İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəbli Leylanın ölümünə səbəb olan sürücü məhkəmədə həbs edildi

Bakıda məktəbli qızın ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edilib.

Musavat.com-un xəbərinə görə, hadisə Binəqədi rayonu, Atatürk prospektindən Səttar Bəhlulzadə küçəsinə dönən hissədə baş verib.

33 saylı marşrut xəttində sürücü işləyən A.Məmmədzadə piyada xəttində Leyla Qurbanlını vurub. Məktəbli Leylanın yanında bacısı Zəhra da olub. Onlar birlikdə yolu keçirmişlər. Leyla bir addım öndə olduğu üçün avtobus onu vurub. Leyla yerə yıxılan zaman avtobus onun üstündən keçib.

Yaxınlıqda olan taksi sürücüsü Leyla və bacısını “İstanbul NS” klinikasına çatdırıb. Lakin klinikadan bildiriblər ki, lazımi ləvazimatlar olmadığı üçün xəstəyə müdaxilə edə bilməzlər.

Sonra Leylanı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Sürücü deyib ki, piyada avtobusun orta hissəsinə çırpıldığı üçün onu görməyib:

“Bütün sürücülər bilir ki, ora kor nöqtədir. Güzgüdən də görünmür. Əgər piyadanı ön tərəfdən vursaydım, özümü təqsirli bilərdim. Amma belə hadisə baş verdiyinə görə peşmanam. Azyaşlı uşağım var. Məhkəmədən mənə yüngül cəza verilməsini xahiş edirəm”.

Mərhumun atası R.Qurbanlı bildirib ki, sürücüdən şikayətçidir və ağır cəza verilməsini istəyir. Onun sözlərinə görə, digər qızı ani diqqətsizlik etsəydi, o da həyatını itirə bilərdi.

Leylanın bacısı isə qeyd edib ki, onlar piyada xəttinə yaxınlaşanda avtobus sürücüsü diqqətli olmayıb:

“Mən avtobusu görəndə bacımı arxadan itələyib kənara yıxmaq istədim. Amma bacarmadım. Ətrafa xeyli adam toplaşdı. Bir taksi sürücüsü bizi xəstəxanaya apardı”.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə A.Məmmədzadə 5 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və məhkəmə zalında həbs olunub.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Fevral 2025

19 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR