İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə hakimliyi üçün 30 yaş məhdudiyyəti ləğv edilir - reaksiyalar

 

Əliməmməd Nuriyev: “30 yaş məhdudiyyətinin aradan qaldırılmasını mən o qədər də məqbul hesab etmirəm”

Azərbaycanda 30 yaşdan aşağı olan şəxslər hakim vəzifəsinə namizəd ola biləcəklər. Bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişiklik təklif edilir. Dəyişikliklə qanunun 93-cü maddəsində (“Hakim vəzifəsinə namizədlərə aid tələblər”) “yaşı 30-dan aşağı olmayan” sözləri çıxarılması təklif olunur.

Bununla da Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola biləcəklər.

Qanunun hazırkı variantı isə belədir: “Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər”.

Hüquqşünas Əliməmməd Nuriyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycan Konstitusiyasında 2016-cı ildən dəyişikliklər baş verib: “Prezidentliyə namizədlər üçün yaş həddi aradan götürüldü. Eyni zamanda qanunvericilikdə yaşla bağlı bir sıra dəyişiklik edildi. Bəlkə də bu istiqamətdə olan qanunauyğunluqlardır ki, bu prosesi də gətirir. Şəxsən hakimliyə yaş həddinin azaldılmasını o qədər də məqbul hesab etmirəm. Hesab edirəm ki, hakim təcrübəli olmalıdır. Çünki məhkəmə son instansiyadır. Məhkəmə insanların taleyini həll edən qərarlar qəbul edir. Bu baxımdan yaşın çox böyük əhəmiyyəti var. Hakimin qərar qəbul etmək, taleyə təsir etməklə bağlı mühüm bir vəzifəsi var, burada təcrübəsi olan şəxslər çalışmalıdır. Gənclərin ümumilikdə idarəetmə prosesinə gəlməsinin tam tərəfdarıyam. Amma bunu icra hakimiyyətinin sistemində daha yaxşı realizə etmək imkanları var. Amma hakim vəzifəsi ilə bağlı 30 yaş məhdudiyyətinin aradan qaldırılmasını mən o qədər də məqbul hesab etmirəm. Hesab edirəm ki, bu, bütövlükdə məhkəmə tərəfindən qəbul edilən qərarların keyfiyyətinə təsir göstərəcək. Çünki təcrübə çox vacib bir məsələdir. Əgər belə bir qərar veriləcəksə, o qədər də uğurlu olmayacaq. Bəlkə də başqa sahələrdə düşünmək olar. Əlbəttə, hakimliyə namizədlər imtahan verir, daha sonra uzun müddətli treninqlərə cəlb olunurlar, bir neçə mərhələdən keçirlər. Amma bütövlükdə yaş həddinin götürülməsi bu mərhələlərdən keçmək sayılmır. Hər hansı bir şəxsin böyük bir təcrübəyə malik olaraq hakim təyin etməsini fərqləndirmir. Elə məsələlər var ki, yaş öz mühüm rolunu oynayır”.

Ekspert dünya təcrübəsindən də misal çəkib: “Dünya təcrübəsində hakim təyin edilənlər üçün müəyyən yaş həddi var. Bəzilərində, ümumiyyətlə, yuxarı yaş həddi yoxdur, amma aşağı yaş həddi var. Bəzi ölkələrdə, o cümlədən bizdə yuxarı yaş həddi müəyyənləşib. İnsanın düşünmə, qərar qəbul etmə ilə bağlı yaş çoxluğu olmalıdır. Yaş həddinin azaldılmasının uğurlu nəticələrə gətirib çıxaracağını düşünmürəm”.

BDU-nun Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov “Yeni Müsavat”a dedi ki, adətən hakimlər kifayət qədər yaşı olan adamlardan ona görə seçilir ki, həm ədalətli qərarın qəbul edilməsində kifayət qədər təcrübələri olsun: “Həm də bu sahədə kamilləşmiş insan olsun, bu anlamda yaş həddi adətən yuxarı olurdu. Xüsusən də yüksək məhkəmələrin, hakimlərin seçilməsində bu meyar nəzərə alınır. Bir dövlətdə hüquqşünasların, xüsusilə də hakimlərin sayı əhalinin sayına nisbətdə azlıq təşkilı edirsə, bu halda vəziyyətdən çıxış yolu kimi o yaş həddinin aşağı salınması olur. Məhkəmələrdə işlərin çoxalması, yığılıb qalması bu halda cəmiyyət üçün problem olur. Bu anlamda yaş həddinin aşağı salınması müsbət hal kimi qəbul edilə bilər. Postsovet dövlətlərində, müstəqilliyin bərpa etmiş dövlətlər üçün bu hal da keçərlidir ki, həmin dövlətlərdə hakim çatışmazlığı bu meyarla əlaqələndirilə bilsin”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR