Onlayn ictimai-siyasi qəzet
PKK-nın İran (Rojhılat) qolu kimi tanınan Kürdistan Azad Yaşam Partiyası (PJAK) İran-İsrail münaqişəsinə dair yazılı açıqlama yayıb.
Musavat.com xəbər verir ki, açıqlamada müharibənin ağır sosial və iqtisadi yükünün xalqların çiyinlərinə yükləndiyi, qadın və uşaqların da daxil olduğu mülki itkilərin bu siyasi qarşıdurmanın ən acı nəticəsi olduğu bildirilib.
“Müharibəni başladan İslam Respublikası rəhbərlərinin qərarlarının bədəlini aclıq və yoxsulluq içində boğulan İran xalqı ödəyir. İran və İsrailə endirilən zərbələr zamanı mülki itkilərin çoxluğu, xüsusilə qadın və uşaqların həyatını itirməsi göstərir ki, bu dövlətlər üçün insan həyatı önəmli deyil”, – deyə açıqlamada vurğulanıb.
PJAK həmçinin qeyd edib ki, İran xalqları müharibə ilə diktatura rejimi arasında seçimə məcbur edilə bilməz. Qeyd olunub ki, “Jin, Jiyan, Azadî” (Qadın, Həyat, Azadlıq) şüarı ilə başlanan xalq hərəkatı yeni mərhələyə keçməlidir.
“Bütün kürd partiyalarının əməkdaşlığı və partiya idarəçiliyindən xalq idarəçiliyinə keçid bu həlledici mərhələdə tarixi bir missiyadır. Biz bu istiqamətdə hazırlığımızı elan edir və bütün qüvvələri bu mübarizədə birgə hərəkətə çağırırıq”, – deyə bəyanatda deyilir.
Təşkilat, bütün İran və xüsusən Kürdüstan əhalisinə müraciət edərək demokratik xalq təşkilatları formasında təşkilatlanmağa və müharibənin dağıdıcı təsirlərinə qarşı tam həmrəylik göstərməyə səsləyib.
Qeyd edək ki, İran Kürdistan Demokrat Partiyası da bu gün yaydığı bəyanatda “İran İslam Respublikasının mövcud siyasətləri ölkəni fəlakətə aparır və bu rejim devrilmədən ölkədə vəziyyətin dəyişməsi mümkün deyil” fikirlərini səsləndirib.
Toğrul İSMAYIL,
Musavat.com
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ