxunuşda qəbul olundu. İclasda digər qanun layihələri də müzakirələrdən sonra qəbul edildi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR