İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko Putinin yanından çəkilir - “Batka”dan ilginc gediş

Ekspert: “Lukaşenko Ukrayna şəhərlərində soyqırımlarına görə məhkəmələrdə hələ Putin əleyhinə ifadə də verəcək”

Rusiyanın Ukraynaya hərbi müdaxiləsində Kremlin bir nömrəli müttəfiqi rolunda çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenkonun mövqeyindən geri çəkilməyə başladığı müşahidə edilir. İki gün öncə Lukaşenko bəyan edib ki, Belarus Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməyəcək.

Lukaşenko “Associated Press” agentliyinə müsahibəsində həmçinin deyib ki, ölkəsi Ukraynada Rusiya Silahlı Qüvvələrində təmsil olunmaq fikrində deyil, çünki buna ehtiyac yoxdur. Belarus lideri fikrini belə əsaslandırmağa çalışıb ki, Rusiya bu vəziyyətdə onların təklif edə biləcəyi hər şeyə malikdir. Ona görə də bu əməliyyatda iştirak etməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, Belarus üçün çox yaxın olan iki qonşu ölkənin müharibə şəraitində olması pisdir.

Halbuki müharibə yeni başlayanda və son bir-iki həftə öncəyədək Lukaşenko Ukraynaya qarşı Putin qədər sərt münasibətdə idi və Belarus ordusunun da istənilən an Rusiya ordusu ilə birlikdə hərəkət etməsini mümkün sayırdı.

Yeganə Hacıyeva: “Cəmiyyətimizin siyasətlə maraqlanmaması haqda yanaşma  doğru deyil”

Yeganə Hacıyeva 

Lukaşenkonun əvvəlki mövqeyindən bu şəkildə geri çəkilməsini siyasi analitiklər onun Rusiyanın Ukrayna müharibəsindən qalib çıxmasının mümkünsüzlüyünə əmin olmağa başlaması kimi şərh edirlər. Məsələn, siyasi ekspert Yeganə Hacıyeva hesab edir ki, Belarus Prezidenti Lukaşenko vəziyyətin ciddiliyini anlayan kimi taktikanı dəyişib və artıq müsahibəsində illərdir himayəsinə sığındığı Putini tənqid edir: “Lukaşenko müsahibəsində Rusiya Prezidenti Vladimir Putini tənqid də edib. O deyib ki, Putin bu müharibəni həddindən çox uzatdı. Bununla kifayətlənməyən Lukaşenko bir qədər də irəli gedərək müsahibəsində Səddam Hüseyni də xatırladıb. Lukaşenko həmçinin deyib ki, Belarus Ukrayna ərazisinə heç vaxt müdaxilə etməyib, etməyəcək. Bir həftə öncəyə qədər az qala Ukraynanı tam ələ keçirmək və hətta lazımdırsa oraya atom bombası atmağa qədər sərt mövqedə olan Belarus liderin artıq bəyan edir ki, Ukraynaya heç vaxt müdaxilə etməyib və etmək fikri də yoxdur. Bu, artıq çox şeydən xəbər verir. Lukaşenko Rusiyanın Ukrayna ilə müharibədən qalib çıxmayacağına artıq əmindir”.

Y.Hacıyevanın qənaətincə, hələ bu, başlanğıcdır, Aleksandr Lukaşenko bir-iki aydan sonra da deyəcək  ki, ümumiyyətlə Putin Belarusu müdaxilə ilə hədələyirdi deyə Qazaxıstan, Özbəkistan , Ukrayna haqqında o fikirləri səsləndirməyə məcbur qaldım və s.: “Lukaşenko Ukrayna şəhərlərində soyqırımlara görə məhkəmələrdə hələ Putinin əleyhinə ifadə də verəcək. Üstəlik, ”Putin nüvə silahı istifadə etmək istəyirdi, mən fikrindən daşındırdım" deyib Nobel sülh mükafatına da iddia edə bilər".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR