Onlayn ictimai-siyasi qəzet
Paris gələn il “daşları” yığmaq zorundadır; deputat: “Makron daim belə hesab edirdi ki, bu cür təzyiqlərlə Azərbaycanı haqlı mövqeyindən çəkindirə biləcək”
Azərbaycan və Fransa arasındakı Vətən savaşından sonra pisləşən münasibətlər bu il də gərgin olaraq qaldı. Bu da Fransa hökuməti və onun bəzi rəsmilərinin Ermənistana açıq şəkildə dəstək bəyanatları verməsi və Azərbaycanın maraqlarını nəzərə almayan mövqe sərgiləməsi fonunda baş verdi.
Prezident İlham Əliyevin öz çıxışlarında Fransanı qərəzli yanaşmada və müstəqillik prinsipinə hörmətsizlikdə ittiham etməsini də bu kontekstdə dəyərləndirmək lazım gəlir. Yada salaq ki, Fransanın Bakıdakı səfiri hələ də Şuşaya baş çəkməyən yeganə Qərb diplomatıdır...
Bəllidir ki, İlham Əliyevin dekabrın 18-də rusiyalı telejurnalist Dmitri Kiselyova verdiyi müsahibəsində Fransa ilə bağlı sərt tənqidi çıxışından sonra Fransanın Azərbaycandakı səfiri Ann Buayon sosial mediada kinayəli bir paylaşım edib. Xanım diplomatın kin və nifrət qusan, cavabsız qalmayan həmin replikası düşmənçiliyin həddini açıq şəkildə ortaya qoydu.
Gerçək belədir ki, Azərbaycanla Fransa arasında münasibətlər heç vaxt bu qədər gərgin olmayıb. Makrondan əvvəlki fransız prezidentləri Bakı ilə əlaqələrdə bunca ermənipərəstlik etməyiblər. Elə dövlət başçısı da son müsahibəsində bunu vurğulayıb: “Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir”.
Onu da xatırladaq ki, bir müddət əvvəl Fransanın Azərbaycandakı səfiri Buayon məsləhətləşmələr üçün geri çağırılmışdı. Bir sözlə, Fransa Azərbaycana faktiki Ermənistandan da çox düşmən kəsilib.
Parisin İrəvanı silahlandırması və son bəyanatları fonunda iki dövlət arasında diplomatik əlaqələr dondurula bilərmi? Bu xüsusda 2025-ci ilin gözləntisi nədir? Makron rejimi, nəhayət, Azərbaycana münasibətdə öz səhvini anlayacaqmı, daşı ətəyindən tökəcəkmi və ya nə vaxt “daşları yığmağa” başlayacaq?
Aydın Hüseynov
Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan-Fransa münasibətləri həqiqətən də Emmanuel Makron hakimiyyətə gələndən etibarən pisləşib. Münasibətlərin pisləşməsində Azərbaycan heç zaman maraqlı olmayıb: "Makron hakimiyyəti isə Azərbaycanla əlaqələrin, əməkdaşlığın pozulması, gərginliyin geridönməz şəkil alması üçün əlindən gələni edib. Azərbaycan-Fransa münasibətləri Fransa ilə heç zaman yaxın dostluq münasibətləri səviyyəsində olmasa da ən azından normal münasibətlər səviyyəsində olub. Fransa prezidentləri arasında Bakıya səfərlər edənlər də olub. Eləcə də Ulu öndər Heydər Əliyevin Prezident kimi Fransaya səfərləri olub, Prezident İlham Əliyevin Fransa dövlətinə rəsmi səfərləri reallaşıb. Bütün bunlar o deməkdir ki, o dövrlər münasibətlərdə gərginlik olmayıb. Lakin Makron iqtidara gələndən sonrakı dövr üçün bunu söyləmək mümkün deyil. Makron özünü Serj Sərkisyan, Robert Köçəryan və digər revanşist ermənilər kimi aparıb Azərbaycana münasibətdə. Xüsusilə də 2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə Makron Azərbaycana qarşı açıq-aşkar düşmənçilik mövqeyi nümayiş etdirib. Azərbaycana qarşı bir sıra beynəlxalq təşkilatlarda hücumların, qətnamələrin əsas təşəbbüskarı, təşkilatçısı Makron Fransası olub və bu gün də belədir”.
Deputatın sözlərinə görə, Makron daim belə hesab edirdi ki, bu cür təzyiqlərlə Azərbaycanı haqlı mövqeyindən çəkindirə biləcək. Ancaq Azərbaycanın haqlı, qalib, güclü və müstəqil dövlət olduğu reallığını nəzərə almayıb: “Azərbaycan Makronun haqsız, qərəzli mövqeyinə etiraz olaraq Fransanı Azərbaycan-Ermənistan sülh danışıqları prosesində vasitəçilikdən faktiki olaraq kənarda qoyub. Yəni bir çox proseslərdə, məsələlərdə Makronun qərəzli və düşmənçilik mövqeyi Azərbaycana deyil, Fransanın özünə zərər vurub. Münasibətlərin bundan sonra necə olacağı da daha çox Parisin davranışlarından asılıdır. Azərbaycana qarşı qərəzli mövqedən, düşmənçilik səviyyəsində münasibətdən imtina etsələr, vəziyyət təbii ki, normal istiqamətə yön ala bilər. Azərbaycana qarşı səhvlərini düzəldib normal əməkdaşlıq xəttini seçsələr, Azərbaycan onsuz da heç zaman gərginliyin tərəfdarı olmayan ölkə kimi müsbət addımın müsbət qarşılığını verəcək. Əksinə, anti-Azərbaycan mövqeyində qalıb Ermənistanı silahlandırmaqda davam etsələr, münasibətlər daha da pozula bilər.
Şəxsən hesab edirəm ki, Makron rejimi özünü dəyişmək iqtidarında deyil. Makron rejimi Fransa üçün daha böyük problemə çevrilib".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
08 Fevral 2025
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ