İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mən elə deməmişəm” - Kelloq Ukraynanın bölünməsini təklif etməyib, müzakirə edib

“Ukraynanı müharibədən sonrakı Berlin nümunəsi ilə Avropa ölkələri ilə Rusiya arasında nəzarət zonalarına bölmək olar”. Bu fikri Böyük Britaniyanın “Tayms” qəzetinə müsahibəsində ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

Ancaq o, sonradan “Tayms” qəzetinin onun sözlərini təhrif etdiyini və Ukrayna ərazisini bölmək niyyətində olmadığını bildirib.

“Tayms” qəzeti hələm-hələm müsahibinin fikrini təhrif edən nəşr olmadığından, dünya miqyasında ciddi mətbuat qurumu kimi tanındığından güman etmək olar ki, Kelloq bu fikirlərə görə tənqidə məruz qaldığı üçün fikrini dəyişib və bir siyasət klassikası nümayiş etdirərək, medianı təhrifdə günahlandırır.

Onun “Tayms” qəzetinə verdiyi açıqlamanın təfsilatı isə beləydi: “Siz II dünya müharibəsindən sonra Berlində baş verənlərə bənzər bir şey edə bilərsiniz, o zaman Rusiya zonası, Fransa zonası, Britaniya zonası və Amerika zonası var idi”.

Kelloq bildirmişdi ki, Britaniya və Fransa qoşunları guya yenidən döyüşlərin qarşısını almaq üçün “çəkindirici qüvvə” kimi Ukraynanın qərbini işğal edə bilər, Rusiya ordusu isə Ukraynanın şərqinə nəzarət edəcək.

Sanki Ukrayna hərbi təcavüzə məruz qalan ölkə deyil, təcavüzkar dövlətdir və bir tərəfdən Rusiya, o biri tərəfdən də Fransa və İngiltərə birləşərək bu “aqressor dövləti” məğlub edir, ərazisini isə bölürlər.

Həmin müsahibəsində Kelloq onu da deyib ki, Ukrayna qüvvələri Avropa və Rusiya qoşunları arasında yerləşdirilə bilər. Əcəb həll yoludur. Ukraynanı təcavüzdən xilas etmək missiyası daşımalı olan qüvvələr bufer zonasına Ukraynanın öz ordusunu qoyurlar.

Hələ onun fikrincə, hazırkı cəbhə xətti boyunca 30 kilometrlik silahsızlaşdırılmış zona yaradılmalıdır və Amerika qoşunları Ukraynada yerləşməməlidr. Yəni daşın altında Avropanın və Ukraynanın öz əli olmalıdır. Amma əldə olunmuş sülhə görə bütün alqışlar ABŞ-yə yönəlməlidir.

İndi Kelloq deyir ki, "Tayms” onun dediklərini təhrif edib. “Mən Ukraynanın suverenliyini dəstəkləmək üçün atəşkəsdən sonra sabitliyi təmin edəcək qüvvələrdən danışdım. Bölünməni müzakirə edərkən mən müttəfiq qüvvələrin (Amerika qoşunları istisna olmaqla) məsuliyyət sahələrini nəzərdə tuturdum. Mən Ukraynanı bölmək niyyətində deyildim", - o, cümə günü X sosial şəbəkəsində yazıb.

Maraqlıdır: Kelloq etiraf edir ki, “bölünməni müzakirə edib”, “müttəfiq qüvvələrin məsuliyyət sahələrini nəzərdə tutub”, amma Ukraynanın bölmək niyyətində olmayıb.

Göründüyü kimi, başdan-başa ziddiyyət və səfsəfədir.

Bu, onu göstərir ki, nə Donald Trampın, nə də onun administrasiyasının səlahiyyətli nümayəndələrinin Rusiya-Ukrayna müharibəsini dayandırmaq, ədalətli sülhə nail olmaq üçün hər hansı bir optimal planı yoxdur.

Trampın və komandasının əsas düşüncəsi budur ki, Rusiya və Ukrayna arasında atəşkəs olsun, hərbi əməliyyatlar dayandırılsın, hər iki tərəf indi tutduqları mövqedə, təmas xəttində üzbəüz qalsınlar və sülh danışıqları, daha dəqiqi, Ukrayna torpaqlarının pay-bölüş edilməsi üzrə müzakirələr başlansın.
Plan bundan ibarətdir. ABŞ Rusiyadan öz ordusunu geri çəkməyi, Donbası Ukraynaya qaytarmağı tələb etmir, Krım barədə heç eyham belə yoxdur.

İlk baxışdan bu Rusiyaya sərf edən variantdır. Ölkə saplandığı bataqlıqdan “alın açıqlığı” ilə, sifətini qoruyaraq, uduş əldə edibmiş kimi çıxır, nəfəs dərir, böyük bir ərazini özününkü edir, tətbiq edilmiş çoxsaylı sanksiyaların ləğvinə nail olur, qaldığı yerdən başlayır.

Ancaq belə görünür ki, ABŞ-nin yeni administrasiyasının Rusiyanın qarşısından belə asanlıqla qaçması və ona böyük güzəştlər vəd etməsi, Kreml “qırğı”larının iştahını daha da qabardıb. İndi onlar Ukraynanı “bütöv halda” istəyirlər.

Ukrayna tərəfi isə məlul-müşkül şəkildə oturub ölkənin iki superdövlət tərəfindən bölünməsi prosesinə tamaşa etmək niyyətində deyil, yeni səfərbərlik planı hazırlayır və Rusiyanın enerji obyektlərinə aviazərbələr endirməyi davam etdirir.

Bu arada Sankt-Peterburqda Trampın xüsusi elçisi Stiv Uitkoffla Rusiya prezidenti Vladimir Putinin arasında keçirilən 4,5 saatlıq görüşün təfərrüatı barədə xəsis informasiyalar var. Bildirilir ki, dialoq Pasxa bayramından sonra davam etdiriləcək. Görünür, tərəflər Ukraynanın bölmək xüsusunda razılığa gələ bilmirlər, demarkasiya və delimitasiya problem ilə üzləşiblər.

Ayrıca, Stiv Uitkoff prezident Donald Trampa Rusiyanın Ukraynanın dörd bölgəsi - Luqansk, Donetsk, Zaporojye və Xerson üzərində nəzarətinin tanınması ideyasını dəstəkləməyi təklif edib.

Bir sözlə, ötən il döşünə döyərək Rusiya-Ukrayna müharibəsini bir sutkaya dayandıracağını vəd edən Trampın bu münaqişəni heç 100 günə də həll edə bilməyəcəyi gerçəyi ortaya çıxıb.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR