İnsanlara hürriyət, millətlərə istiqlal!

Londonda “Qarabağ” həyəcanı – “Tottenhem Hotspur” stadionunda möhtəşəm qarşılaşma atmosferi - FOTOLAR

Bu gün futbol həvəskarları üçün tarixi bir gün olaraq yadda qalacaq. UEFA Avropa Liqasının əsas mərhələsində Azərbaycanın qüruru olan "Qarabağ" klubu İngiltərənin tanınmış komandası olan "Tottenhem" ilə üz-üzə gəlir. Londonda baş tutacaq bu qarşılaşma böyük maraq doğurub və minlərlə azərbaycanlı azarkeş yarışı izləmək üçün stadiona axışır.

AZƏRTAC xəbər verir ki, Qarabağ komandasını dəstəkləmək məqsədilə təkcə Londonun özündən deyil, həmçinin Britaniyanın müxtəlif şəhərlərindən də həmyerlilərimiz “Tottenhem Hotspur” stadionuna gəlir. Bu cür mühüm qarşılaşma öncəsi stadion ətrafında yaranan atmosfer olduqca həyəcanlı və bayram əhval-ruhiyyəsindədir.

AZƏRTAC-ın London bürosu “Tottenham Hotspur” stadionu önündən çəkilmiş fotoları təqdim edir. Fotolarda azarkeşlərin dövlət və "Qarabağ" bayraqları ilə stadionun qarşısında toplandıqları, şüarlar səsləndirdikləri və həyəcanla oyunun başlamasını gözlədikləri görünür. Stadion ətrafında yaranan bu mənzərə həm azarkeşlərin ruh yüksəkliyini, həm də “Qarabağ”a olan sevginin təzahürünü əks etdirir.

"Qarabağ"ın Avropada keçirdiyi oyunlar həmişə böyük diqqət cəlb edib. Bu dəfə isə "Tottenhem" kimi dünya miqyasında tanınmış bir komanda ilə qarşılaşması, həm Azərbaycan futbolunun, həm də Qarabağ klubunun adını beynəlxalq səviyyədə bir daha tanıdacaq. Britaniyada yaşayan çoxsaylı azərbaycanlı icması bu möhtəşəm idman tədbirində iştirak etməklə, həm vətənpərvərlik ruhunu nümayiş etdirir, həm də komandamıza dəstək olurlar.

Stadion önündə toplaşan azarkeşlər media nümayəndələri ilə söhbətlərində öz təəssüratlarını bölüşüblər. Onlar bu qarşılaşmanı tarix yazacaq bir oyun kimi qiymətləndirir və "Qarabağ" komandasına böyük ümidlər bəslədiklərini bildirirlər. Futbolçuların uğurlu çıxış etməsini arzulayan azarkeşlər, bu oyunun Azərbaycanın idman tarixində əhəmiyyətli bir səhifə açacağını ümid edirlər.

Günün sonunda hansı nəticənin olmasından asılı olmayaraq, "Qarabağ" dünya miqyasında bu cür güclü rəqiblərlə oynamaq potensialı, Azərbaycan futbolunun beynəlxalq arenada güclü təmsilçisi olduğunu bir daha sübut edir.

Qeyd edək ki, "Tottenhem Hotspur" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Video bu linkdə: https://video.azertag.az/site/video/226134

 

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR