İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblərdə pul yığılması qaydası dəyişdirilir- Şəffaflıq olacaqmı? 

 

Bir müddət öncə Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilindən valideynlərin məktəblərə könüllü ianə verməsi layihəsinin pilot şəkildə tətbiqinin planlaşdırıldığını qeyd etmişdi.

Məsələ ilə bağlı mediaya açıqlama verən Elm Və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Rüfət Əsədzadə qeyd edib ki, valideynlərin məktəblərə könüllü ianə verməsi ilə bağlı yaradılan yeni pilot layihə "Məktəb-Ailə icma birliyi" adlanır. "Könüllü olaraq hansı məktəb istəsə, bu layihə fəaliyyətə başlaya bilər. Hazırda bu layihə 12 məktəbdə təklif olunub. Oktyabr-noyabr aylarında sözügedən məktəblərdə bu layihə fəaliyyətə başlayacaq. Burada əsas məqsəd məktəbə edilən ianələrin şəffaflığının və effektivliyini təmin olunmasıdır. İcma birliyinin idarəetməsi 9 nəfərdən ibarət olacaq. 4 nəfər məktəb, 5 nəfər isə ailə tərəfindən, hətta şagirdlər də buraya daxil olacaq ki, qərar vermədə məktəbin üstünlüyü deyil, ailə icma birliyinin üstünlüyü çox olsun", - deyə o əlavə edib.

Onu da nəzərə çatdıraq ki, pilot layihə ilə bağlı sosial şəbəkələrdə də müzakirələr aparılır. Əksər valideynlər pilot layihənin şəffaf olacağına o qədər də inanmırlar. Onlar ehtiyat edirlər ki, bu da könüllü deyil, məcburi xarakter alacaq.. Odur ki, əksəriyyət fondpulunun tamamilə ləğv olunmasının tərəfdarıdır.  Bəs görəsən, bu layihənin effekti olacaqmı, ümumiyyətlə, bunun mənası nədir? 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Musavat.com-a bunları şərh etdi: “Gəlin öncə görək qanun nə deyir: “Təhsil haqqında” Qanunun, 34-cü maddəsində qeyd edilir, valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri; 34.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək; Maddə 38. Təhsil müəssisəsinin maliyyələşdirilməsi; 38.2. Təhsil müəssisəsi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.

1589192278_kamran4.jpg (74 KB)

Mövcud qanunlarımız deyir ki, valideynlər məktəbə könüllü ianə edə bilərlər. Emin müəllim də deyir ki, bunu indiki kimi sinif rəhbərinin, hansısa komitənin vasitəsi ilə kor-koranə yox, rəsmi və şəffaf şəkildə etmək lazımdır. Məktəbə lazım olan bütün resurslar dövlət tərəfindən pulsuz olaraq verilir. Amma bəzən çatmayanlar olur. Misal üçün, X bir məktəbə KSQ, BSQ və digər təşkilati işlərin görülməsi üçün 20 paçka A4 göndərilir. Amma bəzən şagirdlərin sayı və imtahanların həcmi daha çox kağıza ehtiyacı yaradır. Müvafiq məktəb yeni A4 vərəqi tələbi ilə yuxarı quruma müraciət edib kağız istəyənə və kağızlar gələnə qədər azı 4 ay vaxt keçir. Və ya lövhədə yazmaq üçün marker lazımdır, bir riyaziyyat müəllimi daha çox yazıb mövcud resursu bitirə bilər. Bəli, ümumiyyətlə, səbəb nə olursa-olsun, təhsil müəssisələrində pul yığılması qadağandır. Amma ortada mövcud problem var. Bu necə həll oluna bilər? Bir məqamı qeyd edim,  əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər. Şəxsi maraq və ehtiyaclar üçün sərf oluna bilməz. Təkrar qeyd edirəm ki, qanunvericilikdə də qeyd olunur ki, məktəblər ianə qəbul edə və valideynlər tərəfindən köməklik oluna bilər. Amma problem onun tətbiqindədir. Hal hazırda bunun mexanizmi yoxdur. Hesab edirəm ki, məktəblərə muxtariyyət verilməlidir. Təhsil ocaqlarına nisbətən azadlıq yolu açılmalıdır ki, sərbəst qərar qəbul edə bilsinlər.  Belə olduğu təqdirdə bütün ianələr korrupsiya halları kimi deyil, leqal yollarla tənzimlənə bilər.

Şuranın katibi isə məhz bu istiqamətdə maraqlı olduqlarını qeyd edir. Yəni müvafiq təşkilat bunu könüllü etsin və əgər vəsait toplanacaqsa, bu şəffaf, hesabatlı formada həyata keçirilsin.

Beynəlxalq təcrübəyə görə belə təşkilatlara yığılan vəsaitlər, üzvlük haqları məktəblərdə şəhidlərlə bağlı guşələrin yaradılmasına, hər hansı yarışların keçirilməsinə, şagirdlərin yay tətilində düşərgələrə göndərilməsinə və sairə xərclənir. Bunun isə şəffaf hesabatını kim tələb etsə, təqdim edə bilər. Lakin bizim məktəblərimizdə hal-hazırda bu yoxdur. Məktəblərə yardım etmək təcrübəsi Avropada,  ABŞ-da belə var. Valideynlər özləri könüllü olaraq məktəblərə dəstək olurlar. Amma bu məcburi deyil, bu nağd pul almaq formasında həyata keçirilmir.  Təşkilata üzvlük könüllü olmalı, heç bir halda nağd şəkildə valideynlərdən pul tələb edilməməlidir. Təşkilatın hesabı olmalı, valideynlər üzvlük haqqını həmin hesaba köçürməlidirlər.  Şuranın katibi də demir ki, rüşvəti şəffaf yığın, deyir ki, vəsait qanunvericiliyin tələbləri çərçivəsində yığılmalı və düzgün istiqamətdə xərclənməlidir. Daha kim istəyir, əlinə bir dəftər alıb pul yığmamalıdır”.

Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard 884 milyon 325 min 660 manat vəsait ayrılıb.  Həmin xərclərin 376 milyon 858 min 452 manatı məktəbəqədər təhsilə, 2 milyard 90 milyon 153 min  867 manatı ümumi təhsilə, 63 milyon 815 min 386 manatı peşə təhsilinə, 87 milyon 300 min 596 manatı orta ixtisas təhsilinə, 59 milyon 987 min 844 manatı ali təhsilə, 3  milyon 937 min 523 manatı əlavə təhsilə, 7 milyon 15 min  701 manatı təhsil sahəsində tətbiqi tədqiqatlara, 1 milyard 195  milyon 256  min 291 manat təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılıb.

Afaq MİRAYİQ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR