Onlayn ictimai-siyasi qəzet
Azərbaycan penitensiar sistemində mühüm dəyişikliklərin əsası qoyulur. Milli Məclisdə müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” Qanuna düzəlişlər həbsxanalarda məhkumların sağlamlıq hüquqlarının təmin edilməsində yeni mərhələ kimi qiymətləndirilir. Layihəyə görə, azadlıqdan məhrum edilən şəxslərin tibbi xidmətləri icbari tibbi sığorta çərçivəsində həyata keçiriləcək. Bu dəyişiklik yalnız Azərbaycan vətəndaşlarını deyil, həm də əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri əhatə edir. Ekspertlərin fikrincə, təşəbbüs BMT-nin Mandela Qaydaları və Avropa Həbsxana Qaydaları ilə səsləşərək dövlətin humanist siyasətinin göstəricisinə çevrilir.
Bunun üçün qüvvədə olan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi nəzərdə tutulur. Layihə Milli Məclisin Səhiyyə komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihə həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin tibbi müayinəsinin icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi məqsədilə hazırlanıb. Qanun layihəsi, həmçinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil ediləcək. Belə ki, təklif olunan dəyişikliklərə əsasən sözügedən Qanunun 15-2.1-ci maddəsində həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslər əlavə edilib və 15-2.3-cü maddəsindən qeyd olunan subyekt dairəsi çıxarılıb. Eyni zamanda, bu subyekt dairəsinə daxil olan şəxslərin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər kateqoriyasına aid olması halı da nəzərə alınıb. Müzakirələr zamanı deputat Adil Vəliyev deyib ki, 2024-cü il ərzində 670 məhkum müxtəlif ixtisaslaşdırılmış tibbi xidmətlərə, o cümlədən radiologiya (KT, MRT, PET, Doppler USM), cərrahi müdaxilələr (ümumi cərrahiyyə, travmatologiya, ginekologiya) və terapevtik müalicələrə (nefrologiya, revmatologiya, nevrologiya) ehtiyac duysa da, infrastruktur, tibbi avadanlıq və kadr çatışmazlığı səbəbindən bu xidmətlər göstərilməyib.
Qeyd edilmiş kateqoriyaya aid olan şəxslərə tibbi xidmətin göstərilməsi xüsusi xarakter daşıdığından, müvafiq Qanuna 15-17.2.3-3-cü maddə əlavə edilərək Xidmətlər Zərfində onlara göstəriləcək tibbi xidmətlərin tətbiqi şərtləri müəyyən olunacaq.
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Əliməmməd Nuriyev
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Musavat.com-a deyib ki, Milli Məclisdə müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik layihəsi həbs yerlərində olan şəxslərin tibbi təminatında yeni mərhələ hesab edilə bilər: “İndiyə qədər məhkumların sağlamlıq xidməti əsasən dövlət büdcəsi hesabına və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi vasitəsilə həyata keçirilirdi. Bu isə həm maliyyə yükü yaradır, həm də xidmətlərin müasir idarəetmə mexanizmlərinə inteqrasiyasını məhdudlaşdırırdı. Yeni dəyişikliklər nəticəsində məhkumların da icbari tibbi sığorta çərçivəsində xidmət alması nəzərdə tutulur. Əsas düzəlişlərdən biri Qanunun 15-2.1-ci maddəsinə edilmiş əlavədə öz əksini tapır. Burada həbs edilmiş, müəyyən müddətə və ömürlük azadlıqdan məhrumetmə cəzası çəkən şəxslərin də icbari tibbi sığortanın subyektləri sırasına daxil edilməsi təklif olunur. Bu, məhkumların hüquqi statuslarının məhdudiyyətlərinə baxmayaraq, onların sağlamlıq hüququnun təmin edilməsinə yönəlmiş mühüm addımdır”.
Fond rəhbəri bildirib ki, eyni zamanda, mövcud qanunun 15-2.3-cü maddəsində həmin şəxslərin sığorta subyektləri dairəsindən çıxarılmasına dair müddəa mövcud idi: “İndi isə layihədə bu istisnanın aradan qaldırılması nəzərdə tutulur. Bu dəyişiklik formal bir düzəliş təsiri bağışlasa da, əslində məhkumların tibbi xidmətlərdə bərabər hüquqlara malik olmalarının hüquqi əsasını möhkəmləndirir. Bundan əlavə, layihə ilə qanuna 15-17.2.3-3-cü maddənin əlavə olunması nəzərdə tutulur. Bu maddədə məhkumlara göstəriləcək tibbi xidmətlərin xüsusi xarakter daşıdığı qeyd edilir və Xidmətlər Zərfində onlar üçün ayrıca tətbiq şərtlərinin müəyyən olunacağı təsbit olunur. Bu, həm hüquqi dəqiqlik baxımından, həm də praktiki mexanizmlərin işləkliyi baxımından əhəmiyyətlidir. Çünki penitensiar müəssisələrdə tibbi xidmətlər xüsusi şəraitdə göstərilir və bunun nəzərə alınması vacibdir”.
Fond rəhbəri deyib ki, b u dəyişikliklər yalnız Azərbaycan vətəndaşlarını deyil, həm də əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri əhatə edir: “Bu isə həm milli qanunvericiliyin humanistləşdirilməsi, həm də Azərbaycanın beynəlxalq öhdəliklərinin icrası baxımından mühüm əhəmiyyət daşıyır. BMT-nin Mandela Qaydaları və Avropa Həbsxana Qaydaları açıq şəkildə göstərir ki, məhkumların sağlamlıq hüququ azadlıqda olan şəxslərin hüquqları ilə eyni standartlarla təmin edilməlidir. Beləliklə, “Tibbi sığorta haqqında” Qanuna təklif olunan dəyişikliklər və əlavələr yalnız texniki düzəlişlər deyil, həm də dövlətin humanist siyasətinin bariz ifadəsidir. Onlar məhkumların sağlamlıq hüququnun effektiv qorunmasına, penitensiar sistemdə humanizm prinsiplərinin güclənməsinə və gələcəkdə məhkumların cəmiyyətə reinteqrasiyasının asanlaşdırılmasına xidmət edir”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
16 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ