İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Rusiya xofunu qazanca çevirir: Fransa Avropa Birliyinə qarşı “talançılıq planı” qurub

Afrikadan qovulmuş, iqtisadiyyatı böhran mərhələsinə keçid etmiş Fransa Avropa Birliyinin hərbi müdafiə vəsaitlərini ələ keçirtməkdə israrlıdır... Rəsmi Parisin “fırıldaqçılıq ssenarisi” baş tutarsa, Avropa Birliyinin kənar hərbi təhdidlərə qarşı müdafiəsiz qala biləcəyi qətiyyən istisna deyil...

Avropa Birliyi məkanında Rusiya xofu ən yüksək həddə çatıb. Belə ki, “qoca qitə” dövlətləri Ukraynanın hərbi məğlubiyyətinin Avropa Birliyi üçün böyük fəlakətlərə yol aça biləcəyindən ciddi şəkildə narahatdırlar. Əsas arqumentlər ondan ibarətdir ki, Rusiyanın güclü hərbi-sənaye kompleksi mövcuddur. Ona görə də, Ukrayna savaşından sonra Rusiya hərbi itkilərini sürətlə bərpa etmək şansı qazana bilər. Yəni, Rusiyanın silah-sursat və hərbi texnika istehsalının qısa müddətdə onun ordusunun döyüş qabiliyyətini yüksəltməyə imkan verə biləcəyi ehtimal edilir. Və Avropa Birliyi ölkələri hadisələrin belə inkişafına hələlik qətiyyən hazır deyillər.

Onu da qeyd etmək lazımdır ki, Almaniya və Fransa başda olmaqla, bəzi Avropa ölkələri “qoca qitə”nin real hərbi təhlükə qarşısında olduğuna şübhə etmirlər. Almaniyanın hərbi dairələri hətta yaxın gələcəkdə Rusiya ilə müharibənin qaçılmaz olacağını iddia edirlər. Ona görə də, alman hərbi analitiklər Avropa Birliyini sürətlə savaşa hazırlaşmağa çağırırlar. Üstəlik, onların fikrincə, belə bir hazırlıq üçün o qədər də çox zaman yoxdur. Və Ukrayna savaşı yaxın aylarda dayandırılarsa, Avropanın yeni savaş alovuna bürünməsi hər an baş verə biləcək təhlükəyə çevriləcək.

trump-europe-Снимок.JPG (108 KB) 

Bütün bunları nəzərə alan Avropa ölkələri Ukraynaya hərbi dəstəyin davam etdirilməsinin “qoca qitə”nin gələcək taleyi üçün vazkeçilməz variant hesab edirlər. Onların qənaətinə görə, Ukraynaya dəstək Avropa Birliyinə müharibə hazırlığı üçün zaman qazandıra bilər. Yəni, Avropa ölkələri üçün indi Tramp-Putin sövdələşməsinin pozulması və Ukrayna savaşının nəyin bahasına olursa-olsun, uzadılması xüsusi əhəmiyyət daşıyır. Və bu baxımdan, ABŞ-ın Ukrayna savaşının dayandırılmasına yönəlik cəhdlərinə müqavimət göstərilməsi qətiyyən gözlənilməz deyil.

Maraqlıdır ki, Tramp-Putin sövdələşməsindən sonra Kremldə də Ukrayna savaşının məhz Rusiyanın mənafeyinə uyğun şərtlər çərçivəsində dayandırılacağına əminlik yaranıb. Ancaq Kremldə indi daha çox “qoca qitə” ölkələrinin mövqeyidən, onların Ukraynaya hərbi dəstəyi davam etdirmək niyyətindədn ciddi şəkildə narahatdırlar. Ona görə də, Rusiya siyasi dairələri Avropa Birliyi, Böyük Britaniya və Fransanı Tramp-Putin sövdələşməsinin reallaşması qarşısında əsas əngəl olaraq, görürlər. Və onları “sülh prosesi” pozmaq, Ukrayna savaşını uzatmaq cəhdlərində suçlayırlar.

Məsələ ondadır ki, Böyük Britaniya Ukraynaya hərbi texnika göndərməkdə və maliyyə dəstəyi ayırmaqda davam edir. Eyni zamanda, Avropa Birliyi də üzv dövlətlərin hərbi təhlükəsizlik xərcləri üçün 800 milyard avrodan artıq maliyyə vəsiti ayırıb. Avropa Komissiyasının rəhbərliyi öz fəaliyyətini “qoca qitə”nin silahlandırılması və müdafiə sisteminə trasformasiya prinsiplərinə uyğunlaşdırmaq niyyətindədir. Yəni, Avropa məkanında yeni və genişmiqyaslı hərbi layihələrin icrasına başlanılmaqdadır. Və bu proses iştirakçı dövlətlər arasında müəyyən ziddiyyətlərlə də müşayiət olunmaqdadır.

 6f8XB1LXR62QGoJE0gTD.jpg (92 KB)

Bəzi məlumatlara görə, Almaniya Türkiyənin Avropa Birliyi məkanının təhlükəsizlik sistemi üçün vazkeçilməz hərbi-siyasi tərəfdaş olduğunu xüsusi olaraq, qabardır. Rəsmi Berlin hesab edir ki, Türkiyə özünün güclü və yüksək döyüş qabiliyyətli ordusu ilə “qoca qitə”nin təhlükəsizliyində həlledici rol oynamaq imkanındadır. Üstəlik, Türkiyənin ən müasir hərbi texnika növlərinin istehsalı ilə diqqəti çəkən hərbi-sənaye kompleksi də olduqca önəmli faktordur. Və bu səbəbdən də, Almaniya Avropa Birliyi ölkələrinin hərbi təhlükəsizlik sistemində, eləcə də, bu sahəyə ayrılmış maliyyə vəsitinin xərclənməsində Türkiyəyə xüsusi yer ayrılmasında israr edir.

Ancaq bu məsələ Almaniya və Fransa arasında ciddi ziddiyyətlər doğurmağa başlayıb. Belə ki, rəsmi Paris Almaniyadan fərqli olaraq, Türkiyənin bu prosesdən tamamilə kənarda saxlanmasına çalışır. Fransa rəsmi dairələri Türkiyəni olduqca ciddi rəqib statusunda görür və bu səbəbdən də “qoca qitə”nin silahlandırılması prosesinə buraxılmasına qarşı çıxır. Rəsmi Paris bu məsələdə Avropa Birliyi ölkələrindən daha çox, yalnız Fransanın maraqlarından çıxış edir. Və bu fransız eqoizmi yaxın gələcəkdə Avropa Birliyi üçün real təhlükələr törədə bilər.

1741348869_1.jpg (67 KB) 

Makron hakimiyyəti bir tərəfdən Avropa məkanında liderlik etməyə can atır. Digər tərəfdənsə, Fransa hərbi-sənaye kompleksinin istehsal etdiyi silahları Avropa ölkələrinə satmaq niyyəti güdür. Yəni, rəsmi Paris Avropa Birliyinin hərbi tərhlükəsizlik xərcləri üçün üzv dövlətlərə ayırdığı 800 milyard avroluq maliyyə vəsitinin məhz Fransaya axışını təmin etmək planı qurmaqdadır. Halbuki, Fransa hərbi-sənaye kompleksinin istehsal etdiyi silahlar müasir tələblərdən geri qalır. Və belə hərbi texnika ilə silahlanmış Avropa ordularının döyüş qabiliyyətinin ciddi suallar yaradacağı qətiyyən şübhə doğurmur.

Bütün bunlara baxmayaraq, Afrikadan qovulmuş, iqtisadiyyatı böhran mərhələsinə keçid etmiş Fransa Avropa Birliyinin hərbi müdafiə vəsaitlərini ələ keçirtməkdə israrlıdır. Rəsmi Paris buna nail olacağı təqdirdə, Fransa iqtisadiyyatını çökmə təhlükəsindən xilas edə biləcəyinə ümid bəsləyir. Yəni, Makron hakimiyyəti, imkan veriləcəyi təqdirdə, Fransanın maraqları üçün Avropa Birliyini fırıldaqçılıq yolu ilə talamaq niyyəti güdür. Və rəsmi Parisin bu “talançılıq planı” baş tutarsa, Avropa Birliyinin kənar hərbi təhdidlərə qarşı müdafiəsiz qala biləcəyi qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR