İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblərdə dinlə bağlı fənn tədrisi müzakirələri

Ekspert: “Məktəblərdə dini maarifləndirmədən  qorxmaq lazım deyil”

“Radikalizmə yol açan bir neçə əsas məqam var. Birincisi, məktəblərdə dinlə bağlı fənn tədris olunmalıdır. Bu, mütləqdir. Çünki bu, dini maarrifləndirmədir və bununla cəmiyyətdə dini düşüncəni yaxşı mənada dəyişmək mümkündür”.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Qəmər Cavadlının “Dini radikalizm və xurafatla mübarizədə qadınların yeri və rolu” mövzusunda keçirilən konfransda səsləndirdiyi bu fikirlər geniş müzakirələr doğurub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda həm orta məktəblərdə, həm də ali məktəblərdə dinlər haqqında məlumatlar verilir:  “Orta məktəblərdə "həyat bilgisi" fənni tədris olunur. Bu fənnin içərisində dinlər haqqında, o cümlədən İslam dini haqqında məlumatlar yer alıb. Dini Komitə Təhsil Nazirliyi ilə birgə müəyyən proqramlar üzərində işləyib. Həmin proqramlar dərsliklərdə öz əksini tapır. Ali məktəblərdə isə “Multikulturalizmə giriş” fənni tədris olunur. Həmin fəndə bütün dinlər haqqında məlumatlar öz əksini tapıb. Təhsil ocaqlarında tələbələr dinlər haqqında məlumat əldə edə bilir".

Komitə sədri dinin ayrıca fənn kimi məktəblərdə tədrisi məsələsinə də münasibət bildirib. O deyib ki, ayrıca fənn dedikdə bunu bəzən başqa cür başa düşürlər: “Söhbət dünyagörüşü səviyyəsində bilginin əldə edilməsindən gedir. Bütün dünyada dinlər haqqında bilgi orta məktəb proqramı çərçivəsində öyrənilir və öyrədilir. Bizdə də dünyagörüşü səviyyəsində tələbələrə, şagirdlərə çatdırılır”.

Təhsil eksperti Kamran Əsədov isə deyib ki, məktəblərdə dini biliklərin verilməsi dini simvolların təhsil ocağına daşınması, dindarlar ordusu yetişdirmək demək deyil, dini dəyərlər və dini mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir: “Bir çox ölkələrdə, o cümlədən qonşu Gürcüstan və Rusiyada bu prosesə artıq başlanıb. Hazırda Rusiyanın ümumtəhsil məktəblərində "Dini mədəniyyətlərin və dünyəvi etikanın əsasları" adlı fənn tədris olunur. Amma vacib bir məqamı qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Konstitusiyasının və “Təhsil haqqında” Qanunun tələblərinə görə, din dövlətdən ayrıdır. Qanunvericilik aktlarına görə, orta məktəblərdə hansısa dini mərasimlərin keçirilməsi, onun təbliğ edilməsi yolverilməzdir".

Paşinyan Kremldə, Qaregin Patriarxın yanında - Moskva nəyə hazırlaşır?

Azər Hüseynov 

Siyasi şərhçi Azər Hüseynov deyib ki, radikalizm və dindarlıq son zamanlar bir biri ilə əlaqəli işlədilir: “Radikalizm ictimai və psixoloji bir məsələdir. Onun yaranmasına səbəb olan amillər ictimai-siyasi, hərbi, mədəniyyət və digər təməllərlə bağlı ola bilir. Çox zaman radikalizm dedikdə İslam dünyasını, eləcə də Yaxın Şərqi misal göstərirlər. Amma nə üçün bu bölgələrdə radikalizmin meydana gəlməsi səbəbləri haqqında açıq danışılmır. Bilirsiniz ki, 1492-ci ildən sonra, yəni Böyük Coğrafi Kəşflərdən sonra dünyada tarazlıq pozulmağa başladı. Qərbi Avropa dövlətləri gücləndi və Afrikada, Yaxın Şərqdə, eləcə də dünyanın bir sıra yerlərində işğallar həyata keçirdilər. Bu işğallar nəticəsində quldarlıq iqtisadi fəaliyyətin əsasına çevrildi. Ola bilər ki, bu gün kimsə Qərbin hazırkı inkişafını iqtisadi dühalarla bağlayır. Ancaq bu belə deyildir. Əsrlərlə Afrikanın, Yaxın Şərqin və Amerika qitəsinin yerli xalqları qul kimi işlədildi. İlkin kapitalın formalaşmasında istifadə edildi. Minimal xərclər və maksimal qazanclar əldə edildi. Bundan başqa, həmin bölgələrin resursları da talan edilməyə başladı. Məhz həmin dövrdə Əndəlüs İslam Xəlifəti süqut etdi. 1492-1504-cü illərdə İspaniyanın müsəlman əhalisi məhv edildi. Bizim Qafqazda isə 1500-cü illərdən başlayaraq Rusiyanın güclənməsi Volqaboyu və Qafqazda yeni işğallar. Tatar və başqırdların zorla xristiyanlaşdırılması cəhdləri. Eləcə də daha sonra I Pyotrla başlanan Qafqaza doğru hərəkətlər. Bütün bunlar sonralar Şeyx Mansur hərəkatını, sonralar Şeyx Şamil hərəkatını doğurdu. Nəhayət, 1801-1828-ci illərdə biz işğal edildik. Dövlət təsisatlarımız ortadan qaldırıldı. Gördüyünüz kimi, müsəlman xalqları və ölkələri 300 ildir kapitalizm imperializminin maddi və mənəvi basqıları altında oldu. Osmanlının tarix səhnəsindən getməsi də digər problemlərin yaranmasına səbəb oldu. Misallar çox verə bilərik. Fransanın Əlcəzair qətliamları və s. Bütün bunlar müsəlman xalqları və ölkələrində etiraz doğurur. Bu etiraz da bəzən hansısa bir sosial, iqtisadi, siyasi səbəbdən özünü radikal şəkildə büruzə verir. Amma bu bizim dinimizlə həddini aşma arasında hansı isə bir əlaqənin olması anlamına qəti bir şəkildə dəlalət etməz. Nəhayət, biz son zamanlar Azərbaycan və Türkiyə birliyi ilə tarixə yeniliklər yazırıq. Azərbaycanın Ermənistan üzərində qələbəsi, Türkiyənin silah sənayesindəki inqilabları hər bir vətəndaşımızın qəlbinə fərəh hissi verir. Belə bir ortamda regionda bəzi qüvvələr məzhəb çatışması, problemlərin yaranmasını istəyir. Biz bu zaman nə etməliyik? Təbii ki, dini siyasətlə bağlı qurumlar istər QMİ, istərsə də Dini Komitə dini tədrisin inkişaf etdirilməsi və gənclərin sağlam dini tərbiyə alması üçün işləməlidir”.

A.Hüseynov əlavə edib ki, digər qurumlar da burada onlarla əməkdaşlıq etməlidir: “Amma bunun üçün ilk növbədə dini təhsilin keyfiyyət və kəmiyyət parametrləri gücləndirilməlidir. Dini təhsilin səviyyəsi gücləndirilməlidir. Məktəblərdə də din haqqında məlumatandırma, dini əxlaqi dəyərlərin aşılanması fəaliyyəti olmalıdır. Amma bunlar yenə də keyfiyyətli mütəxəssis hazırlığına qayıdır. Məktəblərdə dini maarifləndirmədən də qorxmaq lazım deyildir. Dövlətin dünyəvi olması bunun qarşısında maneə deyildir. Çünki bizim kimi bir regionda xalqının qloballaşmanın mənəvi fəsadlarından qorunması, əxlaqi dəyərlərin kütləviləşdirilməsi bir zərurilikdir. Formatı ilə bağlı isə artıq mütəxəssislər işləməlidirlər. Bunun üçün ictimaiyyətin maraqlı dairələri ilə dövlət qurumları arasında sağlam dialoq başlanılmalıdır”.

 

 Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Dini və milli tolerantlıq, millətlətarası münasibətlərin inkişaf etdirtilməsi" mövzusunda hazırlanıb. 

Hazırladı: Afaq Mirayiq

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR