İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun Qarabağda işğal planı - Paris  regionu belə “partlatmaq istəyir”

Murad Sadəddinov: “Azərbaycan ərazisinə icazəsiz daxil olmaq cəhdi edən Fransa qarşısında Türkiyə ordusunu da görər”

“Ukraynadakı müharibə Ermənistan, Suriya, İraq, Somali və Yaxın Şərqdə baş verən digər münaqişələri dünyaya unutdurmamalıdır”. Bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib. Fransa lideri sonra deyib ki, bu gün hücuma məruz qalan insanlar var, digər tərəfdən, hücum etməyi, işğal etməyi və alçaltmağı seçən liderlər var, neytral qalmaq güclülərin qanununun ümumbəşəri qanuna çevrildiyini dərk etmək deməkdir.

Bu arada Türkiyədə nəşr olunan “Türkiyə Qəzeti” “Makronun Qarabağda 15 maddəlik işğal planı” başlıqlı məqalə dərc edib. Məqalədə bildirilir ki, Makron Qarabağ üçün 15 maddədən ibarət işğal planı hazırlayıb və bu barədə Avropa İttifaqına (Aİ) üzv dövlətlərdən dəstək istəyib. Fransa 2 min hərbçi ilə qondarma sülhməramlı qüvvə adı altında Qarabağa daxil olmaq planları qurub və pilot bölgə kimi hələ də işğal altında olan Xankəndi şəhərini seçib. “Rusiyanın Ukraynada zəifləməsi Makronun Qarabağdakı işğal planının əsas hissəsini təşkil edir. Qərb dövlətlərinin hesablamalarına görə, Ukraynada zəifləyən Rusiyanın Ermənistan və Qarabağdakı siyasi, hərbi və iqtisadi mövcudluğu sona çatacaq. Fransa bir tərəfdən Ermənistandakı, xüsusən də Gümrüdəki Rusiya bazalarını ələ keçirməyi, digər tərəfdən isə 2000 əsgərlə Qarabağa girməyi planlaşdırır”, - deyə yazıda bildirilir.

Makronun hazırladığı plana görə, “müstəqilliyini elan edərək” Azərbaycandan “ayrılan” Xankəndi və ətraf bölgələrdə  Avropa İttifaqının siyasi və iqtisadi hərbi attaşeləri açılacaq. Yəni Fransa burada bir növ peyk dövlət qurmaq istəyir. Bu tədbirlərin maddi-texniki bazası kimi Xocalı aeroportu seçilib. Makron Bakının qarşısını almaq üçün Avropa İttifaqının sanksiya silahından da istifadə etmək istəyir.

O da bildirilir ki, Fransanın işğalçılıq planlarına İran da şərikdir. “İran bugünlərdə Zəngəzur dəhlizinə yaxın ərazilərdə, Araz çayı boyunca hərbi təlimlərə başlayıb. Daha sonra isə İrəvan administrasiyasına birbaşa dəstək verən bəyanatlar səsləndirib. Əsas plan regionun alov topuna çevrilməsi, yeni bir münaqişə ocağının yaradılmasıdır.

Məqalədə vurğulanır ki, regionda xaos yaratmaq istəyənlər Türkiyə-Azərbaycan birliyi faktorunu unudurlar. “Bu məsələdə Türkiyənin rolu olduqca kritik önəm daşıyır. Həm NATO, həm də Rusiya ilə qurulan bacarıqlı münasibətlər bu oyunu əhəmiyyətli dərəcədə dəyişə bilər. Bəli, problem böyükdür, lakin Türkiyə-Azərbaycan işbirliyi də bütün bunların öhdəsindən gələ biləcək qədər qüvvətlidir” - deyə bildirilir.

Bəs Makronun bölgədə  xaos planı gerçəkləşə bilərmi? Azərbaycan-Türkiyə birliyinə qarşı Paris-İran tandemi nəyə nail ola bilər?

Politoloq Murad Sadəddinov “Yeni TV”nin CANLI YAYIMINDA - YouTube

Murad Sadəddinov

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Fransa Prezidenti Makronun ürəyindən çox planlar keçə bilər. Amma hər ürəyindən keçəni həyata keçirə bilməz. Dünyada gərgin vəziyyətin hökm sürdüyü, Fransanın daxilində ictimai-siyasi, sosial vəziyyətin də yaxşı olmadığı halda ermənilərin maraqları üçün bu qədər canfəşanlıq eləyən Makronun hərəkətləri şübhələrə yol açır: “Məndə belə bir ehtimal formalaşır ki, Makron kifayət qədər erməni diasporasının maliyyəsindən asılı vəziyyətdədir. Fransa siyasətində biz bu cür halları əvvəllər də görmüşük. Vaxtilə Fransanın prezidentləri lobbi qruplarından, diasporadan maliyyə asılılığına görə məsuliyyətə də cəlb olunublar. Məsələn, Nikola Sarkoziyə qarşı cinayət işi açılmışdı və məhkəmə hökmü də var. Çox güman ki, Emmanuel Makron hakimiyyətdən gedəndən sonra biz şahidi olacağıq ki, o da erməni diasporasının imkanlarından öz xeyri, siyasi karyerası üçün qanunsuz sui-istifadə eləyib. Makron erməni diasporasından asılı vəziyyətdə olduğu üçün çox güman ki, həmin diaspora onun qarşısında tələblər qoyur və o da qarşısına qoyulan tələbləri, öhdəlikləri hansısa şəkildə yerinə yetirməyə çalışır. Ən azından heç olmasa çalışdığı görüntüsü yaratmaq istəyir. Ona görə də Makron hətta özündən yayılan xəbərdəki kimi uydurma, avantürist planlar da cıza bilər. Ancaq o cür planları həyata keçirmək mümkündürmü? Qətiyyən mümkün deyil. Əvvəla, Azərbaycan ərazisinə hər hansı sülhməramlı qüvvənin daxil olması məhz Azərbaycanın razılığı ilə olmalıdır. Məsələn, Rusiyanın bu gün Qarabağdakı sülhməramlıları Azərbaycanın razılığı ilə daxil olublar. Azərbaycanın razılığı olmadan Fransanın əsgəri bizim ərazimizə ayaq qoya bilməzlər. Güc yolu ilə də daxil olmaları mümkün deyil. Bu gün Qarabağda Azərbaycanın sayı kifayət qədər yüksək olan, müasir silahlarla təchiz olunan ordusu var. Azərbaycanın icazəsi olmadan quş-quşluğu ilə buraya uça bilməz. Hələ mən Türkiyə faktorunu, Şuşa Bəyannaməsinin yaratdığı imkanları demirəm. Azərbaycan ərazisinə icazəsiz daxil olmaq cəhdini edən Fransa qarşısında Türkiyə ordusunu da görər. Çünki Şuşa Bəyannaməsinin tələbi avtomatik işə düşəcək. Üçüncüsü, Rusiyanın da Cənubi Qafqaz bölgəsinə avantürist Makronun rəhbərlik elədiyi Fransanın daxil olmasına yaxşı yanaşmayacağı bəllidir. Makron Ermənistanda Gümrüdəki Rusiya hərbi bazasının yerinə Fransa hərbi bazasını yerləşdirmək fikrindədirsə və buna nail olmağı mümkün hesab edirsə, bu o deməkdir ki, Makronun səhhətində ciddi problemlər yaranıb”.

Politoloq qeyd etdi ki, Fransanın bu avantürasına Avropa İttifaqının dəstəyini əldə eləmək cəhdi də boşa çıxmağa məhkumdur. Avropa İttifaqında elə ölkələr var ki, Azərbaycanla çox sıx əlaqələri var. Onlar heç vaxt Avropa İttifaqının Makronun istəyinə razılıq verməsinə dəstək verməzlər: “Avropa İttifaqının aparıcı dövlətlərindən olan İtaliyanın yeni seçilmiş baş naziri ilk çıxışında Makronun apardığı siyasətə qarşı çox sərt tənqidi fikirlər söylədi. Makronun Azərbaycana qarşı Avropa İttifaqı tərəfindən sanksiyalar qəbul olunması istəyinin də reallaşması sıfıra bərabərdir. Makron düşünürsə ki, Ermənistanı Rusiyanın əlindən qopara və tamamilə Fransanın tabeçliyinə keçirə biləcək, burada da yanılır. Rusiya Ukraynada nə qədər zəifləsə də onun Ermənistana təsir etmək üçün gücü qalacaq. Çünki Ermənistan Rusiyadan bütün sahələrdə asılı vəziyyətdədir. Ermənistanın taleyi Rusiyanın əlindədir. Fransanın Ermənistanda Rusiyanı əvəz eləməsi mümkün deyil. Makronun İran amilindən bəhrələnmək cəhdləri ola bilər. Amma İranın Azərbaycan sərhədlərində keçirdiyi son hərbi təlimlərin səviyyəsi Makronun bu niyyətinin də puça çıxacağını bəri başdan labüd edir. Ona görə də yaxşı olar ki, Makron Fransanın daxili işləri, daxili problemləri ilə məşğul olsun”.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR