Onlayn ictimai-siyasi qəzet
Mayın 18 və 19-da ölkə üzrə ümumi təhsil müəssisələrinin IV-VI siniflərində keçirilən monitorinq prosesi yekunlaşıb. Monitorinqlərdə 300 min nəfərə yaxın şagird iştirak edib. IV siniflərində təhsil alan şagirdlərin 98 faizindən çoxu monitorinqdə iştirak edib.
Paytaxt üzrə monitorinq üçün ayrılan 91 imtahan mərkəzində Azərbaycan və rus bölməsi olmaqla, 50 minə yaxın VI sinif şagirdi biliyini sınayıb. Təhsilalanlara tədris dili fənni üzrə 25 qapalı sual, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə isə 20 qapalı və 5 açıq sual təqdim olunub. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verilib. Monitorinqdə şagirdlərə təqdim olunan tapşırıqlar tədris dilindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, statistika və ehtimal məzmun xətlərini, təbiət fənnindən insan orqanizmi və sağlamlıq, canlıların müxtəlifliyi, maddələr və onların xassələri, enerji, qüvvə və hərəkət, ətraf mühit və biz məzmun xətlərini əhatə edib.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə və digər struktur bölmə rəhbərləri monitorinq prosesini izləyiblər.
Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsindən ibarətdir.
Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir. Qeyd edək ki, monitorinqlərlə bağlı ən ciddi narazılıq şagirdlərin təhsil aldığı məktəbdə deyil, digər təhsil müəssisələrində keçirilməsidir. Valideynlər bir çox bu səbəbdən övladlarında əlavə stress yarandığından şikayət ediblər. Üstəlik, bu, valideynlərə də əlavə problem yaradıb, övladlarını özləri monitorinq keçirilən məktəblərə aparmalı olublar.
Kamran Əsədov: “IV-VI siniflərdə təhsil alan uşaqların imtahanlara cəlb edilməsi bir sıra beynəlxalq tədqiqatlarda uyğun hesab edilmir, amma...”
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb: “Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin IV-VI siniflər üçün keçirdiyi monitorinq imtahanları olduqca vacib məsələləri həll edə bilir. Doğrudur, IV-VI siniflərdə təhsil alan uşaqların imtahanlara cəlb edilməsi bir sıra beynəlxalq tədqiqatlarda uyğun hesab edilmir və dünyanın inkişaf etmiş təhsilinə malik ölkələrdə şagirdlər VII sinfə qədər hər hansı imtahana cəlb olunmurlar. Lakin həmin ölkələrdə orta ümumtəhsil məktəblərinin keyfiyyəti, ali təhsil müəssisələrinin əmək bazarına uyğunluğu tamamilə fərqlidir. Biz monitorinq imtahanları keçirməyə məcburuq. Çünki orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyəti mütləq nəzarətdə olmalıdır.
Təbii ki, məhz pedaqoji tədqiqatlarda ona görə imtahanların keçirilməsi məqbul hesab edilmir ki, uşaqlar psixoloji gərginlik, stress keçirirlər. Hətta Azərbaycanda bir çox valideynlər imtahan nəticələrinə görə övladlarına təzyiq göstərirlər və biz bunu dəfələrlə müşahidə edirik".
Kamran Əsədov qeyd edib ki, monitorinq imtahanları vacibdir: “Buna qədər məktəblərdə şagirdlər KSQ, BSQ kimi qiymətləndirməyə cəlb olunurlar. Əlbəttə, bu imtahanların özü də şagirdlərdə əlavə stress və gərginlik yaradır. Lakin monitorinq şagirdlərin səviyyəsini müəyyənləşdirmək üçün vacib alətdir. Düşünürəm ki, bu tipli imtahanlar mütəmadi olaraq keçirilməlidir və təkcə bir neçə fənn deyil, bir çox daha əlavə fənlər də bu prosesə cəlb olunmalıdır. Çünki məhz monitorinqlərin keçirilməsi ilə bağlı xəbərlər ortaya çıxandan sonra məktəblərdə həmin fənlərin tədrisi ilə bağlı ciddi keyfiyyət istiqamətində addımlar atılmağa başladı. Müəllimlər bilavasitə həmin fənlərə daha çox diqqət ayırdılar.
Kamran Əsədov qeyd edib ki, monitorinq imtahanı nəticəsində məktəb güclü və inkişafa ehtiyacı olan tərəflərini müəyyənləşdirir: Şagirdlərə fənni tədris edən müəllimlərin öyrətmə və öyrənmə prosesini nə dərəcədə effektiv təşkil etdiklərini anlamağa yardım edir.
Vahid və mərkəzləşdirilmiş belə imtahan müəllimləri öyrənmə və öyrətmənin dinamikasına nəzarət edə bilmələri üçün məlumat bazası (data) ilə təmin edir. Çünki tədris ilində şagirdlər müxtəlif kursların sınaq imtahanında iştirak edir, lakin müəllim o data-nı əldə edə bilmir, müqayisə edə bilmir.
Monitorinq zamanı əldə olunan nəticələr şagird nailiyyətlərini yaxşılaşdırmaq üçün məktəbin nəyə ehtiyacı olduğunu anlamağa yardım edir, məktəbin hədəflərini müəyyənləşdirməyə və fəaliyyətini səmərəli planlaşdırmağa yardım edir. Nəticələri düzgün təhlil edən direktor bu imkandan istifadə edərək məktəbin inkişaf planı vasitəsilə tədrisin inkişafını təmin edə bilər.
Düzdür, bu gün müəyyən fənlərdən monitorinq imtahanları aparıldı.
Qüvvədə olan qanunvericiliyə görə, monitorinq imtahanı şagirdlərin taleyinə təsir göstərməyəcək. Yəni bu imtahanda şagirdin aşağı və ya yuxarı nəticə göstərməsi onun yarımillik, illik qiymətlərinə təsir göstərmir.
Builki imtahanlar elmi-metodiki məqsədlərə söykənir və tədris olunan dərsliklərin və tədrisin keyfiyyətinin yoxlanmasına, ölçülməsinə yönəldilib.
Doğrudur, valideynlər şənbə və bazar günlərini imtahanlara ayırıblar. Amma bu, imtahandır və imtahan həm də müəllimləri yoxlamaq imkanı verəcək. Yəni valideynlər biləcək ki, övladlarına yazılan qiymətlər nə qədər reallığı əks etdirir".
Elşən Qafarov: “IV sinif uşaqlarının monitorinqə cəlb olunması doğru deyil”
Təhsil eksperti Elşən Qafarov isə qeyd edib: “Monitorinqlərin aparılması təhsilə nəzarət sistemində təhsilin keyfiyyətinin ölçülməsində ciddi və müsbət addımdır və idarəetmədə informasiyanın toplanması üçün lazımi addımdır.
Lakin məsələnin problemli tərəfi ondan ibarətdir ki, burada IV sinif uşaqlarının monitorinqə cəlb olunması doğru deyil. Yaş xüsusiyyətlərini nəzərə alaraq, onların bu qədər gərginliyə cəlb olunması doğru deyil.
Məsələ burasındadır ki, monitorinqin nəticələri məktəblərin nəticələri kimi hesablandığına görə məktəb direktorları, onların müavinləri, ibtidai sinif müəllimləri məktəblərdə monitorinqlər zamanı çox həyəcanlı mühit yaradırlar. Bu uşaqların aldığı travmaların cavabını kim verəcək.
Arzuolunandır ki, monitorinqlərr V-XI siniflərdə aparılsın. İbtidai siniflərdə monitorinqlərin bu şəkildə aparılmasını doğru hesab etmirik. Beynəlxalq təcrübəyə baxanda görürük ki, hətta 12 yaşa qədər uşaqları nəinki monitorinq, hətta qiymətləndirməyə cəlb etmirlər. Amma biz 9-10 yaşlı uşaqları monitorinqə cəlb edirik".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ