İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblər açılır, virusa yoluxma artacaqmı - rəy

İnfeksionist: “Bundan sonra digər viruslarla birgə COVİD 19-a da yoluxacağıq”

Bu gündən yeni dərs ili başlayır. Hər kəsi narahat edən sual isə odur ki, məktəblər, universitetlər açılandan sonra koronavirusa yoluxma sayı çoxalacaqmı? Yeri gəlmişkən, açıqlanan son statistik məlumatlara görə,  yoluxanların sayı 371, sağalanların sayı 508, bugünkü ölüm sayı 9 nəfər olub. Baxmayaraq ki, ölüm sayı narahatlıq doğurur, amma ekspertlər yoluxmanın çox olmadığı qənaətindədirlər. Belə bir fikir də irəli sürülür ki, artıq bundan sonra qripə deyil, koronavirusa yoluxma olacaq. Bu və digər suallarla bağlı infeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a cavab verib: “Hazırda epidemioloji vəziyyət qənaətbəxşdir. Çünki artım olsa da, bu çox sürətli deyil. Havalar hələ tam soyumayıb. Bu gedişlə payız mövsümündə çox pis olacağını gözləmirik. Bizə müraciət edənlər arasında da artıq təşviş yoxdur. Əksəriyyət xəstəliyi qrip kimi keçirir. Bəzi hallarda halsızlıq olur, amma qarın ağırı, diarreya da bəzi hallarda olur. Ölüm halları müşahidə etmirik”.

Medicina.az - Yoluxma bir ay ərzində pik həddə çatacaq - İnfeksionist

Mərdan Əliyev 

Həkim “Koronavirus qripi əvəz edibmi” sualına belə cavab verdi: “Qripin əvəzinə koronavirus olacaq kimi deyil, amma koronavirus artıq mövsüm xəstəliyinə çevrilib. Bu, mövsümi xarakterli olacaq.  Payız mövsümündə lokal epidemik xarakter alacaq. Qrip kimi olacaq və xəstəliklərə, virus infeksiyalarına  qarışacaq. Qrip dediyimiz, bunun içərisində 200-ə yaxın virus var. Bir virusdan sağalırıq, o birisinə yoluxuruq. Bunların içində ən çox yayılanı rinovirus, rotavirus, qrip, para-qrip, adenavirusdur. Koronavirusun da bir neçə növü var. Uzun müddətdir biz ona yoluxuruq. 200-ə yaxın kəskin respirator viruslarının içinə biri də əlavə olundu ki, bu da COVİD 19  virusudur. Yəni biz bundan sonra əlavə virusa da yoluxacağıq”. 

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov da mediaya açıqlamasında məsələyə münasibət bildirib: “Ümumdünya Səhiyyə Təşkilatı payız aylarında yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarında artım olacağını proqnozlaşdırır. İyundan etibarən ölkəmizdə yoluxma saylarında müəyyən artımlar var. Doğrudur, yoluxma halları 500-700 səviyyəsində stabilləşib. Hətta son günlər infeksiyadan sağalanların sayı yeni yoluxanların sayını üstələyir. Əvvəlki dalğalarda da bunu müşahidə etmişik. Payız mövsümü yaxınlaşır və havalar soyuyur. Bu zaman təkcə COVİD deyil bütün hava-damcı infeksiyalarına yoluxma faktlarında müəyyən artımlar, respirator alovlanmalar olur. Pandemiya təcrübəsinə baxsaq görərik ki, 2020-2021-ci illərdə də eyni halı yaşamışıq. Çünki həmin dövrdə infeksiyaların yayılması üçün əlverişli şərait yaranır. Havalar soyuq olduqda insanlar daha çox qapalı mühitlərdə toplanırlar, yaxın təmasların sayı artır, otaqların havalandırılması azalır. Digər tərəfdən isə vətəndaşlar infeksiyaya yoluxma hallarının az olduğu vaxtlarda arxayınlaşaraq fərdi qoruyucu vasitələrdən, maskadan istifadə etmirlər, qaydalara laqeyd yanaşırlar. Bir yandan da payız aylarında insan immunitetinin təbii olaraq zəifləməsi, ikinci tərəfdən isə vaxt keçdikcə istər vaksinasiya, istərsə də xəstəliyi keçirmə nəticəsində koronavirusa qarşı əldə olunmuş immunitetin zəifləməsi baş verir. Bütün bu faktorlar infeksiyanın ötürülməsini daha da asanlaşdırır. Bunu əyani olaraq gündəlik yoluxma hallarında görürük. Payızda yoluxma hallarının artacağı proqnozlaşdırılır. Ona görə də bu ərəfədə diqqətli olmalı və qabaqlayıcı tədbirləri görməliyik”.ə

Təyyar Eyvazov: Epidemiyanın alovlanma dövrlərində sadə qaydalara  etinasızlığın nələrə səbəb olduğunu unutmamalıyıq - AZƏRTAC

 Təyyar Eyvazov

Mütəxəssis-ekspert bildirib ki, əvvəllər stasionarın izafi yüklənməsi baş verdiyindən dövlət müəyyən qapanmalara getməyə məcbur olurdu. İndi isə yüksək yoluxma halları olanda belə yüngül xəstələrin sayının çox, stasionar yatışların sayının az olması səbəbindən izafi yüklənmə qeydə alınmır: “Belə olan halda sərt qapanmalara getməyə ehtiyac olmur. Odur ki, verilən qərarlar ancaq tövsiyə xarakterlidir, yəni maskanın taxılması, məsafə saxlanılması ilə bağlıdır. Düşünürəm ki, belə də davam edəcək. Ehtimal olunur ki, izafi yüklənmə olmayacaq”.

Eyvazovun sözlərinə görə, dünyada hazırda COVID-19-un “Omikron” ştamının bir-birindən müəyyən qədər fərqlənən alt tipləri üstünlük təşkil edir və yayılır. Yeni bir ştamın əmələ gəlməsi isə nəzəri olaraq mümkündür.

“Qonşu ölkələrə nəzər salsaq, görərik ki, onlarda artımlar bizdən əvvəl başlayıb və yoluxanların sayı kifayət qədər çoxdur. Azərbaycanda COVİD-19-la əlaqədar epidemioloji vəziyyət nisbətən stabil və nəzarətolunandır.

Pandemiya təcrübəsi bizə pandemiya davranışını öyrədib. Bilirik ki, alovlanmalar vaxtı nələrə riayət etməliyik, özümüzü necə gözləməliyik. Bir qədər diqqətli olmaq lazımdır. Etinasızlığın ağır nəticələrə gətirib çıxardığına bir neçə dəfə şahid olmuşuq", - deyə T.Eyvazov bildirib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR