İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun adaya səfəri - Yeni Kaledoniyada möhkəmlənmək üçün növbəti cəhd

Fransanın dənizaşırı ərazisində, Sakit okeanda yerləşən Yeni Kaledoniya adasında müstəqillik uğurunda mübarizə davam edir. On günə yaxındır müstəqillik tərəfdarları itaətsizlik aksiyası keçirir.

Bununla əlaqədar olaraq Fransa Prezidenti Emmanuel Makronun bu gün regiona səfəri gözlənilir. Hökumət rəsmisi Priska Tevenonun sözlərinə görə, dövlət başçısı hakimiyyət tərəfindən siyasi dialoqun qurulması istiqamətində apardığı kursun davam etdirməyə səy göstərəcək. Prezidenti səfərdə ölkənin daxili işlər naziri Jerald Darmanin, müdafiə naziri Sebastian Lekornu və xarici ərazilər naziri Mari Qeven müşayiət edəcək.

Yelisey sarayından bildirilib ki, səfər zamanı dövlət başçısı Yeni Kaledoniya sakinlərini maraqlandıran bir çox haqlı suallara cavab verəcək: “Prezident belə bir məsafəni qət etməyə hazırlaşırsa, bu, bütün tərəfləri dialoqa təşviq etməyin faydalı olacağına onun inanmasıdır”.

Mayın 16-da E.Makron onlayn rejimdə Yeni Kaledoniyanın müstəqilliyinin tərəfdarları və əleyhdarları ilə böhrandan çıxış yolunu müzakirə etməyə çalışıb, bu baş tutmadığından videokonfransı ləğv edib. Fransanın baş naziri Qabriel Attal yeni kaledoniyalı siyasətçilərə göndərdiyi görüş dəvətinə də cavab almayıb.

Fransa tarixdə hökm edən, qul alveri ilə məşğul olmuş, müstəmləkəçi dövlətdir. Bununla belə o, həm də elm, mədəniyyət və demokratiya mərkəzlərindən sayılır. O zaman sual ortaya belə bir sual çıxır - Yeni Kaledoniyanın əsl sakinləri, kanaklar və ya adanın başqa sakinləri niyə müstəqillik tələb edir? Çünki çox əlverişli geosiyasi mövqeyə, zəngin təbii sərvətləri malik olduqları üçün ikinci dərəcəli vətəndaş olmaq istəmirlər.

Fransa hakimiyyəti adada etnik tərkibi dəyişib. Yelisey sarayının aradığı konstitusiya islahatlarına görə, onlar etnik azlıq halına düşüblər. Paris oranı 1853-cü ildə müstəmləkə elan edib, adadan həbsxana kimi istifadə edib. Ora 20 mindən çox məhbus göndərib.

İndi Yeni Kaledoniyanın əhalisi təxminən 300 min nəfərdir. Onun da 40 faizi, yaxud 112 mini kanaklardır. 1998-ci ildə imzalanmış müqavilələrə əsasən, Fransa ərazinin siyasi muxtariyyətini genişləndirməyə və yerli seçkilərdə yalnız o vaxt Yeni Kaledoniyada yaşayanlara səsvermə hüququ verməyə razılaşdı. Ancaq 1998-ci ildən bəri 40 minə yaxın Fransa vətəndaşı Yeni Kaledoniyaya köçüb. Razılaşmalarda həmçinin adanın gələcəyini müəyyən etmək üçün üç referendumun keçirilməsi nəzərdə tutulurdu. Sonuncu belə plebisit 2021-ci ilin sonunda baş tutdu - və hər üç halda yerli sakinlər Fransadan müstəqilliyə qarşı çıxdılar.

Eyni zamanda, 2018 və 2020-ci illərdə keçirilmiş birinci və ikinci referendumda Parislə əlaqələrin saxlanmasının tərəfdarları cüzi səs çoxluğu əldə etmiş, üçüncü dəfə isə müstəqilliyi dəstəkləyən partiyalar hakimiyyətin təxirə salmaq istəmədiyi üçün səsverməni boykot etmək qərarına gəldilər. Üçüncü referendum koronavirus pandemiyası dövründə keçirilib.

Yeni Kaledoniya Fransadan əhəmiyyətli dərəcədə muxtariyyətə malikdir. Ancaq müdafiə və təhsil kimi məsələlərdə Parisdən çox asılıdır.

Yeni Kaledoniyada son etiraz aksiyaları Fransa parlamentinin yerli qanunvericilik məclisinə seçkilərin prosedurunu dəyişdirən qanunu qəbul etdikdən sonra başlayıb. Düzəlişlərə əsasən, 10 il Yeni Kaledoniyada yaşayan Fransa sakinlərinə səsvermə hüququ veriləcək. Bu isə adanın yerli əhalisini, kanakların narazılığına səbəb olub. Onlar bundan sonra siyasi təsir imkanlarının azalacağından narahatdırlar.

Bununla da adanın hər beş seçicindən biri 2024-cü ildə səsvermə hüququnu itirəcək. Yeni qanun qəbul olunarsa, seçicilərin sayı 14,5 faiz Fransadan gətirilənlərin hesabına artacaq. Bu perspektiv arxipelaqın Fransadan müstəqilliyini böyük əksəriyyəti ilə dəstəkləyən kanakları narahat edir. Onlar hesab edirlər ki, islahat onların seçki və referendumda çəkisini azalda, xalqını marginallaşdıra, bununla da onları adanın taleyini təyin etmək imkanından məhrum edə bilər. Adada yaranmış etnik vəziyyətə əsasən, Fransa orada keçirəcəyi mümkün istənilən ümumxalq səsverməsi kampaniyasında qalib gələcək.

Emmanuel Makronun səfərindən öncə adaya 2,7 mindən çox xüsusi təyinatlı polis və jandarm göndərilib. Arxipelaqda daimi 1,5 min hərbçi xidmət edir. Onların da sayının artırılması nəzərdən keçirilir.

Hüquqları tapdanan yeni kaledoniyalıların etiraz aksiyaları davam edir. Məlumatlara əsasən, polislə dinc nümayişçilər arasında toqquşmanın olub. Fransanın daxili işlər naziri Jerald Darmanin aksiyaçıları ittiham edərək bildirib ki, yerli sakinlər paytaxt Numeda dükanları sındırıb, hökumət binalarını yandırıblar, yüzlərlə adam, o cümlədən yüzə yaxın polis yaralanıb.

Makronun arxipelaqa səfəri 1958-ci ilin oktyabrında Fransanın ovaxtkı baş naziri Şarl de Qollun Əlcəzairə səfərini xatırladır. Onda de Qoll Əlcəzairin müstəqilliyi uğrunda mübarizə aparanlara təslim olmağı təklif etmişdi. Ancaq onlar təslim olmamışdılar. 1959-cu ildə üsyançılar çox böyük itkilər vermişdi. De Qollun dövründə Fransa ordusu təşəbbüsü ələ keçirmişdi. Bununla belə o, prezident olduqdan sonra da Əlcəzarinin azadlığı uğrunda mübarizə aparan cəbhə yolundan dönmədi.

KALİN.jpg (160 KB)

1961-ci ilin yanvarında Əlcəzair müstəqilliyini elan etdi və 20 dövlət onu tanıdı. Həmin il yanvarın 8-də öz müqəddəratını təyin etmək üzrə referendum keçirildi. Fransada seçicilərin 75 faizi, Əlcəzairdə isə 70 faizi referendumun mövzusunun lehinə səs verdi. Əlcəzair xalqının mübarizəsi 1962-ci il martın 18-də Fransa ilə Evian müqaviləsinin imzalanması ilə nəticələnmişdi.

Yeri gəlmişkən Əlcəzairin müstəqilliyi uğrunda mübarizə 1954-cü il noyabrın 1-dən 1962-ci il martın 18-dək davam edib. Bu savaşda 20 min fransalı, 30 min fransayönümlü əlcəzairli, 152 min 963 əlcəzairli həlak olub. Əlcəzair hökumətinin rəsmi məlumatına əsasən, 1,5 milyon dinc sakin də bu müharibənin qurbanı olub.

Şarl de Qoll 66 il əvvəl Əlcəzair xalqının müstəqillikdən çəkindirmək üçün müxtəlif yollara əl atsa da buna nail ola bilmədi. Emmanuel Makron da onun “uğurunu” təkrarlaya bilər.

BİLER.jpg (43 KB)

Düzdür, Əlcəzairdən fərqli olaraq Yeni Kaledoniya xalqının mübarizəsi beynəlxalq ictimaiyyət tərəfindən elə geniş miqyasda tanınmır. Ancaq nəzərə almaq lazımdır ki, bu ada AUKUS-un (Avstraliya, Böyük Britaniya, ABŞ) təhlükəsizlik zonasına yaxın ərazidə yerləşir. 2021-ci il sentyabrın 15-də yaradılan bu ittifaq Cənubi Hindi-Çin bölgəsində Çinin təsirinə qarşı yönəlib. Paktda həmçinin “kiber imkanlar, süni intellekt, kvant texnologiyaları və əlavə sualtı imkanlar” sahəsində əməkdaşlıq nəzərdə tutulub. Alyans hərbi imkanlara diqqət yetirəcək, Yeni Zelandiya və Kanadanın da iştirak etdiyi “Beş Göz” kəşfiyyat mübadiləsi ittifaqından ayıracaq.

Fransanın ovaxtkı xarici işlər naziri Jan-İv Le Drian Avstraliyanın 56 milyard avroluq (90 milyard ABŞ dolları) Fransa-Avstraliya nüvə sualtı müqaviləsini xəbərdar etmədən ləğvindən sonra paktı "arxadan bıçaq" adlandırmışdı. Ehtimal etmək olar ki, yaxın zamanda Fransa Yeni Kaledoniyada rejimi daha da sərtləşdirəcək. Çünki məsələ heç də bir adanın itirilməsindən getmir. Arxipelaq ziddiyyətlərin toqquşduğu bölgədir. Belə ehtimal etmək olar ki, E.Makron regional maraqların qarşıdurmasında Fransanın oyundankənar qalmamasına çalışır. Yeni Kaledoniyanın müstəqillik ələ etməsi Parisin Sakit okeanda mövqeyini itirməsinə səbəb ola bilər. Odur ki, Makron da de Qoll kimi müstəmləkə ərazisində möhkəmlənmək üçün son şanslarından istifadə edir. Çünki beynəlxalq ictimaiyyət bir müddətdən sonra arxipelaqdakı mübarizəni dəstəkləyə bilər.

Sədrəddin İsmayılov
Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR