İnsanlara hürriyət, millətlərə istiqlal!

Matriarxın qara baharı – Köməkçilərinin maaşını mənimsəyən ermənipərəst madamın sonu

Soyadı Çin vətəndaşlarının soyadını andırsa da, madam Le Pen xalis fransızdır. Fransızcada onun ad-soyadı tam olaraq belədir: Marion Anne Perrine Le Pen. Siyasət dünyası onu Marin Le Pen kimi tanıyır.
O, 1968-ci ildə siyasətçi Jan-Mari Le Penin ailəsində anadan olub. Hazırda millətçi yönümlü partiyanın qurucusu olan atasının bioloji-siyasi varisi olaraq ölkəsinin məşhur, nüfuzlu siyasətçilərindən biridir.

Mask Le Penə nədən qahmar çıxır?

Bu günlərdə Fransada Marin Le Peni seçki hüquqlarından məhrum edib, üstəlik, külli miqdarda cərimələyiblər.

lepp-2.jpg (5 KB)

Mediada bildirilir ki, M.Le Pen məhkəmənin qərarından şoka düşüb və bu seçkilərdə iştirakına qoyulan qadağanı “demokratiyanın qara günü” adlandırıb.

Məhkəmənin qərarına əsasən, 4 illik şərti həbs cəzasına məruz qalmış Le Pen bu müddətin iki ilini elektron bilərziklə ev dustaqlığında keçirəcək.

Bu gün M.Le Peni dəstəkləyənlər arasında ABŞ prezidenti Donald Trampın administrasiyasının üzvləri də var. Xüsusilə İlon Mask bu məsələdə canfəşanlıq edir.

Trampın komandasının dünyadakı millətçi cərəyanlara, şovinist siyasi qüvvələrə dəstək verməsi gerçəyi Le Penin müdafəsi məsələsində də üzə çıxıb. Bundan əvvəl İlon Mask və Tramp administrasiyası Almaniyadakı neonasist qüvvələrin, “Almaniya üçün Alternativ” partiyasının parlament seçkilərində qələbə qazanmasına çalşırdı.

lep-3.JPG (32 KB)

Xroniki ikinci

2017-ci ildən Pa-de-Kale departamentinin 11-ci seçki dairəsindən Fransa Milli Assambleyasının üzvü olan Marin Le Pen bir neçə dəfə prezidentliyə namizəd olub, ancaq seçkilərin ikinci turunda ikinci yeri tutub.
Fransiz xalqı nə onun nasist atasına, nə də özünə ölkə prezidenti seçilmək üçün şans verməyib. Ona görə də bu gün onun Fransa prezidentliyinə ən real namizəd olduğunu iddia edənlər bir az şişirdirlər. Fakt odur ki, ata-bala Le Penlər Fransada, çoxmillətli ölkədə demokratiya və insan haqlarına təhlükə sayılırlar. Sadəcə, ola bilər ki, hazırda dünyanın bir çox ölkələrində neonasizm dalğasının kükrədiyi dövrdə Marin Le Penin “Milli Birlik” partiyasının elektoratı bir az da genişlənsin.

NATO əleyhdarı, Rusiya tərəfdarı

M.Le Pen 18 yaşındaykən atası Jan-Mari Le Pen tərəfindən qurulan “Milli Birlik” partiyasına qoşulub. 1990-cı ildə o, Panteon-Assas Universitetini hüquq üzrə magistr dərəcəsi ilə bitirib, 1992-ci ildə vəkil sertifikatı alıb və 1998-ci ilə qədər Parisdə vəkil kimi çalışıb.

O, 2003-cü ildən atasının partiyasında icraçı vitse-prezidenti vəzifəsini tutub. Marin Le Pen 2004-cü ildən Avropa Parlamentinin üzvü olub və 2009-cu ildə daha bir müddətə seçilib. 2011-ci ildə atasının otuz səkkiz il rəhbərlik etdiyi partiyanın rəhbəri olub.

Trampın komandası ilə Marin Le Peni birləşdirən daha bir nüans onların hə ikisinin NATO əleyhdarı, Rusiya ilə yaxşı münasibətlərin tərəfdarı olmasıdır. M.Le Pen də Fransanın NATO-dan çıxması istəyib və Aİ ölkələri tərəfindən Rusiyanın iblis kimi təqdim edilməsinə qarşı olduğunu bildirib. O, Fransanın Avropa İttifaqından (Aİ) da çıxmasını da istəyir və hesab edir ki, bu məsələyə dair referendum keçirilməlidir.

Madam köməkçilərinin maaşını özü alırmış

lep-1.JPG (43 KB)

Ölkəsinin 3 nüfuzlu siyasi partiyasından birinə rəhbərlik etsə də, Marin Le Penin qanunlarla problemi 2016-cı ilin dekabrından başlayıb. Paris prokurorluğunun müstəntiqləri müəyyən ediblər ki, 2010-cu ildən Le Penin Avropa Parlamentində köməkçisi olan Ketrin Qriset eyni vaxtda öz partiyasının Nanterredəki (Paris ətrafı) qərargahında çalışıb, Le Penin əvvəlki köməkçisi Tyerri Lejyer isə Jan Mari Le Penin mühafizəçisi olub, amma hər ikisinin maaşını Marin Le Pen mənimsəyib. Marin Le Pen və onun partiyası “razılaşdırılmış və düşünülmüş şəkildə” Aİ tərəfindən hər bir deputata köməkçilərinin əməyini ödəmək üçün ayrılan ayda 21.000 avro məbləğində “oğurluq sxemi” yaratmaqda ittiham edilib. 2024-cü il sentyabrın 30-da Parisdə Marin Le Pen və onun tərəfdaşlarının məhkəməsi başlayıb. Keçmiş partiya liderləri də daxil olmaqla, işdə ümumilikdə 27 nəfərin adı keçib. Dünən isə bu işlə bağlı qərar çıxarılıb.

Krımı Rusiyaya “bağışlayan” Le Pen

Bu qərar ilk baxışdan anti-demokratik məzmunlu görünsə də, Avropanın demokratik ölkələrinin siyasi dairələri, böyük ehtimalla, Le Peni müdafiə etməyəcəklər. Çünki Le Pen Avropa siyasətinin önəm verdiyi dəyərlərə qarşı çıxması ilə də tanınırdı. Məsələn, hələ 2013-cü ilin iyununda o, Moskvaya səfəri zamanı Dövlət Dumasının Rusiyada yetkinlik yaşına çatmayanlar arasında homoseksual təbliğatı qadağan edən və uşaqların eynicinsli cütlüklər tərəfindən övladlığa götürülməsini yasaqlayan qanunları, həmçinin “xarici agentlər” haqqında qanunu dəstəkləyib və buna görə Avropada tənqid olunub.

lepput.jpg (58 KB)

Marin Le Penin rəhbərlik etdiyi partiya Fransada Rusiyanın mövqeyini dəstəkləyən yeganə partiya olub. Le Pen martın 17-də Krımın Rusiya tərəfindən ilhaq edilməsinin legitimləşdirilməsi demək olan ümumKrım referendumunun nəticələrini qanuni sayaraq deyib: "Məncə, referendumun nəticələri heç bir mübahisə yaratmır. Bu, gözlənilən idi. Və qorxu içində yaşayan insanlar (Krım) çıxdıqları ölkənin qucağına qaçdılar, çünki bilirsiniz ki, Krım cəmi 60 ildir Ukraynanın tərkibindədir".

Bundan başqa, o, Ukraynanın işğala məruz qalmasının təqsirini Avropanın və Ukraynanın özünün üstünə atıb.

Marin Le Penə qarşı irqçilik iddiaları da var. 2010-cu ildə Lionda keçirilən mitinqdə Marin Le Pen müsəlman mühacirlərin Fransa da yerləşməsinin Hitler qoşunlarının işğalı ilə müqayisə edib və onların deportasiyası məsələsini qaldırıb.

2013-cü ilin iyununda Avropa Parlamentinin hüquq məsələləri komissiyası Fransanın ədliyyə naziri Taubirin tələbi ilə “irqi ədavətin qızışdırılması” səbəbindən Marin Le Penin bu qurumun üzvü kimi məhkəmə toxunulmazlığından məhrum edilməsinin lehinə səs çoxluğu ilə səs verib və iyul ayında Avropa Parlamenti sağçı siyasətçinin toxunulmazlığını ləğv edib.

Madamın ermənipərəstliyi

lep-4.jpg (34 KB)

M.Le Pen bütün varlığı ilə ermənipərəst biridir və dəfələrlə erməniləri dəstəkləyən bəyanatlar verib. O, Dağlıq Qarabağın “tarix və mədəni baxımdan erməni torpağı” olduğunu iddia edib və deyib ki, o, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini istərdi. “Burada müəyyən tarixi məntiq var, çünki bu ərazi əsrlər boyu ermənilər tərəfindən məskunlaşıb və onların mədəniyyətinin mühüm beşiyidir”.

O, Fransanın bu münaqişənin həllində mühüm rol oynamalı olduğunu bildirirdi.

Bir sözlə, necə deyərlər, “su sənəyi suda sınar”. İllərlə ölkəsində irqi və milli ədavəti qızışdıran, həmişə işğalçı aqressoru müdafiə edən siyasətçi bu gün yaxın illərdə ölkəyə rəhbərlik etmək hüququnu itirib.
Bu qadının Fransanın başına keçməsi təkcə fransız xalqı üçün yox, bütün Avropa üçün təhlükəli olardı.

Ona görə də qoy ölkəmizdə heç kəs Marin Le Penin cəzalandırmasına görə Fransa Femidasını qınamasın. 40 ilin başında bir obyektiv qərar qəbul ediblər.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR