İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur azərbaycanlı fəttahın ölümün pəncəsindən aldığı pakistanlı alpinistdən təsirli açıqlama – Azərbaycan insanını dünyaya tanıdan gerçək qəhramanlıq hekayəsi

“Qar bəbiri”miz 8 minlik zirvənin 826 metrliyindən geri döndü – addımı ilə milyonların qəlbini fəth etdi!

Pakistanlı alpinist Asif Bhatti məşhur azərbaycanlı alpinist, 8 minlik zirvələri əvəzsiz fəttahı kimi tanınan İsrafil Aşurlunun onu ölümün pəncəsindən xilas etməsi haqda özünün facebook divarında təsirli status paylaşıb. “Qar bəbiri” titulunun fəxri daşıyıcısı olan həmyerlimiz İsrafil Aşurlunun onu mütləq ölümdən xilas etməsini qeyd edib.

Musavat.com Asif Bhattinin paylaşımını təqdim edir:

-Özümə inanırdım, düşərgə 4-dən Halul körpüsünə qədər demək olar ki, 40 kilometr getməli olduğumu bilirdim. 5 gün ərzində əl və ayaq barmaqlarımı şaxta vurdu. 6 gün qidalana bilmədim, bazadan lazımi dəstək olmadı. Məni düşərgə 4-dən, ən hündür nöqtədən düşərgə 2-yə qədər İsrafil Aşurlu endirdi. Mütləq ölümə tab gətirməyimə o, kömək etdi. Sonra Məhəmməd Yunus gəldi və məni düşərgəyə qədər endirdi.
Mən özümə inanırdım və valideynlərim, ailəmlə görüşmək üçün evə gedəcəyimi bilirdim. Anamın mənim üçün dua etdiyini bilirdim, ona görə də evə qayıdacağama əmin idim. Oksigen balonu olmadan düşərgə 3-də 50 saatdan çox vaxt sərf etdik. İndi qarşıdakı çətinliklərlə üzləşmək üçün daha çox əzmlə bərpa vaxtıdır”.

Asif Bhattinin həyatını xilas edən İsrafil Aşurlu Everest zirvəsini və Şimal qütbünü fəth edən ilk azərbaycanlı alpinistdir. Onun Pakistanda göstərdiyi qəhrəmanlıq haqda dünya mətbuatı geniş məqalələr dərc edib. İsrafil Aşurlu Pakistanın Nanqa-Parbat zirvəsinə qalxarkən iki alpinistin - Asif Bhatti və polşalı Pavel Kopetsin köməksiz durumda tərk edildiklərinin şahidi olub.

İsrafil Aşurlu onları Himalay dağ silsiləsində yerləşən, dünyanın 9-cu ən hündür zirvəsi olan 8 min 126 metrlik Nanqa – Parbat zirvəsinə qalxarkən 7 min 300 metr hündürlükdə aşkarlayıb. Öz səfər yoldaşları tərəfindən tərk edilmiş, köməksiz vəziyyətdə qalacaqları təqdirdə həyatla vidalaşmalı olan iki alpinisti xilas etmək və ya oksigen seyrəkliyində qan donduran dağın zirvəsini fəth etmək dilemması ilə qarşı-qarşıya qalıb.

Həmin vaxt həmyerlimiz olan fəttahı zirvə ilə cəmi 826 metr ayırıb.

Tərəzinin bir gözündə iki köməksiz insanın taleyi, digərində isə İsrafil Aşurlunun Nanqa-Parbat zirvəsini fəth etmək əzmi ilə aylarla davam edən məşqləri, böyük məsrəfləri və bir çox digər texniki məsələlər dayanıb. Baş vermiş qandonduran olay dağ mövsümünün tam sonuna yaxın baş verib. İsrafil Aşurlu zirvənin bir addımlığından geri dönməklə azı bir il, yeni dağ mövsümü açılana kimi geri qayıtmaq şansını da xərcləyib.

Həmyerlimiz olan fəttah, alpinist yoldaşları tərəfindən tərk edilən 2 insanın taleyini seçib və bununla da köməksiz vəziyyətdə qalan alpinistlərin həyatı ilə maraqlanan milyonlarla insanın qəlbini fəth edib.

Asif Bhattinin “mütləq ölümə tab gətirməyimə o kömək etdi” qeydi təsadüfi deyil. İsrafil Aşurlunun səylərinə baxmayaraq polşalı Pavel Kopetsin həyatını xilas etmək mümkün olmayıb. Onun cansız bədəni bu gün də Nanqa-Parbat zirvəsinin 826 metrliyindədir. Dağ mövsümü bitdiyindən, hava şəraiti imkan vermədiyindən polşalı alpinist dağda uyumaqdadır. Belə bir çətin sınaq qarşısında İsrafil Aşurlu öz məqsədini ikinci plana, həyatını da təhlükəyə atmaqla görmə qabiliyyətini müvəqqəti itirmiş digər alpinist - pakistanlı Asif Bhattini düşərgəyə çatdıra bilib.

Dünyadakı 8 min və daha artıq hündürlüyü olan dağ silsilələrini fəth edən həmyerlimizin bu addımı qardaş Pakistanda böyük coşqu ilə qarşılanıb.

Məlumat üçün qeyd edək ki, kəskin dağ xəstəliyi kimi tanınan hündürlük xəstəliyi hündürlükdə oksigen çatışmazlığı səbəbi ilə yaranır. Bir çox hallarda başağrı, bulantı və başgicəllənmə yaradan bu xəstəlik bəzən ağciyərlərin və beynin maye ilə dolmasına səbəb olur. Polşalı alpinistin bu səbəbdən dünyasını dəyişməsi ehtimalı var. Xəstəlik 2500 metrdən yuxarı hündürlükdə olan hamıda yarana bilər. Belə xəstəliyi olanlara təcili aşağıya enmək və oksigen balonlarından istifadə etmək məsləhət görülür.

Həmyerlimiz belə ekstremal şəraitdə dağ zirvəsinin bir addımlığından geri dönüb. Bu, fəttah həmyerlimizin ilk xilasetmə işi deyil. O, Türkiyədə baş verən zəlzələlə zamanı dağıntılar altında qalanların xilas olunması prosesində də fəal iştirak edib. Azərbaycanın alpinist komandası ilə Ərzurum Beynəlxalq Buzadırmanma festivalına qatılan İsrafil Aşurlu bir gün sonra İzmirə yola düşəcəkmiş. Amma Türkiyənin bir neçə şəhərində zəlzələnin baş verdiyini öyrəndikdən sonra könüllü olaraq türk alpinistlərindən ibarət dəstəyə qoşulub. Fəlakət zonasına yollanan “qar bəbiri”miz burada onlarla insanın həyatını xilas edib. Azərbaycan Alpinist Klubunun təsisçisi, Azərbaycan Alpinizm Federasiyasına baş katibi İsrafil Aşurlu üçrəngli bayrağımızı fəth etdiyi bütün zirvələrdə dalğalandırıb. Onun fəth etdiyi sayca altıncı səkkizminlik zirvə isə Nepalda yerləşən Makalu zirvəsi idi. Hündürlüyü 8 min 485 metr olan Makalu 8 minlik zirvələr arasında ən çətin fəth olunanlardan sayılır. Ümumiyyətlə İsrafil Aşurlu 2007-ci ildə Everest (8848 m), 2009-cu ildə Qələbə (7439 m), 2011-ci ildə Kançencanqa (8586 m), 2019-cu ildə isə Lxotze (8516 m) və Manaslu (8163 m) zirvələrinə çıxıb. O, keçmiş SSRİ-nin 5 ən hündür zirvəsinin hamısını fəth edərək “Qar bəbiri” fəxri adını qazanan ilk azərbaycanlıdır.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR