Onlayn ictimai-siyasi qəzet
Öncə orta məktəbi bitirib həyatın qucağına atılan gəncləri təbrik edirəm. Hesab edirəm onların bəxti həm gətirmişdir, həm də gətirməmişdir. Bu mövzuda yazmaq həm asandır, həm çətindir.
Bəxtləri ona görə gətirib ki, Azərbaycanda doğulub, boya-başa çatmışlar. Dünyanın ən gözəl ölkələrindən biridir. Hansı ölkədə 4-cü sinifi bitirməyə görə müəllim(ə)nin qulağına sırğa asırlar? Sonra da bunu videoya çəkib fağıra töhmət verdirirlər? Halbuki məşədixanım imiş. Namaz qılırmış. Gör indi namaz qılmayan müəllim(ə)lər nə çəkir.
Bəxtləri nəyə görə gətirməyib, açığı, heç bunu bilmirəm, bilmək də istəmirəm. Sadəcə, mənə elə gəlir hazırda abituriyentlərin son zəng tədbiri olduqca sönük keçir. Birincisi, bunun vaxtı dini bayramlar kimi sanki Ayın çıxmağından asılıdır, hər il başqa günə düşür. Bir il bunu mayın 31-də, başqa vaxt iyunun 14-də, hərdən iyunun 15-də keçirirlər. Niyə belədir, heç kim bilmir. Elm-Təhsil Nazirliyi araşdırma aparır, inşallah, öyrənəndə sizə də xəbər verərəm.
Əski günlərdə isə belə deyildi. Maşın ötüşdürən, bulvarda güləşən, məktəbin qabağında süpürləşən, axşam restoranda içib bıçaqlaşan müasir gənclərimiz bir-birinə qarışar, gündəlik boz həyatımıza al-əlvan rənglər qatardı. Hökumət gənclərə çox pis təpinmişdir. Hazırda bütün məktəblər, bütün məzunlar dövlət nəzarəti altındadır. Böyük ehtimalla yaxın illərdə orta məktəbi qurtarmaq ümumiyyətlə qadağan ediləcəkdir.
Əhalinin qanunlara müdaxiləsi beşikdən tənzimlənməlidir. Yoxsa görürsən kimsə qanunları bərpa etmək fikrinə düşür. Bugünlərdə maraqlı əhvalatın şahidi olduq. Bakıda bir məhkəmə hakimi liftin düyməsini qırmışdı. Mənzil Tikinti Kooperativi (MTK) isə hakimin hərəkətinin gizli kamera görüntülərini aləmə yaydı. Guya hakimi biabır etmək istəyirdilər. Doğrudan da, liftə qarşı vandallıq edən hakim sabah vətəndaşa da siyasi hökm kəsər. Ancaq sonradan detallar açıqlandı, məlum oldu əhvalat heç də göründüyü kimi deyildir. Sən demə, hakim o binanın 14-cü qatında qalır. Bina sakinləri lift pulunu vaxtında vermədiyi üçün MTK lifti dayandırıb. Sakinlər MTK-nı məhkəməyə verib, liftin dayandırılmasının qanunsuz olması haqda qərar əldə ediblər. Lakin MTK qərarı vecinə almayıb. Nəhayət, binada yaşayan hakim vəziyyətə dözməyib, üsyana qalxıb, düyməni qoparıbdır.
Bu mövzu haqda yazmaq da həm asandır, həm çətindir. Çünki hərə məhkəmə qərarlarını özü icra etməyə başlasa, Ədliyyə Nazirliyinin məhkəmə qərarlarını icra idarəsi nəyə lazımdır? Başqa tərəfdən, əgər düymə haqda qərarı başqa hakim imzalayıbsa, düymənin yerləşdiyi binada yaşayan hakimin qərarın icrasına əl (oxu: vəsatət) qaldırmaq ixtiyarı vardırmı? Düşünürəm Konstitutiya Məhkəməsi belə söhbətlərə vaxtında təfsir və hədislər yazsa yaxşı olar.
Digər tərəfdən, videodan görünür ki, hakim düyməni qoparsa da özü ilə aparmır, dəhlizdə atır. Bunu yüngülləşdirici hal saymaq lazımdır. Məsələn, mən əsgərlikdə olanda bir gizir qoyun oğurlamışdı, iş getdi hərbi məhkəməyə, orada gizirə şərti 6 ay cəza kəsildi, yüngülləşdirici hal kimi bu nəzərə alındı ki, qoyunu təkcə yeməyib, bölüyünü də qonaq edibdir.
Ümumiyyətlə, hədisi-şərifə görə insanlar dörd cür olur. Bir adam odur ki, özü yemir, xalqa yedizdirir. O adam kolbasa sexi işlədir. Bir adam var, həm özü yeyir, həm xalqa yedizdirir, həmin adam oliqarxdır. Üçüncü növ adam özü yeyir, xalqa vermir, bunlar icra hakimiyyətidir. Nəhayət, dördüncü növ adam nə özü yeyir, nə xalqı yeməyə qoyur, Allah onlara lənət eləsin, amin.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ