Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 24-də Bakının Binə qəsəbəsində 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin 23 şagirdi dönərdən zəhərlənib. Məktəblərin rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verilib. Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər. Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 23 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə, 1 uşaq isə ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda 21 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.
AQTA-dan isə bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə daxil olmuş müraciət əsasında Bakı şəhərinin Xəzər rayonunda 23 nəfər məktəblinin zəhərlənmə şübhəsi ilə səhhətində baş vermiş problemlə bağlı müvafiq qurumların əməkdaşları ilə birgə dərhal araşdırmalara başlanılıb. Qeyd edilib ki, toplanmış anamnez məlumatlarına əsasən, hadisənin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fəaliyyət göstərən “Şah dönər” ictimai iaşə müəssisəsində hazırlanan dönərdən baş verdiyi müəyyən olunub. Faktla bağlı agentliyin müfəttişləri tərəfindən “Şah dönər” ictimai iaşə müəssisəsinə baxış keçirilib, müəssisədə istifadə edilən bişmiş toyuq ətindən, ayrandan, dönər çörəyindən, mayonezdən, tərəvəzlərdən və digər məhsullardan nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir. Araşdırmaların yekun nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq.
Burada yenə də məktəblərdə qidalanma ilə bağlı məsələ gündəmə gəlir. Bundan öncə də kütləvi zəhərlənmələr məktəblilər arasında baş vermişdi. Son dövrlər isə valideynlər məktəb bufetlərinə etibar etmədiklərini, evdən, ya da dükanlardan aldıqları məhsulu övladlarına yedirdiklərini deyirdilər. Bu hadisə bir daha onu deməyə əsas verir ki, məktəb bufetlərində qidaların normal olmasına insanlar etibar etməlidir, bunun üçün də nəzarət daha da gücləndirilməlidir.
“Məktəbyaşlı uşaqların qidalanma təhlükəsizliyi əsas amil kimi hər zaman diqqət mərkəzindədir. Bu baxımdan, təhsili idarəetmə qurumları iaşə xidmətlərinə, qida təhlükəsizliyinə nəzarət edən dövlət qurumları ilə birgə əməkdaşlıq edir”. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Qeyd olunub ki, uşaqların sağlamlığı və düzgün qidalanması ilə bağlı mütəmadi olaraq təhsil müəssisələrində aparılan maarifləndirmə tədbirləri məktəblilərin bu baxımdan məlumatlılığını artırmağa xidmət edir.
Qida mühəndisi Ağa Salamov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dönər zəhərlənmələri qlistli qidaların düzgün şərtlər altında mühafizə olunmaması, daşınmasında, qida zəncirində buraxılan kobud səhvlərdir: “Bura emal prosesi də daxildir. Mayonezi günəş şüası altında saxlamaq olmaz. Saatlarla otaq temperaturunda qalması da qida zəhərlənməsinə səbəb ola bilər. Toyuq emalı prosesində də buraxılmış səhv zəhərlənməyə səbəb ola bilər. Otaq temperaturunda ət, toyuq ətinin saxlanması salmonella bakteriyasının çoxalmasına gətirib çıxarır ki, burada da qida zəhərlənməsi baş verir. Eyni zamanda ətin mənşəyi də məlum olmalıdır. Kim satır, soyuducuda təchiz olunmuş maşında daşınır-daşınmır. Bunların hamısı söz mövzusudur. Suallar çoxdur ortada. Bunlar hamısı araşdırılmalıdır”.
Ekspert əlavə edib ki, AQTA bununla bağlı ciddi tədbir görməlidir, bütün dönərxanalar ciddi nəzarətə götürülməlidir: “Çünki işbazlar nə istəyir satır. Fikir versəniz, bəzi dönərxanalarda dönərlər çox ucuz qiymətə insanlara satılır. Bəzi insanlar keyfiyyəti qoyub, ucuz qiymətə satılan yerlərdən dönər alırlar. Hesablayın, dönərin tərkibinə vurulan qidaları-toyuğun, mayonezin, pomidorun, ketçupun və sairənin qiymətini toplayanda 1 manat edərmi?! Deməli, burada ətdən söhbət gedə bilməz, leş ətlərindən istifadə olunur. Bir də əllərin, bıçaqların mütəmadi olaraq yuyulmaması, dəzgahların mütəmadi olaraq təmizlənməməsi qida zəhərlənməsinə gətirib çıxara bilər. Ona görə iaşə obyektlərinə qida təhlükəsizliyi ilə bağlı təlimlərə cəlb olunmalıdırlar”.
Vaqif Qarayev
Pediatr Vaqif Qarayev də fikirlərini açıqlayıb: “Dönər haqqında vaxtaşırı belə xoşa gəlməyən xəbərlər paylaşılır. Dönər yemək vacibdirmi, yox! Dönər buralarda peyda olana qədər məktəblilər ac qalırdılar?! Uşağının qidalanmasından şikayətçi olan valideyn kifayət qədərdir. İndiki uşaqlar dönərə, çipsilərə, kolbasa-sosis məmulatlarına çox meyllidir. Duru yemək (şorbalar) yeyən uşaqlar çox azdır. Hamısında tibbi səbəb varmı, yox! Sadəcə, qida rejimini tənzimləmək lazımdır! Dönər əvəzinə uşağınızın çantasına adi pendirdən buterbrod qoyun, gündə bir dəfə duru yeməklər verin. Şirniyyatı kəskin azaldın. Rəngli və qazlı içkilər verməyin. Evə heç nəyə yaramayan kolbasa-sosis məmulatı almayın. Ən azından günaşırı ət yeməkləri hazırlayın. Gündəlik menyuda mütləq meyvə olsun. "Mənim uşağım bu dediklərinizin heç birini yemir" deyirsinizsə, həkimə müraciət edin, müayinə olunsun. Heç bir tibbi səbəb tapılmayacaqsa, məsuliyyət qalır valideynin boynunda. Uşağa yaşına uyğun gündəlik menyunu vaxtında tərtib etsəniz heç bir problem olmayacaq!"
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ