Onlayn ictimai-siyasi qəzet
Okeaniya ölkəsi Fransanın müstəmləkə zülmündən qurtuluş uğrunda mübarizə aparır və Britaniya-ABŞ koalisiyası prosesə təkan verir - fərqli proqnozlar
Yeni Kaledoniyada müstəqillik tərəfdarları ilə polis arasında toqquşmalar davam edir. “Yeni Müsavat” xəbər verir ki, mayın 22-də baş verən toqquşmalar nəticəsində infrastruktura zərər dəyib, avtomobillər yanıb. Yeni Kaledoniyadakı hadisələrlə əlaqədar Fransa prezidenti Emmanuel Makronun adaya səfəri gözlənilir. Mayın 13-dən kütləvi etirazlar genişlənməkdədir. Fransa hökumətinin rəsmi nümayəndəsi Priska Teveno Nazirlər Şurasının iclası zamanı prezidentin Yeni Kaledoniyaya səfər edəcəyini bildirib.
Daha əvvəl məlumat verilmişdi ki, Makronun sədrlik etdiyi Fransa Müdafiə Şurası etirazlar fonunda Yeni Kaledoniyaya əlavə hərbi qüvvə göndərmək qərarına gəlib. Yeni Kaledoniyanın öz haqq işi uğrunda mübarizəsini gücləndirməsində rəsmi Paris son vaxtlar tez-tez Bakı və Ankaranı ittiham edir. Guya hansısa üçtərəfli gizli anlaşma var. Halbuki Azərbaycan, sadəcə, beynəlxalq hüquq çərçivəsində hərəkət edir və Yeni Kaledoniyanın müstəqilliyinin tanınması Milli Məclisdə heç vaxt müzakirəyə çıxarılmayıb, mifik “dqr”-in Fransa parlamentində tanınmasından fərqli olaraq. Bəs Afrikadan sürətlə qovulan müstəmləkəçi Fransa öz ərazi bütövlüyünü qoruya biləcəkmi?
Artıq Avstraliya iğtişaşların davam etdiyi Yeni Kaledoniyadan vətəndaşlarını təxliyə etmək qərarına gəlib. Yeni Zelandiya hökuməti də Yeni Kaledoniyada olan vətəndaşlarının təxliyəsinə başlayacağını açıqlayıb. Yeni Kaledoniyada etiraz aksiyalarında ölənlərin sayı 6 nəfərə çatıb. “Fransa hökumətini Yeni Kaledoniya xalqına qarşı zorakılıqdan çəkinməyə və onun hüquq və azadlıqlarını təmin etməyə çağırırıq”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib. Yeni Kaledoniyada müstəqillik üçün 4 dəfə referendum keçirilib, ən son səsvermələrin birində kiçik fərqlə (53,26%) Fransanın tərkibində qalmaq istəyənlər qalib gəlib, amma müstəqillik istəyənlərin sayı getdikcə artırdı. Son etirazlara səbəb odur ki, Fransa Yeni Kaledoniyaya yerləşənlərə (ən azı 10 il yaşaması şərti ilə) səsvermə hüququ vermək istəyir. Bu isə o deməkdir ki, yerli əhali olan kanakların səsi, siyasətə təsirləri azalacaq.
Ramiyə Məmmədova
Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, Paris Bakını ittiham edəndə bir məsələni qarışdırır: “Yeni Kaledoniya öz müqəddəratını təyinetmə hüququna malikdir, faktiki müstəmləkədir, amma onların Qarabağda müdafiə etdikləri "artsax" müstəmləkə deyildi, separatizm ocağıydı və 30 ildə heç bir ölkə onun müstəqilliyini tanıya bilmədi. Əgər Dağlıq Qarabağın statusunu müəyyən etmək məsələsi qoyulacaqdısa, o zaman orada yaşamış azərbaycanlı əhalinin də rəyi öyrənilməliydi. Yəni nəzəri olaraq desək, guya bir referendum keçirilməli, Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisi birgə qərar verməliydi ki, Azərbaycanın tərkibində qalırlar, muxtariyyət istəyirlər, yoxsa ikinci “erməni dövləti”?
Bu da absurd məsələdir və beynəlxalq hüquq bizim yanımızda idi. Azərbaycan öz ərazisindəki separatizmi məhv edib, dinc əhaliyə vətəndaşlıq təklif olunub. Bunu ada ölkəsi ilə müqayisə etmək olmaz. Ona görə də Yeni Kaledoniyadan fərqli olaraq, Qarabağın yuxarı hissəsində yaşamış erməni əhalisi ayağa qalxıb müstəqillik tələb etməyib, yaxud iğtişaşlar olmayıb. Fransa daxili işlər naziri Azərbaycanı ittiham edəndə məsələləri qarışdırır. Qarabağda məhv edilmiş qondarma rejimdən fərqli olaraq, Yeni Kaledoniya müstəqillik əldə etmək hüququna malikdir və orada xalq etirazları var".
Təhlilçi xatırladır ki, onlarda Numea Sazişi var və bu da referendum keçirib müstəqillik əldə edilməsi imkanı yaradır: “Amma proses ağır və mürəkkəb olacaq. Düşünmürəm ki, belə tezliklə müstəqilliyə qovuşacaqlar. Çünki polis sərt davranır, ölənlər var, iğtişaşlar baş verir. Üstəlik, Makron səfər etməklə gərginliyin azalmasına səbəb olmaq istəyir. Ancaq onun Yeni Kaledoniyada necə qarşılanacağı maraq doğurur. Hər halda, Fransa Afrikadan qovulduğu kimi Okeniyadan da çıxarıla bilər. Bu prosesə təkan verən anqlo-sakson dünyası var. Rusiya da maraqlıdır ki, Fransa koloniyalarını itirsin və strateji mövqeləri zəifləsin. O baxımdan dünyanın müxtəlif qütblərində böyük dövlətlərin geopolitik qarşıdurması güclənir. Biz bunu Ukrayna münaqişəsi, Yaxın Şərq hadisələri, Tayvan gündəmi, Afrika və Okeaniya kimi uzaq coğrafiyalarda görə bilirik”.
Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli deyir ki, Yeni Kaledoniyada dünyada təsbit edilmiş nikel yataqlarının 25%-i yerləşir: “Bu gün mübarizə nikel uğrunda gedir. Yeni Kaledoniyanın faydalı qazıntılarına Çin və Britaniya-ABŞ koalisiyası iddia edir. Çinin təsir mexanizmləri yoxdur, əhali xristiandır, çinlilər yaşayır, amma azlıqdadır. ABŞ-Britaniya koalisiyasının isə həm maddi, həm də siyasi təsir mexanizmləri var, Yeni Kaledoniya tam müstəqil olsa, çox güman ki, bu koalisiyanın təsirləri altına düşəcək. Bundan başqa, cəmi bir neçə il öncə Sakit okeanda vacib təhlükəsizlik təşkilatı olan AUKUS (Avstraliya, Böyük Britaniya, ABŞ) hərbi alyansı yarandı. AUKUS yaranan kimi Fransanı oyundankənar vəziyyətə qoydular, Avstraliyanın Fransa ilə 100 milyard dollara yaxın dəyəri olan atom sualtı qayıqların istehsalı və istismarı ilə bağlı müqavilə ləğv edildi, həmin müqaviləni Avstraliya ABŞ və Britaniya şirkətlərinə verdi. Fransa çox qəzəbli bəyanatlar versə də, sonda bu acı reallığı qəbul etməli oldu”.
N.Cəfərlinin sözlərinə görə, Sakit okeanda faydalı qazıntılarla dolu, stateji coğrafi mövqeyi olan Yeni Kaledoniya niyə Fransanın nəzarətində qalmalıdır ki?! “Deməli, kanak xalqının müstəqillik mücadiləsinə dəstək vermək, Fransanı sıxışdıraraq həmin adalara sahib olmaq lazımdır. Bunu Britaniya və ABŞ istəyir, yəni Azərbaycan bu məsələdə nə edirsə, çox güman, Britaniya kimi müttəfiqi ilə razılaşdırılmış şəkildə edir. Fransa isə açıq şəkildə anqlo-saksların üzərinə gedə bilmir, Azərbaycanın adını çəkir. Olsun, əslində bu, ölkəmizə nüfuz qazandırır və Fransaya da dərs olsun ki, separatizmi dəstəkləmək həmişə bumeranq effekti yaradır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ