İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərqdə "qiyamət günü" layihəsi sınaqdan keçirilir: Tramp Ağ Evdə artıq "düymə"yə basıldığını etiraf etdi

Əgər, bu savaş uzanaraq, mövcud məhdud çərçivədən kənara çıxarsa və daha geniş areala yayılarsa, onda Yaxın Şərqin əsl fəlakət bölgəsinə çevriləcəyi qətiyyən şübhə doğurmur... Ona görə də, ABŞ və İsrailin bu savaşın uzadılmasından imtina etməsi olduqca vacibdir və bu, yalnız Yaxın Şərq deyil, ümumiyyətlə, qlobal təhlükəsizlik üçün də böyük önəm daşıyır...

Yaxın Şərqdə hərbi-siyasi böhranın növbəti mərhələsi başladıldı. Bu böhranın əsas səbəbləri sırasında Yaxın Şərqin yenidən dizayn olunması ilə bağlı plan da yer alır. İsrail ilə yanaşı, ABŞ da bu qorxunc planın müəllifidir. Əsas hədəf isə Ağ Evdən idarə edilən, İsrailin toxunulmaz olacağı Yaxın Şərq layihəsinin reallığa çevrilməsidir. Və bu baxımdan, daha təhlükəli hərbi-siyasi mərhələnin hələ yeni başladığı qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və İsrail üçün bu mərhələnin hərbi-siyasi cəhətdən idarə edilməsi o qədər də asan olmayacaq. Çünki bu dəfə Yaxın Şərqin ən güclü dövlətlərindən biri olan İran hədəfə alınıb. Üstəlik, buna uzun müddətdən bəri genişmiqyaslı hazırlıq prosesi reallaşdırılıb. Və Fələstin münaqişəsinin yenidən alovlandırılması sonda əsas hədəfin İran olacağını təxmin etmək mümkün idi.

trump-israil-iran-savas-sonrasi-aciklama-hh-4545.jpg (65 KB)

Məsələ ondadır ki, İsrail ABŞ-ın birbaşa dəstəyi ilə Yaxın Şərqdə İranın bütün "proxy" qüvvələrini sıradan çıxartmışdı. Əvvəlcə HƏMAS vuruldu, ardınca Hizbullah zəiflədildi. Nəticədə Yaxın Şərqdə Husilərdən başqa İranı dəstəkləyə biləcək başqa silahlı qruplaşma qalmadı. Bununla da İran ABŞ və İsrailin açıq hədəfinə çevrildi. Və indi yalnız İranın deyil, bütövlükdə Yaxın Şərqin gələcək taleyi həll olunur.

Maraqlıdır ki, İsraildən fərqli olaraq, ABŞ yalnız hərbi deyil, həm də siyasi-diplomatik modeli ön planda tutmağa çalışırdı. Belə ki, Ağ Ev və rəsmi Tehran arasında İranın nüvə proqramının ləğvi ilə bağlı saziş üzərində danışıqlar prosesi davam edirdi. Ancaq bu proses son vaxtlar dalana dirənmişdi. Rəsmi Tehran İranın uranı zənginləşdirmək hüququ olduğunu əsas narrativ olaraq, ön plana keçirmişdi. Və bu, situasiyanın qəlizləşməsinə səbəb olmuşdu.

Çünki Ağ Evdə hesab edirlər ki, İran uranı zənginləşdirmənəlidir və nüvə silahına malik olmamalıdır. Üstəlik, ABŞ rəsmi dairələri rəsmi Tehranı nüvə proqramından imtina etməyəcəyi təqdirdə, İrana qarşı hərbi müdaxilənin qaçılmaz olacağı ilə təhdid edirdi. Böyük ehtimalla ABŞ İrana qarşı hərbi müdaxilənin müxtəlif variantlarını da əvvəlcədən planlaşdırnışdı. Və Pentaqon təmsilçilərinin son açıqlamaları İranın tezliklə vurula biləcəyini təxmin etməyə imkan verirdi.

tr-pr-1-Снимок.JPG (62 KB)

Təbii ki, İsrailin İrana qarşı savaşa başlamasının arxasında məhz ABŞ-ın dayandığı qətiyyən şübhə doğurmur. Düzdür, ABŞ-ın dövlət katibi Marko Rubio savaşın təzahürüdür ilk saatlarında İsrailin Ağ Evin xəbəri olmadan hərəkətə keçdiyini iddia etmişdi. Halbuki, buna yalnız sadəlövhlər inana bilərdi. Və çox qısa zamanda da bu reallıq birmənalı şəkildə ortaya çıxmış oldu.

Məsələ ondadır ki, ABŞ prezidenti Donald Tramp rəsmi Tehrana İranın nüvə proqramı ilə bağlı anlaşma üçün aprel ayında 60 gün vaxt verdiyini xatırlatdı. Ardınca isə vurğuladı ki, İsrailin İrana hərbi zərbələri məhz verilmiş vaxtdan 61 gün keçdikdən sonraya təsadüf edir. Ağ Ev sahibi bununla, dövlət katibi Marko Rubio inkar etmiş olsa belə, əslində, ABŞ və İsrailin ortaq razılaşma əsasında hərəkət etdiyini dolayısı ilə təsdiqləmiş oldu. Və bu baxımdan, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlardan kənarda olması barədə qənaətlər qətiyyən inandırıcı görünmür.

Ümumiyyətlə isə ABŞ-ın Yaxın Şərqdəki yeganə dəyişməz müttəfiqi olan İsrailin Ağ Evin razılığı olmadan analoji addımlar atacağı reallıqdan çox-çox uzaqdır. Ona görə də, İrana qarşı hərbi kampaniyanın ABŞ-da planlaşdırılmış ola biləcəyi də qətiyyən istisna deyil. Üstəlik, Pentaqon şefinin İsrail İrana zərbə endirməzdən qısa müddət öncə bu dövlətin nüvə silahı yaratmağa çox yaxın olduğunu bəyan etməsi də belə düşünməyə əsas verir.

yaxin-sherq-iran-1.jpg (80 KB)

Digər tərəfdən, Pentaqon şefinin bu barədə açıqlamasında İrana nüvə silahının yaradılması imkanı verilməyəcəyini də vurğulamışdı. İndi isə prezident Donald Tramp hesab edir ki, İsrailin hərbi zərbələri ABŞ-a İranla nüvə anlaşmasının əldə olunmasında geniş imkanlar açacaq. Və bütün bunlar İrana qarşı hərbi əməliyyatların əsas hədəflərini təxmin etməyə şərait yaradır.

Göründüyü kimi, İranla nə qədər davam edəcəyi qeyri-müəyyən olan savaşın başladılması olduqca təhlükəli proseslərə start verildiyini göstərir. Hər halda, Yaxın Şərqin yenidən dizayn olunması planları quran ABŞ və İsrailin bu addımları daha genişmiqyaslı savaş ehtimalını da aktual saxlayır. Və bu baxımdan, hesab etmək olar ki, hazırda böyük ehtimalla Yaxın Şərqin gələcək taleyi həll olunur.

Belə anlaşılır ki, ABŞ və İsrail əslində, həm də Yaxın Şərqdə müəyyən mənada, "qiyamət günü"nün məhdud çərçivəli formatını səhnələşdiriblər. Əgər, bu savaş uzanaraq, mövcud məhdud çərçivədən kənara çıxarsa, daha geniş areala yayılarsa, üstəlik nüvə obyektlərindən radiasiya sıxıntısı olarsa, onda Yaxın Şərqin əsl fəlakət zonasına çevriləcəyi də qətiyyən şübhə doğurmur. Ona görə də, ABŞ və İsrailin bu savaşın uzadılmasından imtina etməsi olduqca vacibdir. Və bu, yalnız Yaxın Şərq deyil, ümumiyyətlə, qlobal təhlükəsizlik üçün də böyük önəm daşıyır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR