İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko siyasi rəqiblərinin övladlarından da intiqam alır?


Minsk vilayət məhkəməsi keçmiş bankirin və Belarus prezidentliyinə keçmiş namizəd Viktor Babarikonun oğlu Eduardı 8 il müddətinə azadlıqdan məhrum edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, vergidən yayınmaqda təqsirli bilinib.
Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbuslar siyahısına salınan Eduard Babariko həmçinin “cinayət yolu ilə əldə olunan gəlirləri gizlətməkdə”, “kütləvi iğtişaşlar təşkil etməkdə” və “sosial nifaq salmaqda” suçlanıb. İttihama görə, Eduard Babariko müxalifətçi bloger Sergey Tixanovskiyə “iğtişaşların təşkilində” və “düşmənçiliyin qızışdırılmasında” kömək edib.

Hökmdən əvvəl Viktor Barikonun oğlu üç ildən çox həbsdə qalıb. Məhkəmə prosesi bu il mayın 22-də başlayıb. İyunun 28-də prokuror onun 10 il cəza çəkməsini istəyib.

Viktor Babarikonun özü 2021-ci ilin iyulunda 14 il müddətinə azadlıqdan məhrum edilib. Hakimiyyət onun oğlunun məhkəməsində şahid qismində iştirak edə biləcəyi barədə məlumat yayıb. Lakin ata Babarikonun məhkəməyə gəlməməsi ictimaiyyətin onun səhhətində problemlər yarandığı ilə bağlı şübhələrini artırıb.

“Belgazprombank”ın keçmiş rəhbəri Viktor Babariko 2020-ci ildə keçirilən prezident seçkilərində namizədliyini irəli sürdüyünü açıqlamış və hətta rekord sayda seçici imzası toplamışdı. Lakin 2020-ci ilin iyununda o və oğlu Eduard həbs olunub, Mərkəzi Seçki Komissiyası onu namizəd kimi qeydə almaqdan imtina edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR