Onlayn ictimai-siyasi qəzet
“Bu, yaxşı işdir, lakin əndazədən kənara çıxmaq olmaz”
Xəbər verildiyi kimi, futbol üzrə dünya çempionu, səkkiz dəfə “Qızıl top” mükafatını qazanmış Lionel Messi, həmçinin dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba iki gün öncə Azərbaycanda olublar. Onların ölkəmizə gəlişi müzakirələrə yol açıb.
Bir çoxlarını məşhur futbolçuların Bakıya gəliş səbəbi düşündürür. İdman jurnalisti Natiq Muxtarlı “globalinfo”ya Messi və digər məşhurların Azərbaycana gəlməsinin futbola heç bir aidiyyətinin olmadığını bildirib.
Onun fikrincə, dünya ulduzlarının ölkəmizə gətirilməsi kimlərinsə PR kampaniyasıdır: “Bu səfər Azərbaycana nə verdi? Əminliklə demək olar ki, heç nə! Bəs nə apardı? Külli miqdarda vəsait. Bu məşhurlar Bakıya ödənişsiz gəlməyib. Messinin hər saatı yox, dəqiqəsi belə puldur. Messi hər paylaşımına görə milyonlar alır. O, Azərbaycanla bağlı paylaşım edəcəksə, bunu da pulla edəcək”.
N.Muxtarlıya görə, Messini bir gün Azərbaycana gətirmək üçün ən az 2-3 milyon avro ödəməlisiniz: “Üstəlik digər məşhurlar da onunla gəlib. Onların səfər xərcləri, qonaqlara veriləcək bahalı hədiyyələr və ödəniləcək sanballı məbləğ... Təsəvvür edirsiniz söhbət hansı rəqəmdən gedir? Azərbaycanın rayonlarında futbol infrastrukturu dağılmış vəziyyətdədir. Adnan Əhmədzadə isə Messi və dostlarına milyonlar verib, onları Azərbaycana gətirir ki, özünü reklam etsin. Vəssalam! Messinin səfərinin Azərbaycana gətirdiyi ”xeyir" budur. Ölkənin daha 5-6 milyon valyutası kimlərəsə verildi".
Əcnəbi məşhurların, sənətçilərin, idmançıların hansı hallarda Azərbaycana gətirilməsi məqbuldur? Bunun millətə, idmanımıza, mədəniyyətimizə, incəsənətimizə, elmimizə hansısa faydası var?
Kinorejissor Əbdül Mahmudov deyir ki, idman sahəsi böyük təbliğat vasitəsidir.
“Messini şəxsi müstəvidə dəvət ediblər gəlib. İdman sahəsi böyük bir təbliğat sahəsidir. Buna görə sağ ol demək lazımdır. Lakin, bu vəziyyətdən çıxış deyil. Biz daha ciddi təbliğatla məşğul olmalıyıq. Bu gün dünyanın ən dəhşətli olanı artıq siyasi, iqtisadi silah deyil. İdeoloji təzyiq, təbliğat hamısını üstələyib. Biz isə bununla Messi, musiqi səviyyəsində məşğul oluruq. Hansısa müğənnini xaricdən gətirib oxudub, əl çalıb, yola salırıq. Bu da bizim təbliğat sayılır. Afrikanın qara-qara gədələrini gətirib mənasız yerə gəzdirib, müsahibə götürürük. Bu da Azərbaycanı tanıtmaq sayılır. Buna şapalaqla üz qızartmaq deyirlər”.
Ağ Partiyasının sədri Tural Abbaslı isə bildirir ki, ayrı-ayrı dövlətlər təbliğat vasitəsi kimi tanınmışları ölkəyə gətirirlər. Bu metod çoxdan var.
“Dövlətin tanıdılması, turizm potensialının artırılması üçün dünya səviyyəli məşhurları dəvət edirlər. Bu nümunə var və normal qəbul olunur. Adnan bəyin şəxsi pulları hesabına Messinin ölkəmizə gətirilməsinin heç bir ziyanı yoxdur. Əksinə, təbliğat baxımından çox önəmlidir. Adnan bəyin belə əlaqələri və tanışlıqları nəhayətki istədiyimiz yerə gəlib çatdı. Məsələn, İspaniyada oturub kofe içib, şəkil paylaşmaqdansa, Azərbaycana gətirib, ölkəmizin Qarabağ məsələsi ilə bağlı dünyada tanınmış insan kimi mövqe qoymasında önəmli rolu var. Qarabağ müharibəsi ərəfəsində ermənilər ABŞ-nin bir çox tanınmışlarına Qarabağla bağlı öz xeyirlərinə paylaşımlar etdirmişdilər. Bunun da müəyyən qədər yeri ictimaiyyətə təsiri olur. Bu baxımdan xeyirlidir. Dövlət də müəyyən zamanda bu addımlardan istifadə etməlidir. Bu şərtlə ki, çəkilən xərc əldə olunan dividentlə bərabər olsun”.
Rejissor Ramiz Həsənoğlu isə bildirir ki, tanınmış şəxslərin ölkəmizə gətirilməsi yaxşı işdir, lakin əndazədən kənara çıxmaq olmaz.
“Sənət adamlarının, futbolçuların ölkəmizə gətirilməsi müsbət haldır. Lakin onları çox da şişirtmək olmaz. Heç şübhəsiz ki, bu səfərlərin təbliğat baxımından böyük əhəmiyyəti var. Amma ölçü hissini itirmək lazım.
Azərbaycanı həqiqətən sevən insanlar, sənətçilər ölkəmizə gətirilməlidirlər. O adamlara bizim qapımız açıqdır, xoş gəlirlər. Burada bir söz deyib, başqa yerdə tamam ayrı cür hərəkət edən tanınmışların Azərbaycanda işi yoxdur. Hər halda onları dəvət edən adamlar ağlı başında olan adalardır. Bilirlər ki, kimi dəvət edirlər. Sadəcə olaraq hər kəsə layiq olduğu qədər, öz yükünə görə qiymət vermək və qarşılamaq lazımdır".
Şahanə Rəhimli
Musavat.com
07 Fevral 2025
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ