İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mən Yusif Sərrac olmaq istəmirəm” – MTN polkovniki hakimi heyrətləndirdi

Mövlam Şıxəliyevin məhkəməsində kritik anlar – Zərərçəkmiş mənəm, üzdəniraqsa sənsən!


Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – E.M ) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin apelyasiya şikayəti üzrə proses davam edir.

Mövlam Şıxəliyevlə bərabər hakim qarşısına 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Hər 4 şəxs hazırda həbsdədir və məhkəmə zalında şüşə qəfəsdə əyləşdirilirlər. Məhkəmə nəzarətçilərinin müşayəti ilə məhkəmə zalına gətirilən müttəhimlərin qoluna qandal vurulmur.

“Bu gün olmayacaq, sabah bu audio-videoları qaldıracağam”

Ötən prosesdə Sahib Ələkbərov məhkəməyə qeydlərini və barəsindəki həbs qətimkan tədbirinin həbslə əlaqəli olmayan tədbirlə dəyişdirilməsinə dair vəsatət təqdim edib.

Bundan sonra zərərçəkən Qulam Bağırov Sahib Ələkbərovun ötən prosesdəki çıxışına münasibət bildirdmək üçün hakimdən icazə istəyib.

Hakim İlqar Murquzov zərərçəkənə belə bir şərait yaradılacağını bildirməklə sözü Sahib Ələkbərovun vəkili Vüsal Məmmədova verib və bildirib ki, Sahib Ələkbərovun vəsatətinə prosesin davamında münasibət açıqlanacaq.

Sahib Ələkbərovun vəkili müdafiə çıxışında ittiham üzrə epizodları sadalamaqla müvəkkilinin günahsız olduğunu, ittihamların əsassızlığını sübuta yetirməyə çalışıb.

Vəkil çıxış edərkən məhkəmə katibi prosesin audio-video çəkilişinin texniki səbəblərdən dayandığını açıqlayıb. Sahib Ələkbərov audio-video çəkiliş aparılmadan prosesin keçirilməsinə etiraz edərək deyib ki, Bakı Hərbi Məhkəməsində keçirilən proseslər zamanı onun məhkəməyə təqdim etdiyi sənəd-sübutlar protokola salınmayıb:

-Bu gün olmayacaq, sabah bu audio-videoları qaldıracağam. Bir halda ki, məhkəmə audio-video yazı ilə gedir, niyə mənim başımda çatlamalıdır? Niyə mənim çıxışımdan gedib mətbuatda şou düzəltməlidirlər? Ona görə düzəldirlər ki, mətbuatın nümayəndələri burada işləyir, üzdəniraq zərərçəkmişlərin nümayəndələri beynəlxalq aləmə çıxıb şou göstərirlər.

Sahib Ələkbərovun çıxışına zərərçəkən Qulam Bağırov kəskin etiraz bildirib:

-Hörmətli hakim, bu adam bizi təhqir edir, təhqirlərə yol verir. Əgər məhkəmə təhqirlə olacaqsa... belə məhkəmə olar?

Üzdəniraq sənsən! Görmürsüz, təhqir edir? Zərərçəkmiş mənəm, üzdəniraqsa sənsən! Xoşuna gəlir? Mən sənə sübut edəcəyəm sənin bir buket yalanlarını. Yalan danışmısan burada.

“Sən qudurmusan aaa, Sahib”

Müttəhimlərin yaxınları Qulam Bağırovu sakitləşdirməyə çalışdılar, Sahib Ələkbərovun konket ad çəkmədiyini dedilər.

Qulam Bağırov isə hakimdən tədbir görülməsini istədi:

-İş üzrə zərərçəkən mənəm. Vacibdir ki, ad çəksin? Üzdəniraq zərərçəkmişlər nə deməkdir? Səninləyəm, mənim üzdəniraq hərəkətimi görmüsən sən?

Sahib Ələkbərov:

-Mən burada gördüm ki...

Digər zərərçəkənlər:

-Sən qudurmusan a, Sahib. Özünə yığış.

Qulam Bağırov:

-Möhtərəm hakim, xahiş edirəm tədbir görün!

Hakim çəkici masanın üzərinə bir neçə dəfə çırparaq tərəfləri sakitləşdirməyə nail oldu:

-Dayanın! Hər ikinizi xəbərdar edirəm, sədrlik edənin icazəsi olmadan yerdən danışmayın.

Qulam Bağırov:

-Belə biabırçılıq olmaz! Bura söyüş söyməyə gəlmişik?

Sahib Ələkbərov:

-Məhkəmə heyətindən və bütün burada iştirak edənlərdən üzr istəyirəm.

Hakim:

-Bir-birinizə hörmət qoyun.

Mübahisə bitəndən az sonra audio-video çəkilişlə bağlı problem aradan qaldırıldı. Bundan sonra Sahib Ələkbərovun vəkili Vüsal Məmmədov çıxışını davam etdirdi. O, Sahib Ələkbərova qarşı ittihamların absurd olduğunu söylədi. Dəlillərlə bağlı fikirlərini yazılı şəkildə məhkəməyə təqdim edəcəyini bildirdi.
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətl işinin üstünü açmışıq!

Vəkil çıxışını yekunlaşdırandan sonra hakim sözü Vüsal Ələkbərova verdi.

Çıxışına özü haqda məlumat verməklə başlayan Vüsal Ələkbərov 1996-cı ildən Milli Təhlükəsizlik Nazirliyində işlədiyini söyləyib:

-Son 10 ildə dövlət hakimiyyəti əleyhinə cinayətlərin araşdırılması şöbəsinin rəisi olmuşam. Dövlətə xəyanət, casusluq, dövlət xadiminin həyatına sui-qəsd, hakimiyyəti zorla ələ keçirmə, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr yaratma, dövlətə qarşı cinayətlər, kibercinayətlərin araşdırılmasını həyata keçirmişəm. Xidmətim dövründə hakimiyyətə, dövlətə, prezidentə, milli və dövlət təhlükəsizliyinə, xalqa sadiq olmuşam. Zabit şərəfini və ləyaqətini qorumuşam. Xidmətdə olduğum dövrdə heç zaman barəmdə şikayət olmayıb. “Nazirlərin işi”, “Texnikabank işi” “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətl işi, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə işləri üzrə istintaq qrupunun rəhbəri olmuşam. Bütün cinayət işlərini sona çatdırmışıq, hər biri ilə bağlı məhkəmə hökmləri olub. Bu gün də heç bir qərarımız, ittiham aktı ləğv olunub geri qaytarılmayıb. Hacı Məmmədovun cinayətlərini araşdıran istintaq qrupunun üzvü olmuşam. Xarici ölkələrin casusları ilə bağlı istintaq aparmışam. Rusiyanın, İranın və dgər ölkələrin casuslarının istintaqını aparmışam. Bu işləri ona görə sadalayıram ki, burada mənimlə bərabər olanlar da burada oturmağa layiq deyillər. Bu adamlar MTN-in şərəfli zabitləridirlər.


Hakim Vüsal Ələkbərovu dayandıraraq ondan epizodlar üzrə danışmasını, narazı qaldığı məqamları deməsini istəyib.

“Mən Yusif Sərrac olmaq istəmirəm! Bu, heç düz də deyil!”

Vüsal Ələkbərov deyib ki, Mövlam Şıxəliyev 30-32 epizod üzrə, o isə 2 epizod üzrə təqsirli bilinib:

-Prokurorluq Bakı Hərbi Məhkəməsində mənə 2 epizod üzrə 15 il iş istədi. Həmin epizodlar və digər 30 epizod üzrə Mövlam müəllimə daha aşağı iş istəmişdi. Bilirsiz, qərəz hamısı elə buradan başlayıb. Gələcəkdə qərar qəbul edəndə bunu nəzərə alasınız. MTN-dəki məlum hadisələrdən sonra barələrində cinayət işləri apardığım şəxslərin qərəzli şikayətləri nəticəsində istintaqa cəlb olundum. Bakı Hərbi Məhkəməsinin 28 fevral 2018-ci il tarixli hökmü ilə 5 il müddətinə qanunsuz olaraq azadlıqdan məhrum olundum. Cəzamı çəkib qurtarandan sonra məni yenidən 2 epizod üzrə istintaqa cəlb etdilər. Halbuki barəmdə ilk iş gedərkən bu epizodlar üzrə araşdırma aparılmışdı. Lakin ittiham verməmişdilər. Bu mənim günahım deyil ki, həmin vaxt ittiham vermədilər. Götürün, cinayət işinə baxın, həmin epizodlar üzrə heç bir sübut yoxdur. 15 ay barəmdə istintaq gedib, cəmi 3 dəfə dindirilmişəm. Bu iki epizodu təsir vasitəsi kimi saxlamışdılar. Sizdən də xahiş edirəm ki, qərar qəbul edərkən məni Yusif Sərrac (Mirzə Fətəli Axundovun “Aldanmış kəvakib” əsərinin qəhrəmanını nəzərdə tutur – E.M) etməyin! Mən Yusif Sərrac olmaq istəmirəm! Bu heç düz də deyil!

Hakim:

-Bu nə deməkdir?

Vüsal Ələkbərov:

-Bilənlər biləcəklər.

Hakim:

-Başa düşmədik, nə demək istəyirsiz?

Vüsal Ələkbərov:

-Mən Bakı Hərbi Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü ilə yenidən, əsassız və qanunsuz olaraq, təkrarən 7 il 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşam. Yəni mənə qarşı qərəzli olan şəxslərin ifadələrindən başqa işdə heç bir mötəbər və təkzibedilməz subutlar yoxdur. Telefon danışıqları, video-audio yazılar olmadan məni təkrarən, ikinci dəfə və eyni formada cəzalandırdılar. Azadlıqdan məhrum edilmişəm. Nizami Kazımov və Müsənnif Sadıqovun əvvəlki iş üzrə təmin olunmayan mülki iddiaları bu iş üzrə mənə qarşı təmin olunub. Həmin epizodlar üzrə isə mənə ittiham verilməyib. Həmin epizodlar üzrə mülki iddialar Mövlam Şıxəliyevə qarşı təmin olunmaqla yanaşı mənə qarşı da təmin olunub. Bir cinayət işi üzrə, eyni epizod üzrə məni 2 dəfə cəzalandırıblar. Xahiş edərəm, qərar qəbul edərkən bunu nəzərə alasınız.

“Yalnız bu halda azadlıqdan söhbət gedə bilər”

Vüsal Ələkbərov çıxışını yekunlaşdırandan sonra vəkili də çıxış etdi, müvəkkilinin gətirdiyi dəlillərin nəzərə alınmasını xahiş etdi.

Müttəhim Yasin Məmmədovun vəkili isə vəsətətlə çıxış edərək müvəkkilinin barəsindəki həbs qətimkan tədbirinin dəyiçşdirilməsini istədi:

-Yasin Məmmədovun sağlamlığı ilə bağlı saxlandığı təcridxanaya sorğu vermişəm, cavab almışam. Digər xəstəlikləri ilə bağlı onda “panik atak” diaqnozu qoyulub. Belə bir xəstəliyi olan şəxsin qapalı şəraitdə saxlanılması onun sağlamlığına ağır fəsadlar verir. Ona görə də Yasin Məmmədovun barəsində həbs qəti imkan tədbiri dəyişdirilsin.

Hakim hər 3 müttəhim – Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərovun barələrində həbslə əlaqəli olmayan qətimkan tədbiri seçilməsi haqda vəsatətlərini müzakirəyə çıxardı. Zərərçəkmişlərdən bir neçəsinin vəkili olan Osman Kazımov vəsatətin təmin edilməməsini istədi. Vəkil hər 3 şəxsin zərərçəkənlərə vurduqları ziyandan cüzi hissəni belə ödəmədiklərini diqqətə çatdıraraq bildirdi ki, bu halda hər hansı bir azadlıqdan söhbət gedə bilməz:

-Vurduqları ziyanı ödəsinlər, gedib evlərində otursunlar. Yalnız bu halda azadlıqdan söhbət gedə bilər.
Dövlət ittihamçısı da bildirdi ki, hər 3 şəxs xəstəlikləri ilə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə müraciət edə bilərlər. O da eyniməzmunlu vəsatətlərin təmin olunmamasını istədi. Müşavirə otağına yollanan hakimlər oradan qayıdandan sonra vəsatətlərin təmin edilmədiyini elan etdilər.

“Mövlam Şıxəliyevin Elçin Qəmbərova 510 min manat rüşvət verilməsi faktı üzrə...”

Zərərçəkən Zaur Əliyev də vəsatətlə çıxış etdi.

-Hörmətli məhkəmə, fevralın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov vasitəsi ilə “Mərkəz” vəkil bürosunun rəhbəri olmuş Elçin Qəmbərova 510 min manat rüşvət verilməsi faktı üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək. Sizdən xahiş edirəm ki, həmin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə sorğu ilə müraciət edib, həmin iş üzrə ittiham aktını tələb edib, hazırki cinayət işinə əlavə olunmasını təmin edəsiniz.

“Sən savadlı hüquqşünassan, sən heç bilirsən nə danışırsan?”

İkinci məsələ, 510 min manat elə-belə pul deyil, yarım milyon manatı hər dəqiqə qazanmaq olmur. Həmin pul haradan əldə olunub, nəyə görə, hansı məqsədlə, hansı şəkildə rüşvət olaraq verilib?

Vəkil Arzu Cavadov:
-Sən savadlı hüquqşünassan, sən heç bilirsən nə danışırsan?

Hakim:

-1 dəqiqə, vəsatəti yekunlaşdırdız? Siz özünüz zərərçəkmişsiniz. Hüquqlarınızı kim müdafiə edir?

Zaur Əliyev:

-Özüm, vəkilim.

Hakim:

-Vəkil Osman Kazımov, düzdürmü?

Zaur Əliyev:

-Bəli.

Hakim:

-Vəkiliniz Osman Kazımov burada oturanların hamısından yaxşı bilir ki, rəsmi qaydada sorğu verir, yaxud da gedir orada birbaşa verir. Çünki hazırda burada baxılan işlə həmin işin kontaktı yoxdur. Osman Kazımov, siz alın, baxın, təqdim edin, işə əlavə edək.

Zaur Əliyev:

-Sizdən xahiş edirəm ki, bu gün burada baxılan işin hüquqi qiymətləndirilməsi baxımından əhəmiyyətlidir.

Hakim:

-İndiki halda şifahi vəsatətiniz təmin olunmur. Vəkiliniz sorğu versin, alın, baxaq. Verməsələr, biz sorğu verərik.

“Biz vurulan ziyana görə bir-birimizi öldürməliyik?”

Bundan sonra hakim sözü Qulam Bağırova verdi. Zərərçəkmiş apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, ötən prosesdə iştirak etməyib:

-Sahib Ələkbərov həmin prosesdə geniş olaraq özünü müdafiə xarakterli çıxış edib.
Hakim:

-Qulam Bağırov, dayandırın! Siz məhkəmənin sonundakı çıxışınız zamanı barənizdəki çıxışa münasibət bildirə bilərsiz. Hazırda siz apelyasiya şikayətinizdən çıxış edin. Buyurun.

-Sahib Ələkbərov son çıxışında bildirdi ki, ona verilən 8 illik cəza ittihama uyğun deyil. Hesab edirəm ki, Sahib Ələkbərova verilən cəza azdır, ona daha artıq cəza verilməlidir ki, bu insan rahatlaşsın. Qaldı ki ötən dəfəki çıxışına, o, həmin çıxışında çoxlu yalanlar söyləyib, xüsusən də mənim epizodum üzrə. Hesab edirsinizsə ki, bu haqda sonda deməliyəm, sonda deyəcəyəm. Zərərçəkənlərin hamısının apelyasiya şikayətləri demək olar ki, eynidir. Hər kəs müttəhimlərə verilən cəzaların ağırlaşdırılmasını istəyir.

“Mübarizə aparırıqsa, kişi kimi, mədəniyyətimizə uyğun aparaq”

Mən məhkəmə kollegiyasından xüsusi bir xahişim var. Bu məhkəmənin gedişi göstərir ki, sanki zərərçəkənlərlə müttəhimlər arasında bir düşmənçilik əmələ gəlib. Bu düşmənçilik aradan götürülməlidir. Hətta söyüşlər, ağır söyüşlər işlədilir. Bu yolverilməzdir. Bu barış, mülki iddianın təmin olunmasına sanki bir balta qoyulur. Mübarizə aparırıqsa, kişi kimi, mədəniyyətimizə uyğun aparaq. Bura söyüş eşitməyə gəlmirik. Düşmənçilik aradan qaldırılmalıdır. İnsanlar var ki, qan düşmənidirlər, amma qarşı tərəfin xanımı gələndə ayağa qalxır, baş əyirlər. Biz vurulan ziyana görə bir-birimizi öldürməliyik? Hesab edirəm ki, biz barışa gəlməliyik. Bizə vurulan ziyan məsələsində məhkəmədən gözləntimiz bizə dəstək olmasıdır. Bu adamlar da qəbrə getmirlər, həbsə gedirlər! Mən bu adamlara düşmən gözü ilə baxmıram, bunun da tərəfdarı deyiləm. Prosesdə Sahib Ələkbərov məni xəstə adlandırmasına baxmayaraq mən xəstə deyiləm. Mən qəza keçirmişəm. Həmin qəzadan sonra İqtisad Universitetinə daxil olmuşam, oranı fərqlənmə ilə bitirmişəm, xaricdə pulsuz olaraq magistraturanı bitirmişəm. Hətta Sahib Ələkbərov məni qanunsuz olaraq həbs edəndə mən məsul vəzifədə işləmişəm. Həmin dövrdə ən böyük tikinti şirkətinin maliyyə işləri üzrə məsul vəzifədə işləmişəm. Heç zaman həmin məsul vəzifəyə xəstə adamı yerləşdirməzlər. Barəmdə qanunsuz həbsim zamanı xəstəliyimlə bağlı yazılanlar mənim azad olunmağıma xidmət edib. Qısa olaraq deyim ki, Sahib Ələkbərovun barəmdə dedikləri yalandır. Bununla bağlı məhkəmənin sonunda fikirlərimi deyəcəyəm.

“Mövlam Şıxəliyevi İstintaq Baş İdarəsinə rəis gətirəndən sonra...”

Bundan sonra zərərçəkən Hüseyn Səfərov çıxış edib. O, apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavəsini müdafiə etdiyini açıqlayıb. O, müttəhimlərin cəzalarının artırılmasını istəyib. Mülki iddialarının tam olaraq təmin edilməsini xahiş edib:

-Bu adamlar MTN-də işləyəndə yoldan keçənlərdən belə pul alıblar. Orada işləyənlər də deyir ki, Eldar Mahmudov nazir gələndən sonra, Mövlam Şıxəliyevi İstintaq Baş İdarəsinə rəis gətirəndən sonra orada rüşvət məbləği 100-150 dəfə qalxdı. Məni qanunsuz olaraq həbs etdilər. O vəziyyətə saldılar ki, bu gün də uşaqlarım maaş alır, aparıb banklara kredit ödəyirlər. Mən Mövlam Şıxəliyevdən pulumu almalıyam. Vəziyyətim o qədər gərgindir ki, mən ondan ya pulumu, ya da qisasımı almalıyam. Neçə vaxtdır problemlər içindəyəm. Öz evlərimi, uşaqlarımın evlərini satmışam. Qisasımı necə alacağam, bunu bir Allah bilir, bir də mən.

Vəkil Osman Kazımov da müvəkkillərinin mövqeyindən çıxış edib. O, müttəhimlərin mütəşəkkil dəstə şəkilində zərərçəkənlərə qarşı cinayət törətdiklərini diqqətə çatdırmaqla barələrindəki cəzaların ağırlaşdırılmasını xahiş edib.

Zərərçəkən Əfsəl Həsənəliyevin də çıxışı eyni məzmunlu olub.

Proses fevralın 27-də davam etdiriləcək.

E.Məmmədəliyev,
Müsavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR