Onlayn ictimai-siyasi qəzet
İçəri daxil olan kimi qulaqları bir-birindən fərqli, amma qəribə bir ahəng içində səslənən melodiyalar oxşayır. Bu səslər insanı hansısa musiqi salonuna aparırmış kimi görünsə də, əslində Bakının Maştağa qəsəbəsində yerləşən, sakinlərin “Saat muzeyi” adlandırdığı qeyri-adi bir otaqdan gəlir.
Zamanın izlərini daşıyan bu otaq müxtəlif ölkələrdən və dövrlərdən toplanmış saatlarla doludur. Elə bir ab-hava var ki, insan buraya ayaq basan kimi gündəlik qayğılardan uzaqlaşır, ruhu dincəlir.
Bu otaqda zamanın müxtəlif formalarda təcəssümünü görmək mümkündür. Bu qeyri-adi muzeyin yaradıcısı Ramiz Əliyevdir. O, ötən əsrin 70-ci illərinin sonlarında texniki peşə məktəbindən Rusiyaya təhsil almağa göndərilən gənclər arasında olub. Yekaterinburqda yerləşən Mühəndis Pedaqoji İnstitutunu bitirib. Bakıya döndükdən sonra 67 nömrəli liseydə peşə istehsalat təlimi ustası kimi çalışmağa başlayıb, müəllimlik edib, baş usta və emalatxana müdiri vəzifələrində çalışaraq təqaüdə çıxıb.
Ramiz müəllimin texnikaya olan marağı isə çox-çox əvvəllərə dayanır. Oğlu Ramin dünyaya gələndə körpənin beşiyinə elə bir mexanizm quraşdırmışdı ki, uşaq ağlayan kimi beşik özü-özünə yırğalanırdı:
“Biz nəsillikcə maştağalıyıq. Mən dəqiq mexanizmləri sevirəm. Atam da saat ustası olduğu üçün qərara gəlmişəm ki, belə bir muzey, yer düzəldim. Bu muzey 30-35 il ərzində əmələ gəlib. 15-20 il əvvəl saatları topladım. Mən energetikəm, dəqiq mexanizmləri sevirəm. İlk vaxtlar balaca bir otaqda yerləşdirdim saatları”.
Ramiz Əliyev düz 30 ilə yaxın bir zaman kəsiyində saat eksponatları toplamaqla məşğul olub. Ən maraqlısı odur ki, bu saatların əksəriyyətinə öz əlləri ilə can verib, onlara ikinci bir həyat bəxş edib:
“Burada 17-ci əsrə aid olan saatlar var. Bu saatlar işlək vəziyyətdə deyildi. Mən bunların hissələrini oradan-buradan tapıb işlək hala salmışam. Niderlanddan yaxın bir dostum var idi. O da mənə hədiyyə göndərdi. Saatlar Fransa, Almaniya, Rusiya və İsveçrədən gətirilib. Mən 40 yaşımdan saatları yığmağa başlamışam. İndi 70 yaşım var. Burada bir, iki əsri ötmüş satlar var”.
Ramiz Əliyevin kolleksiyasında 3 minə yaxın saat toplanıb. Qədim və nadir saatlar arasında 100, hətta 150-200 yaşı olanlar da var. Buradakılardan 1500-dən çoxu kişi və qadın qol saatı, 700-ə yaxını cib saatı, 200-ə yaxını divar və digər saatlardır.
Həmsöhbətim bu otaqda musiqi dinləməyi də xoşlayır. Elə biz olduğumuz gün də böyük həvəslə qədim musiqi alətini işə salıb “Kor ərəbin mahnısı”na qonaq etdi.
Şahanə Rəhimli
Musavat.com
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ