İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur ticarət mərkəzində tualet rəzaləti – bir xanımın çəkdiyi VİDEOETİRAZ

“Xəqani Mall”da tualetə girmək istədim. Üstümdə nağd pul yoxdur, ancaq kartdır. 3-cü mərtəbəyə qalxdım. Bir də gördüm ki, arxadan bir xanım qaça-qaça gəlir, “dayanın, tualet pulnandır” deyir. Dedim ki, nə qədərdir? Dedi ki, 1 manatdır. 1 manata tualet olar? Bilmədim özü üçün, öz cibi üçün deyirdi... 1 manata tualet olar? Tualetdir də, nədir ki, 1 manat istənilir? Plyus da ki, heç çek də vermirsən, kartla da ödəniş də etmək olmur. Heç nə, əsəbi halda moldan çıxdım. Tualet üçün 1 manat tələb eləmək gülməlidir. Tualetə görə 1 manat tələb edərlər?  - bu sözləri Vüsalə Abdullayeva deyir. O, Bakının mərkəzində yerləşən “Xəqani” Ticarət Mərkəzində üzləşdiyi vəziyyətlə bağlı video çəkərək ictimai tualet problemini qaldırıb. Ölkədə ictimai tualet problem ilə üzləşən təkcə Vüsalə Abdullayeva deyil. Bir müddət əvvəl rüsvayçı vəziyyətlə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədr müavini, tanınmış memar Elçin Əliyev də üzləşmişdi.

“Qulaq as, qardaşım, ilk növbədə, həqiqətən, çox istəyirəm tualetə, kişi ol, mənə şifrəni ver, xahiş edirəm”

Bakıdan Qusar istiqamətinə pullu yolla gedən tanınmış memara yolüstü ictimai tualetdən istifadə üçün şərt irəli sürülmüşdü!

Elçin Əliyev üzləşdiyi tualet problemini belə təsvir edir:

“Yeni pullu yol ilə Qusara, yas mərasiminə getmişdim. Marsdakı kimi tamamilə boş bir şosse ilə “uçuram” və hər zaman narahat oluram ki, əgər maşına bir şey olarsa, onda nə?  Təəssüf ki, belə də oldu - amma xoşbəxtlikdən maşınla deyil, mənim ilə: tualetə getmək istədim.

Təbii ki, dövlətin əvəzinə, magistral yolun ortasında yeganə özəl kompleks olan “Food Mood” tikilib - yol tikintisinə yad olmayan məmurun gözəl biznes ideyası olduğu aydındır. Menecer tualet kodunu verməkdən imtina edərək binanın şəxsi olduğunu mənə fəxrlə dedi:

“Kompleks özəldir, ona görə də bizdən bir şey almayana qədər kodu sizə verməyəcəyəm”.

Ona deyirəm – güclü təbii istəkdən ayaqlarımı bir-birinə sıxaraq – “qulaq as, qardaşım, ilk növbədə, həqiqətən, çox istəyirəm tualetə, kişi ol, mənə şifrəni ver, xahiş edirəm; ikincisi, pulqabımı özümlə götürməmişəm (sadəcə tualetin pullu olduğunu düşünmədim)  və bax, orada, çox uzaqda olan maşındadır. Uzaqda dayanan “cip”i görürsən?

“Xeyr”, zahirən normal görünən orta yaşlı menecer qəti şəkildə deyir, “siz bizdən alış-veriş etməyənə qədər tualetə gedə bilməzsiniz”.

...hansı əzablara dözdüyümü ancaq Allah bilir

Qisas almaq qərarına gəldim və arxamı çevirib getdim. Sonra təyinat nöqtəsinə çatanadək təbii işimi gördüm – amma özümü saxlamaq üçün hansı əzablara dözdüyümü ancaq Allah bilir.

Sonra da tam razı halda (hətta bu mövzuda məşhur bir zarafat da var: həyatda ən xoş şey nədir?)), bu barədə düşünürəm: necə ola bilər ki, dövlət qurumları 300 kilometrlik pullu avtomobil yolunun istifadəyə verilməsindən bir neçə il keçməsinə baxmayaraq, onun infrastrukturu ilə bağlı işləri hələ də başa çatdırmayıblar? Sürücüyə qətiyyən lazım olan heç nə yoxdur: nə yolun kənarında dayanmaq üçün bir yer, nə bir xidmət məntəqəsi, nə bir yanacaqdoldurma məntəqəsi, nə istirahət yeri, nə bir mağaza, nə də tualet... Bəs məndən niyə yol üçün 24 manat pul aldılar? Bununla belə, Rusiyaya gedən yol boyu özəl “Food Mood” kompleksləri artıq tikilib! Məgər iş məqsədli şəkildə tamamlanmır?”

Ən primitiv “kol dibi həlli”

Göründüyü kimi Azərbaycanda ictimai tualet problemi təkcə şəhərin mərkəzində deyil, ölkə boyu yaşanır.  Paytaxt Bakıdan rayonlara gedən əsas magistral yollarda tualet adına antisanitar vəziyyətdə olan balaca daxmalar, ya da qapısı bağlı sanitar qovşaqlar var. Qalan hallarda isə insanlar ən primitiv “kol dibi həllinə” məcbur qalır. Bu yalnız magistral yollarda deyil, park və ictimai məkanlarda da belədir. Bakı şəhərində yüzlərlə park və istirahət zonası var, amma onların çoxunda nə müasir sanitar qovşaqlar var, nə də olanlar işlək vəziyyətdədir.

“Paris kimi kapitalist şəhərdə tualetlər pulsuzdur”

Monopoliya qaldıqca, qiymətlər də artacaq - Eyyub Hüseynov | Modern.az

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında  məsələni yalnız infrastruktur yox, mədəniyyət problemi kimi qiymətləndirmişdi.

Onun dediklərindən sitat:

“İctimai tualetlərin olması bir mədəniyyətdir. Bu, ölkənin təmizliyinin nümunəsidir. Mədəniyyət zibil qabından, sanitar qovşaqlardan başlayır. Paris kimi kapitalist şəhərdə tualetlər pulsuzdur. Azərbaycanda isə restoranlarda tualetdən istifadə etmək üçün sahibindən icazə alınmalı, ya da pul ödənilməlidir. Bu, biabırçılıqdır. Nəzərə alsaq ki, Azərbaycan turizm ölkəsidir, bu sahəyə xüsusi diqqət edilməlidir”.

“Sanitar qovşaqların olmaması rüsvayçılıqdır”

E.Hüseynovun sözlərinə görə, bu məsələ turizm üçün də ciddi risk yaradır:

“Ölkəyə gələn qonaqlar komfort şərait gözləyir. Əgər turist vaxtında su içməsə və ya ayaqyolu tələbatını ödəyə bilməsə, mənfi təəssüratla geri qayıdır. Turizm marşrutlarında, regionlara gedən yollarda və şəhərdə sanitar qovşaqların olmaması rüsvayçılıqdır”.

“Özəl sektorla birgə ictimai tualetlər şəbəkəsini qurmalıdır”

Müstəqil Həmkarlar İctimai Birliyinin həmtəsisçisi Xəzər Teyyublu isə problemin daha kəskin ifadəsini verir.

O Musavat.com-a deyib ki, bu, sadəcə rahatlıq yox, insan ləyaqəti məsələsidir:

“İctimai tualet problemi artıq sosial rüsvayçılıq həddini keçib. Dünyanın hər yerində sanitar qovşaqlar dövlət siyasətinin bir hissəsi kimi qurulur. Bizdə isə məsuliyyət ya bələdiyyələrin, ya da özəl obyektlərin üstünə atılıb. Bu yanaşma kökündən səhvdir. Dövlət məsuliyyəti üzərinə götürməli, bələdiyyələrlə və özəl sektorla birgə ictimai tualetlər şəbəkəsini qurmalıdır”.

“Görünməz, amma kəskin” böhran

Xəzər Teyyublunun sözlərinə görə, problemin həlli üçün böyük büdcə tələb olunmur: “Sadə modul tipli sanitar qovşaqlar, müasir biotualetlər, park və stadionlarda pulsuz və ödənişsiz tualetlər qurmaq mümkündür. Bu iş turizm və ictimai sağlamlıq baxımından prioritet elan edilməlidir. Əks halda, biz bu rüsvayçılıqdan qurtula bilməyəcəyik”. İctimai tualet böhranı Azərbaycanın sosial infrastrukturunda “görünməz, amma kəskin” böhranlardan biridir. Bu, yalnız rahatlıq deyil, həm də insanlara hörmət, gigiyena və ölkənin beynəlxalq imici məsələsidir. X.Teyyublunun fikrincə, problemin həlli üçün dövlət məsuliyyəti üzərinə götürməli, bələdiyyə və özəl sektorla birgə müasir ictimai tualet şəbəkəsi qurulmalıdır: “Hazırda məsuliyyət əsasən iaşə obyektlərinin üzərinə qoyulub. Amma reallıqda restoran və kafelərin çoxu öz sanitar qovşaqlarını ictimaiyyət üçün açmaq istəmir. Bunu edənlər də keyfiyyətli xidmət göstərə bilmir. Çünki heç bir dövlət dəstəyi yoxdur, nəzarət isə formal xarakter daşıyır. Bu problemi həll etmək üçün kosmetik tədbirlər kifayət deyil. Biz dövlətin dərhal, sistemli şəkildə müdaxiləsini tələb edirik”.

Simvolik ödənişli ictimai tualet qurmaq öhdəliyi

Sözcü - Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

Xəzər Teyyublu deyib ki, restoran və kafe tualetlərini ictimaiyyət üçün açan sahibkarlara vergi güzəştləri verilməli, dövlət büdcəsindən aylıq simvolik ödənişlərlə onların təmizlik xərcləri qarşılanmalıdır:

“Yerli icra hakimiyyətlərinə hər 2-3 km məsafədə ən azı bir pulsuz və ya simvolik ödənişli ictimai tualet qurmaq öhdəliyi qoyulmalıdır. Müstəqil ictimai birliklər və qeyri-hökumət təşkilatları sanitar qovşaqların vəziyyətinə dair mütəmadi monitorinqlər aparmalı, nəticələr ictimaiyyətə açıqlanmalıdır”.

 X.Teyyublunun sözlərinə görə, ictimai tualet problemi ölkədə insan hüquqları və sosial təminat məsələlərinin bir parçasıdır: “İnsanların elementar ehtiyaclarını təmin etməyən cəmiyyət ləyaqət və sosial ədalət anlayışından uzaqdır. Bu problemin həllinə yalnız sahibkarın öhdəliyi kimi baxmaq olmaz. Dövlət bu işdə həm maliyyə, həm də inzibati dəstək verməlidir. Əks halda, bu məsələ illərlə həllini tapmayacaq və Azərbaycan vətəndaşı öz ölkəsində belə özünü narahat hiss edəcək”.

Hər 2–3 km məsafədə ən azı 1 pulsuz tualet

Xəzər Teyyublu deyib ki, məsələ yalnız vətəndaş rahatlığı ilə bitmir: “Xarici turistlərin Azərbaycanda ən çox şikayət etdiyi məsələlərdən biri məhz ictimai sanitar qovşaqların olmamasıdır. Bu isə ölkənin beynəlxalq imicinə birbaşa zərər vurur. Türkiyədə böyük şəhərlərdə ictimai tualetlər həm bələdiyyələr, həm də özəl iaşə obyektləri tərəfindən idarə olunur. Bələdiyyə tualetləri çox vaxt simvolik ödənişlə, 1-5 lirəyə işləyir, təmizlik xərcləri bələdiyyə büdcəsindən qarşılanır. Özəl obyektlərdə tualetlər dövlətlə müqavilə əsasında açıq saxlanılır. Bunun qarşılığında kafe və restoran sahibləri müəyyən vergi güzəştləri və ya dəstək alırlar. Almaniyada isə “Nette Toilette” adlı layihə icra olunur. Bu layihə çərçivəsində restoran və kafelər öz tualetlərini ictimaiyyət üçün açır. Bələdiyyə onlara aylıq 100-300 avro arası ödəniş edir. Şəhər sakinləri və turistlər bu yerləri xüsusi mobil tətbiqlər vasitəsilə rahat tapa bilir. Yaponiyada isə estetik və texnoloji yanaşma var. Tokioda bələdiyyə və iri şirkətlər tərəfindən super-təmiz, pulsuz və dizayner həlli olan tualetlər qurulub. “Tokyo Toilet Project” adlı layihə ilə şəhərin mərkəzi parklarında şəffaf divarlı, istifadədən sonra avtomatik özünü təmizləyən sanitar qovşaqlar var”.

 X.Teyyublu vurğulayıb ki, Azərbaycanda tualetlərini ictimaiyyət üçün açan kafe və restoranlara əmlak və mənfəət vergisində güzəşt tətbiq etmək olar:

“Bununla yanaşı, güzəştli təmizlik vasitələri ilə də tualetləri ictimaiyyətin üzünə aça bilərik. Dövlət və ya bələdiyyə bu obyektlərə təmizlik və gigiyena vasitələrini topdan, aşağı qiymətlə təmin edə bilər. Almaniya modelinə uyğun olaraq, obyektlərə aylıq kiçik məbləğdə, məsələn, 100-200 manat ödəniş edilə bilər. İcra hakimiyyətlərinə şəhər və qəsəbələrdə hər 2–3 km məsafədə ən azı 1 pulsuz və ya simvolik ödənişli tualet qurmaq öhdəliyi qoyulmalıdır. Layihələr üçün bələdiyyə-biznes tərəfdaşlığı modeli tətbiq edilə bilər. Hansı obyektlər keyfiyyətli xidmət göstərirsə, onların siyahısı ictimaiyyətə açıqlanmalı, xüsusi “gigiyena sertifikatı” verilməlidir.

 

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR