İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mahmudovçu” generalın mübhəm məhkəmə prosesi

Zərərçəkənlər məhkəmənin uzadılmasının sirrini açdılar

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub-E.M.) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general-mayor Mövlam Şıxəliyev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov, şöbə rəisinin müavini Sahib Ələkbərovun məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Bu günə qədər Bakı Apelyasiya Məhkəməsində hazırkı iş üzrə 8 proses təyin olunub, cəmi 4 proses baş tutub. Bunun səbəbləri isə müxtəlif olub. Vəkillərin prosesə qatılmaması, qar yağması səbəbindən müttəhimlərin Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirilməməsi və s. Fevralın 6-na təyin olunan proses isə hakimlərdən birinin xəstələnməsi səbəbi ilə fevralın 13-nə qədər təxirə salınıb. İş üzrə zərərçəkənlər məhkəmənin təxirə salınmasının səbəbsiz olmadığını deyirlər. Bildirirlər ki, müttəhimlər prosesin uzadılması ilə vəziyyətdən çıxa biləcəklərinə, hakimiyyət daxilində özlərinə himayəçi tapacaqlarına ümid edirlər.

Ötən prosesdə Mövlam Şıxəliyev çıxış edərək ittiham üzrə özünü təqsirli bilməyib, ona bəraət verilməsini istəyib. Fevralın 13-də keçirilən məhkəmə prosesi digər müttəhimlərin çıxışları ilə davam etdiriləcək.

Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayətlərini təqdim edən təkcə Mövlam Şıxəliyev və suç ortaqları deyil. Onun ailə üzvləri də, dövlət ittihamçısı da, iş üzrə zərərçəkənlər də apelyasiya instansiyasına şikayətlərini təqdim ediblər. Prosesə hakim İlqar Murquzov sədrlik edir. Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm sentyabrın 21-də, Bakı Hərbi Məhkəməsində çıxarılıb. Hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi də alınıb. Onun tabeliyində işləmiş hər 3 polkovnikə də uzunmüddətli həbs cəzaları kəsilib. Keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. İstintaq və məhkəmə dövründə azadlıqda olan hər 3 polkovnik hökm elan olunanda məhkəmə zalında həbs olunublar.

General Mövlam Şıxəliyevin həbs olunandan sonra ilk — Fotosu

Hökmdə sabiq MTN-çilərin əmlaklarının müsadirəsi məsələsi də yer alıb. Mövlam Şıxəliyevin özü və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına 7 milyon manatdan çox dəyəri olan əmlaklar müsadirə olunub.

Maraqlıdır ki, M.Şıxəliyevlə bərabər onun ailə üzvləri də hökmdən apelyasiya şikayəti veriblər. Onlar müsadirə olunan əmlakları geri tələb edirlər. İddia edirlər ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunmayıb. Şıxəliyevin ailə üzvləri çoxsaylı əmlakların onlara yaxın qohumları tərəfindən bağışlandığını qeyd etməklə geri almaq niyyətlərini apelyasiya şikayətlərində qeyd ediblər.

Bakı Hərbi Məhkəməsinin hökmündən zərərçəkmişləri narazı salan əsas məqam isə Mövlam Şıxəliyev və ailə üzvlərinin adına olan, üzərinə həbs qoyulmuş əmlakların əhəmiyyətli bir hissəsinin geri qaytarılmasıdır. Zərərçəkənlər vaxtilə MTN-də onlardan və yaxınlarından hədə-qorxu ilə alınmış pulların geri qaytarılması tələbi ilə Bakı Hərbi Məhkəməsində baş tutan prosesinin əvvəlində mülki iddialar qaldırmışdılar. Bununla yanaşı, Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər.

Mövlam Şıxəliyev sahibkarlardan alınan pulları Çində, Dubayda fabriklərə  yatırıb

Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərinin iddiasını qismən təmin edib. Mülki iddialarının qismən təmin olunması da zərərçəkənləri hökmdən narazı salıb. Ümumilikdə isə zərərçəkənlər Mövlam Şıxəliyev və hər 3 polkovnikin daha ağır cəzalara məhkum edilmələrini də tələb edirlər.

Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesə Mövlam Şıxəliyevin həyat yoldaşı, qızı və oğlu maraqlı şəxs qismində qoşulublar. Onlar da əmlak davasında tərəfdirlər və müsadirəyə götürülən yerdə qalan əmlakları da geri tələb edirlər.

Daha bir maraqlı məqam isə Eldar Mahmudovun şəxsi agenti olmuş “Akula Akif ” ləqəbi ilə tanınan Akif Mustafayevin də prosesə maraqlı şəxs qismində qoşulmaq istəməsi idi. Lakin hakimlər məhkəmənin hazırlıq iclasında hazırda beynəlxalq axtarışda olan Akif Mustafayevin vəkilləri Aytən Quliyevanın və Cavanşir Süleymanovun apelyasiya şikayətlərini təmin etmədi.

Bununla da Eldar Mahmudovun şəxsi agenti onun baş istintaqçısının prosesindən kənar saxlanıldı. “Akula Akif” M.Şıxəliyevin məhkəməsinə qatılmaqla nəyi mübahisələndirəcəkdi, nəyi tələb edəcəkdi bilinmədi.

Sabiq MTN-çilər barəsindəki cinayət dosyesində ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqdan və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR