Onlayn ictimai-siyasi qəzet
Bir neçə gün öncə “Enviromental Protection First” qeyri hökumət təşkilatı (QHT) koalisiyası “Metsamor” atom elektrik stansiyasının (AES) fəaliyyətini davam etdirməsinə etiraz olaraq brifinq keçirib.
“Enviromental Protection First” QHT koalisiyasının üzvü Sabit Bağırov bildirib ki, "Ermənistan ərazisində 900-dən artıq dağ-mədən müəssisəsi fəaliyyət göstərməkdədir, bu müəssisələrin 24-ü bilavasitə qiymətli metalların istehsalı və emalı üzrə ixtisaslaşıb. O, Araz çayının Ermənistan tərəfindən məqsədli şəkildə çirkləndirilməsi məsələsinə toxunub:
“Bu gün ölkəmizin ərazisi bütövlükdə risk altındadır. Söhbət nüvə təhlükəsindən gedir. İran İslam Respublikası da hələ fevral ayında bu məsələ ilə bağlı ciddi narahatlıq mesajları verib. Burada maarifləndirmə və mübarizə tədbirləri önə çıxmalıdır. Belə olan halda mətbuatın bu işdə rolu böyükdür. Mən eyni zamanda, üzləşdiyimiz nüvə təhdidləri ilə bağlı beynəlxalq qurumlar qarşısında ciddi şəkildə məsələ qaldırılmasını vacib sayıram. Məsələn, Türkiyədə 33 təşkilat yaranmış narahatlıqla bağlı həyəcan təbili çalıb”. (APA)
“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Musavat.com-a açıqlamasında bildirib ki, “Metsamor” köhnə AES-lərdən biridir, SSRİ zamanı köhnə texnologiya ilə tikilib. Onun sözlərinə görə, Ermənistanın yeni texnologiya ilə AES qurmağa imkanı olmayıb:
“Bir ara bu işi amerikalılar görmək istəyirdi, amma nədənsə nəticə olmadı. Digər tərəfdən Ermənistan Kiçik Qafqazın tektonik cəhətdən ən oyanıq ərazisidir, burada hər an zəlzələ ola bilər. Məlumdur ki, Qafqaz Ərəbistan tektonik tavası üzərində yerləşir. 1988-ci ildə Ermənistanda dağıdıcı zəlzələ baş vermişdi. Odur ki, Azərbaycanın AES-in bağlanması ilə bağlı tələbi haqlıdır. 44 günlük Vətən müharibəsindəki qələbəmiz Ermənistanı yerində oturtdu, havadarları da artıq ona kömək edə bilmirlər. Hesab edirəm ki, sülh müqaviləsi bağlandıqdan sonra Azərbaycan daha çox təsir edə biləcək. Amma o zamana qədər Azərbaycan bu mövqeyini israrla davam etdirməlidir. BMT və gələcəkdə digər təşkilatlarda, müttəfiqlərimizlə birgə bu məsələyə təsir göstərməliyik”.
Q.İbrahimli diqqətə çatdırıb ki, Azərbaycan yaşıl enerji istehsalı və tətbiqində önə çıxır, odur ki, AES-lərin yaratdığı təhlükə əlimizi gücləndirən faktdır: “Hesab edirəm ki, region dövlətlərinin dəstəyi ilə bu məsələdə Ermənistana təzyiq göstərə bilərik. Ermənistanın havadarları, lobbisi güclüdür, bu lobbiyə qarşı ciddi əlaqələrimizin olduğu yəhudi diasporasının köməyindən istifadə edə bilərik. Eyni zamanda Türk Dövlətləri Təşkilatı vasitəsilə ilə də biz bu məsələyə təzyiq göstərə bilərik. “Metsamor” AES bağlanmalıdır, əgər rekonstruksiya etmək mümkündürsə, Azərbaycanın razılığı və nəzarəti altında edilə bilər, amma mən bunun tərəfdarı deyiləm”.
Nigar HƏSƏNLİ,
Musavat.com
11 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ