İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko iki od arasında - onu kim “yandıracaq”?

“Onun əsas çəkindiyi öz xalqının Ukrayna müharibəsinə qoşulmağa qarşı olmasıdır”

Rusiya Ukraynaya hücuma başlayan ilk gündən Kreml bu prosesə Belarusu da cəlb etmək istəyir. Hələlik Belarus Prezidenti Aleksandr Lukaşenko manevrlər edərək, müharibədə birbaşa iştirakdan yayınır. Hərçənd davamlı olaraq belə məlumatlar da var ki, Ukrayna ərazisinə Belarusdan raketlər atılır, burada təlim keçən rus hərbi kontingeti daha sonra döyüşlərə göndərilir və s.

Son seçkilərdə inqilabdan canını birtəhər qurtarıb, hakimiyyətini qoruya bilən Lukaşenko hazırda özünü yenidən Qərbin hədəfinə gətirməmək üçün maksimum ehtiyatlı davranmağa çalışır. Ancaq o da faktdır ki, “Batka” Rusiyadan, birbaşa Putindən bilavasitə asılı olan liderdir. Hətta Rusiya parlamentinin spikeri Vyaçeslav Volodin ötənlərdə belə bir ifadə də işlədib ki, Putin varsa, Lukaşenko da var, Putin yoxdursa, Lukaşenko da yoxdur....

Bu baxımdan onun Putinin istəklərindən tam imtina etməsi mümkün olmasa da, maraqlıdır ki, Rusiya liderinin iki gün öncə Belarus səfərində onun daha sıx inteqrasiya təklifindən imtina etdiyi ehtimal olunur. Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun analitik təhlilində deyilir. Amerikalı ekspertlərə görə, Lukaşenko Ukraynadakı müharibəni Putinlə müzakirə etməkdən yayınıb. Eyni zamanda Minsk bəyan edib ki, Belarus baş verənlərə görə Qərb təhlükəsi ilə üz-üzə qalıb. Öz növbəsində, Putin Lukaşenkoya belaruslu pilotlara xüsusi döyüş başlıqlarının istifadəsi üzrə təlim keçmək imkanlarını nəzərdən keçirməyi təklif edib.

“Lukaşenko Belarus sərhədlərini Qərb və NATO-dan qoruya biləcək ritorikadan istifadə edir, Rusiyanın Ukraynaya müdaxiləsində iştirakdan yayınmağa çalışır”, - təhlildə deyilir.

Lukaşenko eyni zamanda Moskvanın Minski "S-400" hava hücumundan müdafiə sistemləri və “İskəndər” sistemləri ilə təmin edəcəyini bildirib. Rusiya Prezidentinin sözlərinə görə, tərəflər müdafiə məkanının formalaşdırılması məsələsini də müzakirə ediblər. Bu baxımdan analitiklər belə qənaətə gəliblər ki, Lukaşenko Belarusun Ukraynaya qarşı müharibəyə cəlb edilməsinə razı olmayıb.

A.Lukaşenko belə “neytral” mövqedə nə zamana qədər dayana biləcək? Sonunda o, Putinin qəzəbinə gələ bilərmi? Ukraynaya qarşı prosesə qoşularsa, Qərb Minskdə inqilab ssenarisini yenidən işə sala bilərmi?

Əhəd Məmmədli: “Fürsət düşən kimi rusdillilərin üstünə düşmək lazım  deyil...” Pravda.az

Əhəd Məmmədli

Politoloq Əhəd Məmmədli bildirdi ki, Lukaşenkonun Belarusu Ukrayna müharibəsinə qoşmamasında Qərbin qəzəbindən qorxması ilə yanaşı başqa amillər də rol oynayır: “Lukaşenkonun əsas çəkindiyi öz xalqının Ukrayna müharibəsinə qoşulmağa qarşı olmasıdır. Ukraynalılarla beloruslar qardaş xalqlardır. Belarus xalqı ölkənin Ukrayna müharibəsində iştirakına qarşıdır. Bunu Lukaşenko yaxşı bilir. Onu da yaxşı bilir ki, Belarusu Ukrayna ilə müharibəyə qatmağı xalq ona heç vaxt bağışlamaz. Əgər müharibənin yeni başladığı və ilk dövrlərində Rusiyanın daha güclü olduğu vaxtda Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvanın, şəxsən Rusiya Prezidenti Vladimir Putinin təzyiqlərinə tab gətirə bildisə, demək, indi də təzyiqə duruş gətirə bilər. O da mümkündür ki, heç əslində Putin Lukaşenkoya müharibəyə qoşulmaq üçün ciddi təzyiq etmir. Şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsində ən çətin situasiya, seçimlə üz-üzə qalan dövlətlərdən biri, bəlkə də birincisi Belarusdur. Ancaq hələ ki müharibəyə qoşulmayıb və qoşulmaq niyyətində də görünmür”.  

Politoloq hesab edir ki, əgər Rusiya çox ciddi təzyiqlər etsə və Lukaşenko sonda dözə bilməyib Ukrayna müharibəsinə qatılmağa məcbur olsa, Qərbin Belarusa qarşı onsuz da mövcud olan sanksiyalarının üzərinə əlavələri də gələcək. Qərb daha sərt sanksiyalara əl atacaq. Belarusun isə Rusiyadan fərqli olaraq daha kəskin sanksiyalara uzun müddət dözmək resursları yoxdur. Nəticədə xalqın narazılığına əlavə sosial-iqtisadi vəziyyətdən doğan narazılıqlar əlavə olunacaq. Bu vəziyyətdə isə Qərb daxildə etiraz dalğasını meydanlara daşımaq ssenarisini işə sala və Lukaşnekonu inqilabla hakimiyyətdən uzaqlaşdırmaq senarisini tətbiq etməyə çalışa bilər.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR