Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının 2024-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə Qanun layihəsi Milli Məclisə təqdim olunub.
Musavat.com bildirir ki, bunu parlamentin iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib.
Bildirib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi ilə bağlı dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərti kimi göstərilib və burada dövlət büdcəsinə yenidən baxılma halları müəyyən edilib:
“Qanun layihəsinə dair bizə təqdim edilmiş izahatda 2024-cü ilin 4 ayı ərzində dünya neft və qaz bazarlarında mövcud olan münbit qiymət konyunkturası, cari il üzrə müşahidə olunan tendensiyalar, vergi-gömrük daxilolmalarının artması, habelə icmal və dövlət büdcələrində xərclərin artması nəzərə alınmaqla 2024-cü ilin aprel ayında cari il üzrə makroiqtisadi proqnozlar yenilənib. Eyni zamanda, işğaldan azad olunmuş Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, bir sıra infrastruktur təyinatlı layihələrin maliyyə təminatı ilə bağlı əsaslı xərclər, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyət, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, bəzi xidmətlər üzrə verilən subsidiyalarla bağlı xərclər və zəruri hesab olunan digər istiqamətlər üzrə dövlət vəzifələrinin əlavə gəlirlər, mövcud ehtiyatlar və kəsirin genişləndirilməsi hesabına maliyyələşdirilməsi üçün 2024-cü iln dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac yaranıb”. Komitə sədri dedi ki, qanun layihələri haqqında Hesablama Palatasının rəyi Milli Məclis üzvlərinə təqdim edilib. Habelə, Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında hökumət üzvlərinin, Hesablama Palatasının və müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə qanun layihələri geniş müzakirə olunub.
T.Mirkişili bildirib ki, beynəlxalq təşkilatlar tərəfindən yenilənmiş proqnozlara əsasən, 2024-cü ildə əvvəlki ilə nisbətən dünya iqtisadiyyatında iqtisadi artımın sürətlənəcəyi gözlənilir:
“Belə ki, ilkin proqnozlarda qlobal iqtisadi artımın təxminən 2,1%-2,9% ətrafında olacağı gözlənilsə də, 2024-cü ildə dərc edilmiş hesabatlara əsasən, bu göstəricinin təxminən 2,4-3,2% ətrafında olacağı proqnozlaşdırılır. İqtisadi artımın sürətlənməsi ilə bağlı gözləntilər neft qiymətlərini artırıb, beynəlxalq təşkilatlar neftin qiymətinə dair proqnozlarında düzəlişlər ediblər. Belə ki, iqtisadi aktivliyin yüksəlməsi, geosiyasi gərginliyin artması və OPEC+ tərəfindən hasilatın daha da azaldılması nəticəsində aprel ayında Brent markalı neftin orta aylıq qiyməti 90 ABŞ dollarını ötüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,0 ABŞ dolları çoxdur. Proqnozlara əsasən, dünya üzrə illik inflyasiyanın 2023-cü ildəki 6,8%-dən 2024-cü ildə 5,9%-ə enəcəyi gözlənilsə də, beynəlxalq təşkilatlar tərəfindən baza inflyasiyasının yuxarıya doğru irəliləməsi ilə bağlı narahatlıqlar dilə gətirilməkdədir. Qeyd edək ki, BVF cari ilin inflyasiya üzrə proqnozunu yeniləyərək cüzi də olsa (0,1 faiz bəndi) artırıb”.
Komitə sədri qeyd edib ki, 2024-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi qəbul olunarkən dövlət büdcəsi gəlirlərinin 34 173 milyon, xəclərinin 36 763 milyon, dövlət büdcəsi kəsirinin isə 2 590 milyon manat olacağı planlaşdırılmışdı:
“Eyni zamanda 2024-ci ildə ÜDM-in real artım tempinin 2.4%, qeyri-neft-qaz ÜDM-nin real artım tempinin 4.6%, inflyasiyanın orta illik səviyyəsinin 5.3% olacağı proqnozlaşdırılmış, dövlət büdcəsində hesablamalar neftin bir barelinin orta illik qiymətinin 60 dollar səviyyəsinə uyğun həyata keçirilib. Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında yaradılmış əlavə dəyər 38.2 mlrd. manat olmuş, iqtisadi artım tempi proqnozlaşdırılan illik 2.4%-ə qarşı 3,8% təşkil edib. Artım tamamilə qeyri-neft/qaz sektoru hesabına təmin edilmiş, bu sektorunartımı proqnozlaşdırılan illik 4.6%-lik artıma qarşı 7,7%, neft-qaz sektorunda isə proqnozlaşdırılan illik 1.7%-lik azalmaya qarşı 0,1 faizlik azalma qeydə alınıb. İxrac idxalı 2.5 milyard dollar üstələyib. “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 87,3 ABŞ dollarına bərabər olub ki, bu da 2024-cü ilin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən 27,3 ABŞ dolları çoxdur”.
E.Paşasoy,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ