İnsanlara hürriyət, millətlərə istiqlal!

Magistr imtahanı ilə bağlı bu dəyişiklik etiraz doğurdu

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə magistr imtahanındakı xarici dil suallarının dəyişdirilməsi ilə bağlı ictimaiyyətə məlumat verib.

Xarici dildə “speaking” – yəni danışıq qabiliyyətinin yoxlanılması prosesi həyata keçiriləcək.

RAMİN.jpg (72 KB)

Yeniliklə bağlı təhsil eksperti Ramin Nuralıyev Musavat.com-a yanaşmasını bildirib:

“Magistratura imtahanı ümumiyyətlə düzgün istiqamətdə hazırlanmayıb. İmtahan nəticələrinə nəzər yetirsək, əksər yüksək ballı tələbələrin dəqiq fənlər üzrə təhsil alanlar olduğunu görərik. Bunun səbəbi isə magistratura imtahanındakı sualların riyaziyyat, məntiq və digər dəqiq fənlərə üstünlük verməsidir. Bu isə humanitar ixtisaslarda oxuyan tələbələr üçün çətinlik yaradır. Tarix, filologiya və dil elmləri üzrə təhsil alan bir şəxsin riyaziyyat və məntiq fənlərindən imtahan verməsinin əhəmiyyəti yoxdur. Tələbələr gələcəkdə mütəxəssis olacaqları sahə üzrə imtahan verməlidirlər.

Məntiq sualları müəyyən qədər istifadə oluna bilər, lakin ixtisasyönümlü fənlər üzrə imtahanların hazırlanması daha məqsədəuyğundur”.

Təhsil üzrə ekspert DİM-i magistratura imtahanının formatında dəyişiklik etməyə dəvət edir.

Yeniliyə – yəni xarici dil üzrə danışıq qabiliyyətinin yoxlanılması prosesinə gəldikdə isə ekspert bildirib:

“Tələbə IELTS və ya TOEFL imtahanı vermir. Onsuz da esse, dinləmə, oxuma və qrammatika üzrə suallar dil biliyinin yoxlanması üçün kifayətdir. Niyə imtahanı və yoxlama prosesini daha da çətinləşdirək? Proses uzanacaq, narazılıqlar baş verəcək, yorucu hal alacaq”.

Ramin Nuralıyevin sözlərinə əsasən, tələbə danışıq bacarıqlarını inkişaf etdirmək istəyirsə, bunu müxtəlif kurslarda edə bilər:

“Lakin magistraturada əsas diqqət ixtisas üzrə biliklərə yönəlməlidir, dil ikinci planda qalmalıdır”.

Mənzər Novruzlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR