İnsanlara hürriyət, millətlərə istiqlal!

“Makron özünü Rəhim Qazıyev kimi aparır...”

Deputatlardan Fransaya kəskin etirazlar; “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə ikinci oxunuşda müzakirəyə çıxarıldı

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası Sahibə Qafarovanın sədrliyi ilə keçirilib.

Deputat Ceyhun Məmmədov cari məsələlərə ayrılan vaxtda çıxış edərək Avropa ölkələrində baş verənlərə münasibət bildirib. O, Fransada əlcəzairli gəncin polis tərəfindən qətlə yetirilməsindən, eyni zamanda İsveçdə Qurani-Kərim yandırılmasından danışdı: “Bu, bir daha onu göstərir ki, getdikcə Qərbdə islamafob meyllər artmaqdadır”.

Deputat Elşad Mirbəşir dedi ki, Azərbaycanın hərbi doktrinası 2010-cu ildə  qəbul edilib: “Hərbi doktrinanın 75-ci maddəsində qeyd olunur ki, Azərbaycanın dəyişən təhlükəsizlik mühitinə uyğun olaraq, doktrinada dəyişikliklər, dəqiqləşdirmələr və əlavələr etmək olar. Bu gün artıq yeni reallıqlar şəraitində yaşayırıq. Azərbaycan öz torpaqlarını işğaldan azad edərək, regionda yeni geosiyasi reallıqlar və təhlükəsizlik mühiti formalaşdırılıb”.  Deputat dedi ki, doktrinada yeni reallıqlara uyğun dəqiqləşdirmələrin və dəyişikliklərin edilməsi zəruridir. 

Milli Meclis: MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASININ İCLASINDA

Vahid Əhmədov isə qeyd etdi ki, Fransada  başlayan etiraz dalğası ölkədə böyük qarşıdurmaya səbəb olub: “Bu hadisə Fransada fərqli millətlərə qarşı etnik nifrət, dözümsüzlük və zorakılıq hallarının pik həddə çatdığını göstərdi. Afrika ölkələrində törətdiyi qətliamlara baxmayaraq, özünü demokratiya və insan haqlarının himayədarı kimi təqdim edən dövlətin öz xalqı ilə bu cür rəftarı Makron hökumətinin əsl simasını nümayiş etdirdi”. V.Əhmədov bildirdi ki, Makronun hakimiyyətə gəlişindən sonra bu kimi halların artması onun faşizmi və rasizmi dəstəkləyən, ikiüzlü siyasətindən xəbər verir.

Siyavuş Novruzov da Fransada baş verən hadisələrə və rəsmi Parisin anti-Azərbaycan siyasətinə toxundu. Qeyd etdi ki, Fransa sülh müqaviləsinin bağlanması prosesinə qarışmalı deyil: “Fransa prezidenti Makron ötən çıxışında bildirdi ki, Paşinyandan daha çox Azərbaycan prezidentinə təsir göstərir. Bu nə deməkdir? Sülh tərəfdarı olan ölkənin başçısının belə çıxışı sülhə mane ola bilər. Belə olarsa, sülh müqaviləsinin bağlanmasından söhbət gedə bilməz”. S.Novruzov bildirdi ki, Fransa Ermənistanı özündən daha çox qoruyur: “Qardaş, Ermənistanı istəyirsənsə, gəl, götür, özünə birləşdir! İmkan ver, öz məsələmizi özümüz həll edək! Ədalətli sülh istəyirik, ciddi danışıqlar gedir. Amerika, digər Avropa ölkələri, Türkiyə dəstək verir. Hesab edirəm ki, Azərbaycan hökumətinin Fransaya qarşı sərt mövqeyi olmalıdır”. Komitə sədri Fransa prezidentinin davranışlarını tənqid etdi: “Makron özünü Rəhim Qazıyev kimi aparır. O da həmişə yuyulmamış çömçə kimi ortaya girirdi. Vaxtilə nə iclas keçirilirdi, Rəhim Qazıyev də özünü ortaya atırdı. Makron da başlayıb bu kimi hallara. Hara gedir, ancaq erməniləri tərifləyir”.

İclasda “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə ikinci oxunuşda müzakirəyə çıxarıldı. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov layihə barədə məlumat verdikdən sonra müzakirələr başladı.     

Vahid Əhmədov çıxışında qanun layihəsinə ciddi iradının olmadığını və səs verəcəyini bildirdi. Amma iclasda səhiyyə nazirinin müavini Rasim İsmayılovun iştirak etməsini nəzərə alaraq dərmanların çatışmazlığı, qiyməti keyfiyyəti və digər məsələlərlə əlaqədar narahatlığını bölüşdü, suallar ünvanladı. Bildirdi ki, Azərbaycana gətirilən dərmanların sertifikasiya məsələsi çox ciddi problemə çevrilib. Deputatın sözlərinə görə, elə dərmanlar var ki, şirkətlər onların idxalı üçün aylarla gözləyir, hətta 6 aydan sonra həmin dərman vasitələri  sertifikasiyadan keçirilir. “Bir neçə əsas şirkətin rəhbərləri ilə görüşmüşəm. Bildirilir ki, Azərbaycana gətirilən dərmanların sertifikasiya məsələsi çox qəliz iş olub. Aylarla gözləyirlər və axırda da qərar verilir ki, satmaq olmaz. Niyə müddət bu qədər uzundur? Dərman qıtlığı nədən yaranıb? Ölkə apteklərində çox ciddi dərman qıtlığı var”.  V.Əhmədov qeyd etdi ki, dünya ölkələrində eyni dərmanlar sertifikasiyadan keçirilmədən, dərhal istehlakçıya çatdırılır. “Çox ciddi dərman qıtlığı var, bir sıra apteklərdə hətta başağrısı dərmanı tapmaq mümkün deyil”, - deyə deputat əlavə etdi. Həmçinin dərmanların keyfiyyətindən narazılığını bildirdi: “Dərmanın keyfiyyəti də ciddi məsələdir. Dərman alırsan, heç bir təsir göstəmir. Alman apteklərindən alınan dərmanlar isə keyfiyyətli olur, niyə? Oradan dərmanı alırsan, tamamilə başqa təsirə malikdir. Əgər laboratoriyada yoxlanılırsa, digər apteklərdə niyə dərmanların keyfiyyətində bu qədər fərqlər var?”

V.Əhmədov dərman vasitələrinin əlçatanlığını təmin edəcək layihənin hazırlandığı barədə Ə.Əmiraslonovun anonsunu xatırlatdı və layihənin taleyi barədə də sual verdi. Dedi o layihə, nəhayət, açıqlanmalıdır: “Qiymətlərin baha olması ilə əlaqədar neçə vaxtdır deyilir ki, layihə hazırlanır. Təqdim edin, görək, o nə layihədir. Dərmanların qiyməti məsələsi bizim üçün çox önəmli məsələlərdən biridir. Elə məhsullar var ki, onları ƏDV-dən azad etmək lazımdır. Həmçinin dərman vasitələrini. Gürcüstanın çox gözəl təcrübəsi var, Türkiyə ilə müqavilə imzaladı və dərmanları oradan gətirir. Türkiyə bizə qardaş ölkədir, hökumət niyə eyni müqaviləni imzalamır? Nəhayət, Azərbaycan hökuməti nə vaxt qərar layihəsini bizə təqdim edəcək ki, görək dərmanların qiyməti nə vaxt stabilləşəcək?”

Əhliman Əmiraslanov deputata cavab olaraq bildirdi ki, bununla bağlı ciddi problem var: “Dərmanın keyfiyyət və qiymətləri ilə bağlı doğrudan da ciddi problemlər var. Bunun səbəbi ölkədə dərman istehsalının olmamasıdır. Dərmanların əksəriyyəti xaricdən gətirilir, bu da ciddi problemlər yaradır”.

Səhiyyə nazirinin müavini Rasim İsmayılov keyfiyyətsiz dərman vasitələrinin bazara necə daxil olması ilə bağlı deputatların suallarına reaksiya verdi. Bildirdi ki, şəxsi məqsədlər üçün xaricdən dərman gətirilməsinə hər hansı problem yaradılmır: “Etiraf edək ki, bu kimi dərman vasitələri təkcə şəxsi istifadə məqsədi ilə olmur. Bu kimi vasitələrdən eyni zamanda şəxsi maraqlar üçün də istifadə olunur. Belə halların qarşısının alınması üçün Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Gömrük Komitəsi arasında danışıqlar aparılacaq”.

Milli Məclisin sədri Sahibə Qafarova isə vurğuladı ki, Səhiyyə Nazirliyi bununla bağlı araşdırma apardıqdan sonra məlumat versə, yaxşı olar: “Siz qeyd etdiniz ki, Səhiyyə Nazirliyi bununla bağlı araşdırma aparacaq.Yaxşı olardı ki, araşdırma aparıldıqdan sonra Səhiyyə Komitəsinə də məlumat verilsin”.

Əhliman Əmiraslanov nazir müavininin keyfiyyətsiz dərmanlarla bağlı dediklərinə bu cür reaksiya verdi: “Nazir müavini Rasim İsmayılov qeyd etdi ki, şəxsi məqsədlər üçün gətirilən dərmanlar apteklərə satılır, ona görə keyfiyyətsiz dərmanlar artır. Bunu təkcə vətəndaşların üstünə atmaq olmaz. Dərmanların keyfiyyətinin aşağı olmasına səbəb olan başqa hallar araşdırılmalıdır. Keyfiyyətsiz dərmanları gətirənlər araşdırılmalıdır. Bunlar şəxsi istifadə üçün gətirən vətəndaşlar deyil. Bu dərmanlar başqa yollarla gəlir. Yaxşı olar ki, siz onu araşdırasınız”.

Milli Meclis

İclasda “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi kifayət qədər maraqlı keçdi. Layihənin deputat Kamal Cəfərov tərəfindən təqdimatından sonra parlament təmsilçiləri fərqli yanaşmalarını ortaya qoydular. Komitə sədri Zahid Oruc ölkə konstitusiyasına istinad edərək uyğunsuzluğa diqqət çəkdi və qanun layihəsinə münasibətdə bitərəf qalacağını söylədi. Deputat Erkin Qədirli isə layihəni dəstəklədi.

Qüdrət Həsənquliyev həmkarının arqumentlərinə münasibət bildirməklə çıxışa başladı: “Erkin Qədirlinin söylədiyi fikirlər nəzəri məsələdir. Bununla bağlı beynəlxalq təcrübəyə də istinad eləmək olar ki, bəli konstitusiya məhkəmələri bir çox hallarda konstitusiya və qanunların hansısa normalarının şərhini verə bilirlər, qanunların konstitusiyaya uyğunluğu ilə bağlı rəy verirlər. Amma hazırda qüvvədə olan konstitusiyaya görə, konstitusiyada açıq mətnlə yazılıb ki, ombudsman məhkəmə aktlarının qanunlara və konstitusiyaya uyğunluğuna dair Konstitusiya Məhkəməsinə sorğu verə bilər. Konstitusiyada belə yazılıb. Bu olduğu kimi də qanuna daxil olmalıdır. Biz bunu dəyişiriksə, bu, o deməkdir ki, konstitusiyanı açıq şəkildə pozuruq”. Deputat ardınca fikirlərini əsaslandırdı: “Mən komitə iclasında da çox geniş çıxış elədim və əsaslandırmağa çalışdım, konstitusiyanı da oxudum, amma xeyri olmadı. Birinci oxunuşda da konstitusiyanı oxudum, amma yenə də xeyri olmadı. Ona görə də bunu təkrarlamaq istəmirəm. Mən çıxış yolunu nədə görürəm? Düzü, mən, hər zaman söyləmişəm ki, qanunların xüsusilə parlament və hökumət tərəfindən pozulması vətəndaşlarda qanunlara qarşı hörmətsizlik yaradır. Ona görə də elə qanunlar qəbul edək ki, onu icra edə bilək. Konstitusiyanı pozmaqadansa, bir referendum aktı keçirək, konstitusiyanın fəaliyyətini hansısa müddətə dayandıraq. Bunun da adını "keçid dövrü üçün" qoyaq. Bu onsuz da heç nəyi dəyişməyəcək. Siyavuş müəllim də qeyd elədi ki, onsuz da müraciətlərin sayı çox deyil ki, bu Konstitusiya Məhkəməsinin işini pozsun. Sadəcə olaraq, əsas verəcəyik ki, camaat görsün, konstitusiyaya əməl olunmur. Həm də bizi kənardan tənqid edəcəklər ki, baxın, konstitusiyaya hörmət bundan ibarətdir".

Q.Həsənquliyev spikerə xitab etdi: “Hörmətli sədr! Ona görə də bu məsələ ilə bağlı bəlkə qapalı müzakirələrə ehtiyac var ki, deputatların qaldırdığı məsələlərə, bu layihəni hazırlayan adamlar hansısa formada əsalandırılmış reaksiyalar verməldirlər. İzahat verməlidirlər ki, niyə konstitusiyada belə qeyd olunur, amma siz başqa cür yazırsınız. Bunun bir izahı olmalıdır. Açıq söyləyirəm ki, bu izahatı vermirlər. Yəni bir dəfə bildirmişdilər ki, "biz cənab prezidentə bu formada müraciət etmişik, təkrar deyə bilmərik ki, bu məsələ bizim diqqətimizdən qaçıb. Yaxud konstitusiyaya diqqət yetirməmişik. Və ya konstitusiyanı qəsdən pozmuşuq. Ona görə də bu cür səsə qoyacaqsınız və qəbul edəcəksiniz". Ola bilsin ki, bir az sərt formada deyirəm, yanaşma bundan ibarətdir. Bu yanaşma dəyişilməlidir. Bir dəfə mən zoom müşavirə keçiriləndə də söylədim ki, yanaşma dəyişməlidir. Çox təəssüf ki, yanaşma dəyişmir və bu layihəni hazırlayan adamlar özlərini hamıdan ağıllı bilirlər. Parlamentdə yüzlərlə insan var, ağıl-ağıldan üstündür. Ona görə kollegial müzakirələr keçirilir ki, birinin diqqətindən yayınan məsələ başqasının ağlına gəlir. Amma çox təəssüf ki, bizə münasibət heç də ürəkaçan deyil və bu münasibət dəyişməlidir. Açıq şəkildə konstitusiya qanunlarına zidd normaların parlamentə göndərilməsi praktikasına son qoyulmalıdır".

Spiker Sahibə Qafarova və layihəni təqdim edən K.Cəfərov irad və tənqidlərlə razılaşmadılar.

Layihə səsə qoyularaq ikinci oxunuşda təsdiqləndi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR