Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbərinin səsləndirdiyi fikirlər qərəzlidir, Azərbaycanın daxili işlərinə qarışmaqdır və eyni zamanda, ölkəmizdə aparılan demokratik islahatları, quruculuğu gözdən salmağa hesablanmış təxribatın bir hissəsidir. Konkret olaraq həbs edilmiş bəzi jurnalistlərlə bağlı vəziyyəti siyasiləşdirmək Avropa İttifaqını anti-Azərbaycan xislətini bir daha nümayiş etdirir, həmin şəxslər barəsində məhkəmə qərarları var və onların hər biri qaçaqmalçılıq, başqa ölkələrdən Azərbaycana valyutaların qanunsuz dövriyyəsi və digər əsaslı ittihamlar üzrə saxlanılıb. Ona görə də Aİ nümayəndəsinin belə fikirlərini əhəmiyyətsiz və qəbuledilməz hesab etmək olar.
Bu barədə Musavat.com-a Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Millət vəkili qeyd edib ki, ölkəmizdə hüquq sahəsində nəzərəçarpan islahatlar edilib:
"Azərbaycanın məhkəmə sistemi ən yaxşı beynəlxalq təcrübələr əsasında, eləcə də ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulub, hüquq sisteminin islahatı nəticəsində ölkədə birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni 3 pilləli müstəqil məhkəmə sistemi yaradılıb, bu sahədə institusional islahatlar davam etdirilir. Eyni zamanda məhkəmə-hüquq sistemimizin inkişafında ən mühüm hadisələrdən biri kimi ilk dəfə olaraq inzibati ədliyyə institutu təsbit edilərək, dövlət orqanları tərəfindən insan haqlarının pozulmasının qarşısının alınmasında mühüm rol oynayan yeni inzibati məhkəmələr fəaliyyətə başlayıb. Bunlar bir daha demokratik məhkəmə-hüquq sisteninin bərqərar olmasının göstəricisidir".
A.Hüseynovun fikrincə, qərəzli fikirlərin səbəbi anti-Azərbaycan mövqeyi ilə əlaqədardır:
"Aİ-nin Azərbaycana qarşı qərəzli və birtərəfli mövqe nümayiş etdirməsi, torpaqlarımızın 30 il Ermənistanın işağlı altında olduğu dövrdə sakit qalması və heç bir təsiredici addım atmaması, Zəfərdən sonra bizə qarşı qərəzli mövqe nümayiş etdirməsi əsil xislətini və anti-türk, anti-Azərbaycan simasını nümayiş etdirir. Hazırda rəsmi Bakı ilə İrəvan arasında sülhlə bağlı məsələlərin intensiv müzakirə olunduğu, regionda əməkdaşlığın və təhlükəsizliyin güclənməsi üçün fəaliyyətin artdığı bir zamanda Azərbaycana qarşı böhtan atmaqla danışıqlar prosesinə zərbə vurur. Aİ-nin ikili standartlılığı və riyakar siyasəti, Azərbaycana qarşı qərəzli mövqeyi dünyada beynəlxalq hüququn maraqlı güclərin və lobbilərin alətinə çevrilməsinin göstəricisidir. Onlar başqa dövlətlərin daxili işlərinə müdaxilə etməklə əslində sülhə və təhlükəsizliyə deyil, qanlı qarşıdurmalara rəvac verirlər".
Nigar Həsənli,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ