Onlayn ictimai-siyasi qəzet
Ekspertlər hesab edirlər ki, bu problem işğaldan azad olunan ərazilərə qayıdışdan sonra həll oluna bilər...
Rusiyanın orta məktəblərində uşaqların üçüncü növbədə tədrisi tamamilə ləğv edilib. Musavat.com xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Sergey Kravtsov Dövlət Şurasının iclasında bildirib.
Qeyd edilir ki, son illər Rusiyada 1179 yeni məktəb tikilib. Kravtsovun sözlərinə görə, bu nəticə rekord göstəricidir. Həmçinin ölkədə 3,5 mindən çox məktəb əsaslı təmir olunub. “Məktəblərdə üçüncü növbə tamamilə ləğv edilib, rekord sayda - 1179 yeni məktəb açılıb. 3,5 mindən çox məktəb təmir olunub”, - Kravtsov bildirib.
Daha əvvəl təhsil naziri məlumat vermişdi ki, rusiyalı müəllimlər “Müəllim və mentor ili”ndə dövlətdən 53 milyard rubl məbləğində dəstək alıblar. Regionlarda ümumilikdə 470-dən çox dəstək tədbiri həyata keçirilib.
Bəs Azərbaycanda (əsasən paytaxtda) da üçüncü növbə təhsilin ləğvi mümkünmü? Hazırda onların sayı neçədir? Problem məktəblərin, yoxsa müəllimlərin sayındadır? İki növbəli təhsilin üçüncü növbədən hər hansı üstünlüyü varmı?
Qeyd edək ki, Azərbaycanda 2022/2023-cü tədris ilində II növbədə təhsil alan şagirdlərin sayı 309560 nəfər, III növbədə təhsil alan şagirdlərin sayı isə 7020 nəfər təşkil edib. 2022/2023-cü tədris ilində ibtidai sinif şagirdlərindən II növbədə təhsil alanların sayı 145405 nəfər olub.
Dövlət Statistika Komitəsinin məlumatlarına isə qeyd edilir ki, son illər dövlət əyani ümumi təhsil müəssisələrində iki və üçüncü növbədə fəaliyyət göstərən məktəblərin, ikinci və üçüncü növbə təhsil alan şagirdlərin sayında artım var. Məsələn, 2017-2018-ci illərdə iki və üç növbə fəaliyyət göstərən məktəblərin sayı 1250 olubsa, 2021-2022-ci ildə bu rəqəm 1458-ə yüksəlib. 2017-2018-ci illərdə iki və üç növbədə təhsil alan şagirdlərin sayı 223133 olubsa, 2021-2022-ci ildə onların sayı artaraq 339577-yə çatıb.
Bu il, 2023-cü ildə də paytaxt məktəblərində şagird sıxlığı əksər ümumi təhsil müəssisələrini iki və üçnövbəli iş rejiminə keçməyə vadar edib.
Onu da nəzərə çatdıraq ki, 2020-ci ildə Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında" qərarı təsdiqləyib. Həmin qərarda dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları öz əksini tapıb. Burada qeyd olunur ki, dövlət ümumi təhsil müəssisələrində bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.
Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən sinifdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, sinif bu Normalarla müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir. Tam orta təhsil səviyyəsində təmayül siniflər 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni təmayül sinfində şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər təşkil edilir. Tədris ili ərzində təmayül sinfində şagird sayının azalması bu sinfin həmin və ya növbəti tədris ilində fəaliyyətinin davam etdirilməsinə, həmçinin tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində iki qrupa bölünməsinə məhdudiyyət yaratmır.
Elçin Əfəndi
Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, əslində ölkəmizdə 3 növbə yalnız xüsusi məktəblərdə var: “Bu da çox məhdud saydadır. Amma iki növbəli məktəb var, ikinövbəli məktəblərin olması daha çox əhalinin sıx məskunlaşdığı ərazilərdə daha çoxdur. Bakının Binəqədi, Abşeron ərazisinə düşən məktəblər bu qəbildəndir. Əsasən paytaxta yaxın olan məktəblərdir ki, burada əhali sıx olduğu üçün məktəb çatışmazlığı, şagirdlərin çoxluğu orada dərslərin ikinövbəli rejimdə olmasına gətirib çıxarıb. Əlbəttə, bunun qarşısını almaq üçün ölkəmizdə də müəyyən işlər aparılır. Bəzi məktəblərdə hazırda məcburi köçkünlər paytaxtda, paytaxtdan kənarda məhz həmin rayonların adlarına uyğun təyin olunmuş məktəblər var, orada təhsil alırdılar. Bu da daha çox paytaxt məktəblərinin daxilində idi. Hazırda məktəblər bir-bir işğaldan azad olunmuş ərazilərə köçürüldükçə təbii ki, əhali sıxlığına nəzərən şagirdlərin sıxlığı da azalacaq. Bir sinifdə 40 nəfər təhsil alırdısa, artıq bu say minimallaşdırılacaq. Belə olan halda da boş auditoriyalar yarandığı zaman da o zaman iki növbəli sistemdən bir nömrəli sistemə keçid olacaq. Eyni zamanda, dərslərin altıgünlük yox, beşgünlük olmaq məsələsi də aktuallaşa bilər. Əlbəttə, digər qabaqlayıcı tədbir kimi yeni məktəblərin tikilməsi daha çox sıxlıq olan ərazilərdə müəyyən irəliləyişə gətirib çıxara bilər”.
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, məktəblərdə şagird sıxlığı səbəbindən iki və üçnövbəli təhsilə zərurət yaranır: “Pedaqoji araşdırmalara əsasən, səhər dərsə gedən uşaqlar müəllimin izah etdiyi dərs proqramını daha tez qavrayır, nəinki günortadan sonra. İbtidai siniflər üzərindəki uzunmüddətli müşahidələrim əsasında deyə bilərəm ki, səhər növbəsində oxuyan uşaqların əlavə təlimə, məşğuliyyətə marağı olur. İkinci növbədə isə məktəbdə şagirdlər üçün müəyyən kurslar, təlimlər, valideyn və müəllim heyəti üçün iclaslar təşkil oluna bilər. Bu baxımdan tədris müəssisələrinin birnövbəli olması daha məqsədəuyğundur. Tədrisin iki, üçnövbəli olmasının mənfi tərəfləri çoxdur. Belə ki, şagird üçün gün bölünür. İkinci növbə dərs həm uşaqlara, həm də valideynlərə xoş təsir bağışlamır. Çünki valideynin iş qrafikində qarma-qarışıqlıq yaranır. Statistik göstəricilər əsasında deyə bilərəm ki, məktəbdən yayınma halları əsasən ikinci növbədə təhsil alan şagirdlər arasında müşahidə olunur. Valideyn həmin ərəfədə işdə olur və övladına nəzarət edə bilmir. Düzdür, uşaqların, əsasən də ibtidai siniflərdə təhsil alan şagirdlərin səhər saat 8-də dərsdə olması, onların oyanmasında çətinliklər yaradır. Amma bu, müvəqqəti olaraq baş verir. Şagirdlərin inkişafı üçün onların erkən oyanması vacibdir. Hesab edirəm ki, sıxlıq yaşayan məktəblər bu problemi illər üzrə növbəli etməklə həll edə bilərlər. Belə ki, bir tədris ilində səhər saatlarında oxuyan şagirdlər növbəti ildə günorta saatlarında dərsə getsinlər. Düşünürəm ki, respublikanın bütün məktəbləri üzrə birnövbəli və beş günlük təhsil həftəsinə keçmək lazımdır. Bu həm şagirdlərin asudə vaxtlarının yaranmasına, həm də vahid tədris müddətinin formalaşmasına gətirib çıxaracaq”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ