Onlayn ictimai-siyasi qəzet
Belqradda baş verənlər və qardaş ölkədə gözlənilən ümumölkə aksiyası “rəngli inqilablar” mövzusunu bir daha aktuallaşdır; ümid edək ki, yaşananlar Türkiyə və türk düşmənlərini sevindirməyəcək...
Azərbaycanla yaxınlığı ilə tanınan Serbiyanın paytaxtı Belqradda baş verənlər və qardaş Türkiyədə martın 23-nə təyin edilmiş ümumölkə aksiyası “rəngli inqilablar” mövzusunu bir daha aktuallaşdır. Əlbəttə, 2010-cu ildə bir neçə tiranın-Zeynalabdin bin Əlinin(Tunis), Müəmmar Qəzzafi(Liviya) və Hüsnü Mübarəkin(Misir) sonunu gətirən “ərəb baharı” müasir tarixdə hələ də ciddi təhlil olunacaq hadisələr sırasındadır.
“Ərəb baharı”ndan sonra baş verənlər- Türkiyədə 2013-cü ilin mayında başlayan “Gezi olayları”nın, 2014-cü ildə Ukraynada “Avromaydan”ın, 2018-ci ildə isə Ermənistanda “Sorosçuların inqilabı”nın xaricdən maliyyələşməsi və yönləndirilməsi şübhə doğurmurdu. Donald Trampın hakimiyyətə qayıtmasından sonra məsələn, təkcə USAİD-in belə “rəngli inqilablar”da birbaşa iştrakı haqda indiyədək olan iddialar artıq fakt kimi təsdiqləndi.
Ötən ilin noyabrında Serbiyada baş vermiş ağır hadisədən sonra başlayan küçə aksiyaların son günlər yenidən qızışması bu dəfə hökumətin istefası ilə nəticələndi. Serbiyada aylardır davam edən aksiyanın səbəbi əslində hətta ən inkişaf etmiş dövlətlərin belə sığortalanmadığı qəzadır. Belə ki, 2024-cü ilin noyabrında Novi Sad şəhərində yenicə təmir olunmuş dəmir yolu vağzalının damı çöküb və 15 nəfər həlak olub. Əvvəl tələbələrin iştirak etdiyi aksiyalara indi digər sosial qruplardan da ciddi dəstək var. “Ərəb baharı”nın tunisli göysatanın özünün yandırması ilə başlamasını yada salsaq, 15 nəfərin ölməsindən sonra Belqradda baş verənlərə izah tapmaq olur.
Belqrad
Əvvəl əsas tələb hadisəyə görə günahkarların cəzalandırılması idi. Nəqliyyat nazirinin dərhal istefası və həbslər olsa da, etirazçılar bununla kifayətlənmədi, 107 min etirazçının paytaxt Belqradda iştirak etdiyi aksiyadan sonra hökümət tam tərkibdə istefa verdi. Maraqlıdır ki, Vuçiç israrla etiraz aksiyaların arxasında kənar qüvvələrin dayandığını, çevriliş niyyətinin olduğunu deyir. Prezident həftəsonu mitinqi qanunsuz adlandırıb və çevriliş riski barədə xəbərdarlıq edib. Serbiya liderinin sözlərinə görə, müxalifət hakimiyyəti keçid hökuməti qurmağa məcbur etmək üçün tezliklə bir sıra dövlət strukturlarını ələ keçirməyə çalışacaq.
Amma etiraz aksiyasının əsas təşkilatçısı olan tələbələr məsələn, meydana kənar bayraqların gətirilməsinə, eləcə də müxalifətin təşəbbüsü ələ almasına imkan vermirlər ki, bu da diqqət çəkir. Əgər hakimiyyət və ya müxalifət tərəfindən aşkar zorakılıq baş verməsə, zaman keçdikcə etirazlar məsələn, Gürcüstandakı parlament seçkilərindən sonra sönə də bilər, amma daha təhlükəli ssenarilərini də işə düşə biləcəyi də gözləniləndir.
Vuçiç kifayət qədər təcrübəli siyasətçidir. Bir qayda olaraq, çıxış yolunu növbədənkənar parlament seçkiləri keçirməkdə tapır. Bu, onun prezidentliyi dövründə bir neçə dəfə baş verib. Onun siyasi opponentləri bunu bilir və vəziyyəti gərginləşdirməyə cəhd edir.
İstanbul bələdiyyəsindəki həbslərdən sonra Türkiyədə gözlənilən aksiyalar Azərbaycanda narahatlıq doğurub. Bələdiyyə başqanı Əkrəm İmamoğlunun əsas fiqurant olduğu iki cinayət işi ilə bağlı həbslər dünya mediasında da ciddi rezonans doğurub. Rusiya televiziyaları və mediası Türkiyədəki hadisələri geniş işıqlandırmaqdadır. Sosial şəbəkələrdə təxribatçı çağırışların artması və Türkiyə prezidentinin həbslərdə əsas hədəf kimi göstərilməsi ölkədə qarışıq yaratmaq istəyən qüvvələrin niyyətini göstərir. İmamoğlu gözaltında(nəzarətdə) olsa da, onun barəsində hələ həbs qətimkan tədbiri seçilməyib. Bu 4 günlük müddət başa çatdıqdan sonra veriləcək qərar mümkün etiraz aksiyalarının kütləviliyinə təsir edə bilər. Parlamentdə təmsil olunan əsas kürd partiyasının İmamoğlunun həbsdən azad edilməsi tələbi ilə bəyanat verməsi diqqət çəkir. Hakimiyyətlə yumşalma dövrünün yaşandığı bir zamanda İmamoğlunun kürd terror təşkilatlarına dəstəkdə də ittihamı münasibətlər yenidən zor sürəcə girə bilər.
Unutmayaq ki, ətrafda Türkiyədə qarışıq yaratmaq istəyən xarici qüvvələr də var ki, onların da hərəkətə keçəcəkləri istisna deyil.
Nəhayət, daha bir xatırlatma. 2016-cı il 15 iyul hadisələrindən sonra bələdiyyə qanununa mühüm bir bənd əlavə edilib. Bələdiyyə başqanı terror suçundan həbs edildiyi təqdirdə hakimiyyət həmin yerə qəyyum təyin edir. İndi həm də maraqla gözlənilən qərarlardan biri də İmamoğlunun həbs ediləcəyi təqdirdə onun yerinə qəyyum təyinatını ola biləcəyidir ki, bu da gərginliyi heç də azaltmayacaq...
Bu gün Ərdoğanın rəhbərliyi ilə Türkiyə Təhlükəsizlik Şurasının iclasında əsas müzakirə mövzusunun bu həbslər və ondan sonrakı mümkün vəziyyətin təhlili olub. Ümid edək ki, yaşananlar Türkiyə və türk düşmənlərini sevindirməyəcək.
Nazim SABİROĞLU,
Musavat.com
21 Mart 2025
20 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ