İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis sədrinin Britaniya səfərinin detalları: Hansı mühüm məsələlər müzakirə edilib?

Səfərin planlaşdırılan qrafik və gündəlik üzrə keçirilməsi Azərbaycan dövlətinə Britaniya parlamentinin yüksək ehtiramını nümayiş etdirdi.

Musavat.com-un xəbərinə görə, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlament nümayəndə heyətinin Böyük Britaniyaya rəsmi səfərini şərh edərkən deyib.

Millət vəkili səfərin çox uğurlu keçdiyini vurğulayıb:

“Dünyada idarəetmə formasından asılı olmayaraq, istər daxildə, istərsə də beynəlxalq münasibətlər sistemində parlamentlər mühüm yer tutur və getdikcə onların diplomatik, siyasi, hüquqi və digər sahələrdə töhfələri artır. Vətən Müharibəsində parlaq qələbədən sonra prezident İlham Əliyevin qarşıya qoyduğu mühüm hədəflərə çatmaq üçün Milli Məclis rəhbərliyi, hər bir millət vəkili öz üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirməyə çalışır. Xarici siyasətdə parlament ölçüsü xüsusi bir meyara çevrilərək ölkələrin hakimiyyət qolları arasında uğurlu məsuliyyət və fəaliyyət bölgüsünü özündə əks etdirir. İkinci tərəfdən, Britaniya dünya siyasətində mühüm rol oynayır və Breksit hadisələri göstərdi ki, rəsmi London Avropada və dünyada ənənəvi yerini qorumaq üçün ən sərt addımları atmağa hazırdır.

Hazırda beynəlxalq siyasi şəraitin mürəkkəb bir dövründə Azərbaycanın parlamentinin rəhbəri Sahibə Qafarova və böyük nümayəndə heyətinin Britaniyaya rəsmi səfəri iki ölkənin mənafelərinə cavab verən və müstəqillik illərində uğurla inkişaf edən əməkdaşlığı möhkəmləndirmək məqsədi daşıyırdı. Britaniya parlamentinin rəhbəri, o cümlədən Azərbaycanla dostluq qrupunun sədri və geniş nümayəndə heyətləri ilə keçirilən görüşlərin hər birində hazırkı regional və beynəlxalq təhlükəsizlik problemlərinə Azərbaycanın baxışı, iki dövlət arasındakı münasibətlərə ölkə rəhbəri tərəfindən verilən yüksək dəyər və neft-qaz sektoru ilə yanaşı, mədən sənayesi, kənd təsərrüfatı, texnologiyalar, həmçinin digər sahələrdə Britaniya şirkətlərinin aparıcı mövqe tutmasından xüsusi bəhs olundu. 

II Qarabağ müharibəsindən sonra formalaşan yeni regional münasibətlər sistemi, prezident İlham Əliyev tərəfindən sülh quruculuğu, yeni geosiyasi arxitektura prosesinin əsas platforması olan Zəngəzur yolunun açılması üçün həyata keçirilən diplomatik və tikinti tədbirləri, təkcə kommunikasiyaların açılması deyil, dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması, Qarabağdan sonra formalaşmış yeni beynəlxalq düzənin hazırda keçmiş sovet ölkələrində baş verən toqquşmaların da aradan qaldırılması üçün bir vəsilə olması və bu cür mürəkkəb regional situasiyalarda dövlətimizin davranışlarının nümunəvi xarakter daşıması, qlobal güclər arasındakı gərginliyi azaltmaq yönündə Bakının barış paytaxtı statusunu qazanması bütün görüşlərdə Məclis sədri tərəfindən qeyd olunurdu. Böyük Qayıdış proseslərindən bəhs edilərkən, azad olunan torpaqlarda görülən miqyaslı işlərin müxtəlif aspektləri üzərində dayanıldı və britaniyalı deputatların bir qrupunun Şuşaya səfəri təqdir olundu, quruculuq işlərinin təkcə məcburi köçkün və qaçqınların doğma torpaqlarına dönüşü deyil, eləcə də on illər ərzində regionda parçalanmanın, təcavüzkarlığın, düşmənçiliyin səbəb olduğu qitələrarası, regionlararası münasibətlərə vurduğu ziyanlar, müxtəlif statistik və digər xarakterli təhlili mövqelər tezislərlə təqdim edilirdi”.

Z.Orucun sözlərinə görə, səfərin hazırda Britaniyada hökumət rəhbərliyinin istefaya getməsi və yaranmış şəraitdə parlamentin bütün siyasi qüvvələrinin gərgin çalışmalara daxil olması dövrünə təsadüf etməsinə baxmayaraq görüşlərin əvvəlcədən müəyyənləşdirilmiş proqram üzrə davam etməsi dövlətimizə etibarı və hörmətini özündə əks etdirirdi. Millət vəkillərimiz böyük dövlətçilik ənənələri olan bir ölkə üçün belə siyasi çağırışların və sınaqların uğurla keçiləcəyinə dərin inam ifadə etdilər.

“Bu, Azərbaycana, iki ölkə arasındakı münasibətlərə, xalqlarımız arasındakı davamlı və tarixi xarakterli münasibətlərə verilən ən böyük dəyər idi. Ayrıca qeyd etməyə dəyər ki, Milli Məclis sədri iki ölkə arasındakı münasibətlərdə millət vəkillərinin, xüsusilə də kütləvi informasiya vasitələri arasındakı əlaqələrin çox faydalı olduğunu nəzərə çatdırdı. Çünki xarici informasiya məkanına hibrid məlumat kütləsinin yeridilməsi Azərbaycanın beynəlxalq nüfuzunu zədələmək məqsədi güddüyü açıq aydın bəllidir və onun bölgədə təhlükəsizlik mühitinə vurduğu zərbələr inkarolunmazdır. Bu anlamda parlament ölkə rəhbərinin yürütdüyü siyasətdə aktiv bir platformada yer almaqda davam edəcək”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR