İnsanlara hürriyət, millətlərə istiqlal!

Metro “Ağ şəhər”ə və NZS-ə gəlir

Bakı Metropoliteninin illik sərnişindaşıma gücü 88 milyon nəfərə çatdırılacaq

Bakıda yeni metrostansiyaların inşası ilə bağlı növbəti mərhələyə keçilir. 2030-cu ilə qədər reallaşdırılması nəzərdə tutulan metro genişlənməsi layihəsi çərçivəsində 10 yeni stansiyanın tikiləcəyi ərazilərin müəyyənləşdirilməsi prosesi yekunlaşmaq üzrədir. Bu barədə “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda layihə üzrə son tamamlama işləri görülür və yaxın vaxtlarda tikinti mərhələsinə keçilməsi planlaşdırılır.

Layihəyə əsasən, tikiləcək 10 yeni stansiyadan 6-sı “Bənövşəyi”, 4-ü isə “Yaşıl” metro xəttinin tərkibində olacaq. Yeni şəbəkənin “Nizami”, “Sahil” və “Xətai” stansiyalarında digər xətlərə keçidi təmin etməsi nəticəsində sərnişin axınının optimallaşdırılması gözlənilir. Bu keçidlər metronun müxtəlif istiqamətləri arasında əlaqəni gücləndirəcək və ümumi sərnişin yükünü daha balanslı bölüşdürməyə imkan verəcək.

“Ağ şəhər” və NZS qəsəbəsində inşa olunacaq stansiyalar metro xətlərinin ayrılmasını tamamlayacaq və intervalların azalmasına mühüm töhfə verəcək. Xüsusilə bu zonalarda yaşayan sakinlər üçün nəqliyyat əlçatanlığı xeyli yaxşılaşacaq.

Məlumata görə, layihənin tam reallaşması nəticəsində Bakı Metropoliteninin illik sərnişindaşıma gücü 88 milyon nəfərə çatdırılacaq. Bu da şəhərin artan əhalisi və sürətlə inkişaf edən ətraf əraziləri nəzərə alaraq, strateji əhəmiyyət daşıyır.

Qeyd edək ki, yeni stansiyalar Bakı-Sumqayıt-Xırdalan və digər istiqamətlərdən gələn sərnişinlərin şəhər mərkəzinə daha rahat və sürətli çatmasına şərait yaradacaq.

Rauf Ağamirzəyev: “Azərbaycan və Qazaxıstan Orta...

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, ictimai nəqliyyat növləri arasında metroya daha çox tələbat var: “Bakıda 57 ildir ki, metro fəaliyyət göstərir. Lakin çox təəssüf ki, metro şəbəkəmiz şəhərimiz kimi sürətli inkişaf etməyib. Hazırda metronun bəzi sahələrinin tikilməməsi səbəbindən metro sağlam fəaliyyət göstərə bilmir və yüklənir. Yük parçalanmalı və sərnişin axınları bölünməlidir. Bakı metrosunun 3 xətti var. Bu 3 xətt minimum intervalla fəaliyyət göstərə bilmir, çünki texniki məhdudiyyətlər var. Onlardan biri "28 May" stansiyasında 2 xətt müstəvisində kəsişir. Bu bir problemdir, onun ayrılması istiqamətində qərar verilib. İkincisi isə yeni yaranmış "Bənövşəyi" xətdir. 2016-cı ildən tikintisinə başlanılan xətt “Xocəsən”, “Avtovağzal”, “Memar Əcəmi 2" və  "8 Noyabr"a qədər uzanır. Tikinti  davam edir, xəttin şəhər mərkəzinə çatdırılması nəzərdə tutulub. Şəhər mərkəzinə çatdırıldıqdan sonra 7 dəqiqəlik interval 1 dəqiqəyə düşəcək.  Bu da çox önəmlidir. Çünki şəhərə şimaldan- Sumqayıt və Xırdalan istiqamətindən böyük bir sərnişin axını var. Bu axının hamısı indi “20 Yanvar” stansiyasına yüklənir. Avtovağzalda sürətli əlaqə təmin olunandan sonra insanlar “Avtovağzal” stansiyasında metroya minib şəhərin mərkəzinə qədər gedə biləcəklər. Yaxud da şəhər mərkəzindən şimal istiqamətində sürətli hərəkət edəcəklər.

Metronun konseptual planı var. Orada fərqli istiqamətlər qeyd olunub. Bu istiqamətlər növbəti illərdə fəaliyyət göstərəcək. Hələlik 5 illik dövlət proqramı icra olunur. Onun əsasında 10 stansiya tikilməli, yeni depo yaradılmalı, xətlərin ayrılması təmin olunmalı və “Yaşıl” xəttin cənub qolu - "Xətai" və “Həzi Aslanov 2" stansiyası əlaqələndirilməlidir. Bütün bu tədbirlər bugünkü sərnişin axınını bölüşdürəcək. Bu gün əgər 8-ci kilometr qəsəbəsindən - "Əhmədli", "Həzi Aslanov" massivindən bir xətt üzrə hərəkət mümkündürsə, qeyd olunan xətlər tikiləndən sonra artıq iki variant yaranacaq: mövcud xətt və cənubdan yol götürən yeni xətt. Bu da sərnişin axınında yeni imkanlar yaradacaq”.

Ekspert bildirib ki, Abşeron rayonunda metronu əvəz edəcək nəqliyyat dəmir yolu şəbəkəsidir: “Bu dəmir yolu şəbəkəsi vaxtilə 198 km olub. Müəyyən hissələri demontaj olunub, amma ümumi olaraq şəbəkə mövcuddur. O şəbəkəni sağlamlaşdırıb qatar sayını artırmaqla yerüstü metro funksiyasını dəmir yolu üzərindən təşkil etmək olar. Bu da proqramda var və bugünkü daşımanı yaxın 5 il ərzində 4-5 dəfə artırmağı hədəf qoyublar.

Metro stansiyalarının çəkilməsi ilə bağlı konseptual plan var. Plan ciddi sosial və iqtisadi araşdırmalar əsasında formalaşıb və Baş Plana uyğunlaşdırılıb. Metro çox baha başa gələn infrastrukturdur, böyük maliyyə tələb edir.

 Şəhərin daxilində daha çox ehtiyac olan sahələr var, onlar tikilib bitirilməlidir. Konseputal planda “Koroğlu”, “Dərnəgül” istiqamətinə, “Koroğlu”dan Bakıxanov, Qaraçuxur, Yeni Günəşli, oradan “Həzi Aslanov”a gələn xətt əslində dairəvi hərəkəti təmin etmək üçün çox vacibdir. Bu istiqamətlər daha vacibdir. Bu da çox güman, dövlət proqramının növbəti illərində, yəni 2030-dan sonra onlar da tikiləcək".   

Velosiped kirayəsi ilə tıxacın qarşısını almaq olmaz” - Elməddin Muradlı |  KONKRET

Ekspert Elməddin Muradlı qəzetə açıqlamasında bildirib ki, metro xəttinin hava limanına qədər uzadılması planlaşdırılır. Onun sözlərinə görə, Xırdalana metro xəttinin çəkilməsi ilə bağlı təkliflər olsa da, Baş Planda və dövlət proqramında bu, nəzərdə tutulmayıb: “Ola bilsin ki, gələcəkdə gündəmə uyğun olaraq belə bir addım atılsın. Ümumi plan ondan ibarətdir ki, Xırdalanı Bakı ilə əlaqələndirmək üçün ya "Xocəsən", “Avtovağzal” stansiyası vasitəsilə əlaqəli stansiya tikilməlidir, ya da yerüstü dəmir yolu xətti ilə əlaqələnməlidir. Dəmir yolu daha ucuz başa gəlir.  Hazırda 28 metro stansiyası var, onların sayının 70-i keçməsi planlaşdırılır. Lakin bu o qədər də asan məsələ deyil. Pul və düzgün layihələndirmə olandan sonra bu işlər tədricən görüləcək. Tədricən 2040-cı ilə qədər metro stansiyalarının sayı 57 olacaq. Bakının tam olaraq metro ilə əhatə olunması üçün 74 stansiya planlaşdırılır. Stansiyaların tikildiyi ərazilər tikinti maqnatları tərəfindən zəbt olunmamalıdır. Çünki bu, gələcəkdə xərcləri artırır".

Şahanə  RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

BÜTÜN XƏBƏRLƏR