İnsanlara hürriyət, millətlərə istiqlal!

"Magistraturaya qəbul universitetlərin verdiyi təhsil əsasında aparılmalıdır"

Məlum olduğu kimi, bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına fevralın 16-sı keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 21 926 bakalavrdan 515 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 3 nəfərin nəticəsi ləğv olunub.

"Azərbaycanda magistraturaya qəbul modeli yanlışdır – universitetlərin rolu sıfıra endirilib!"

Musavat.com bildirir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov imtahan nəticələrini şərh edərkən deyib.

kamran.jpg (28 KB)

Ekspert qeyd edib ki, hazırkı sistemdə tələbənin 4 il ərzində aldığı biliklərin heç biri magistratura imtahanı zamanı yoxlanılmır ki, bu da qəbuledilməzdir:

"Magistratura imtahanının nəticələri bir həqiqəti bir daha göstərdi: bu nəticələrin universitetlərə heç bir aidiyyəti yoxdur! Dörd il bakalavr pilləsində oxuyan tələbənin magistraturaya qəbul olmaq üçün qazandığı biliklərə əsaslanmaması, bunun əvəzinə imtahan üçün ayrıca hazırlaşmağa məcbur olması, mövcud qəbul modelinin nə qədər yanlış olduğunu sübut edir.

Hazırkı sistemdə tələbə 4 il ərzində ali təhsil alır, universitetlər ona müxtəlif sahələrdə fundamental biliklər ötürür. Lakin magistratura imtahanı zamanı bu biliklərin heç biri yoxlanılmır. 95 test sualı və bir esse tələbənin hansısa ixtisas üzrə nə qədər dərin biliyə malik olduğunu deyil, sadəcə imtahan texnikasına nə qədər yaxşı hazırlaşdığını ölçür.

Universitetin verdiyi təhsil yoxlanılmadığına görə, tələbələr məcburən qəbul üçün kurslara üz tuturlar. Bu isə təhsil sisteminin təməlindəki problemin göstəricisidir. Çünki magistratura təhsili ali təhsilin davamıdır və bakalavrda öyrənilən biliklərin inkişafına əsaslanmalıdır. Ancaq bizdə elə sistem qurulub ki, universitetdə oxumağın magistraturaya qəbulda heç bir önəmi yoxdur. Bu sistem universitetlərin rolunu sıfıra endirir və onların keyfiyyətinə təsir etmir. Çünki tələbə dörd il ərzində nə öyrənməsindən asılı olmayaraq, eyni qaydada magistraturaya qəbul imtahanına hazırlaşmalıdır.

Bu model tələbələri yalnız imtahana yönəldir, fundamental araşdırmaları, akademik düşüncəni və elmi yanaşmanı kənarda saxlayır. Halbuki dünyanın qabaqcıl ölkələrində magistraturaya qəbul universitetlərin öz akademik göstəricilərinə əsaslanır. ABŞ, Almaniya, Böyük Britaniya, Kanada kimi ölkələrdə magistr təhsili üçün tələbələrin universitetdə qazandıqları biliklər, onların akademik tədqiqat qabiliyyəti və ixtisas üzrə dərinliyi əsas götürülür.

Bizdə isə tələbə bakalavrdan tamamilə fərqli məntiq suallarını həll etməli olur. Xarici dil testləri real akademik bilikdən daha çox test strategiyasına əsaslanır. Esse yazısı isə subyektiv qiymətləndirməyə açıqdır və elmi-tədqiqat bacarığını ölçmür.

Bütün bunlar göstərir ki, mövcud sistem magistr təhsilini elmi inkişaf pilləsi kimi deyil, sadəcə daha bir diplom əldə etmək üçün keçilən mərhələ kimi formalaşdırıb. Əgər məqsəd yüksək səviyyəli elmi kadrlar yetişdirməkdirsə, sistem kökündən dəyişdirilməlidir.

Magistraturaya qəbul universitetlərin verdiyi təhsil əsasında aparılmalıdır! İxtisas bilikləri, akademik nailiyyətlər və universitetlərin öz daxili qəbul mexanizmləri əsas götürülməlidir. Əks halda, ali təhsil sadəcə bir formal prosedura çevriləcək və universitetlərə olan etimad daha da azalacaq".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR