İnsanlara hürriyət, millətlərə istiqlal!

Lokal əməliyyatın total nəticəsi – 2023 xalqımızın yaddaşında necə qalacaq...

Dünən gecə Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində həm ölkə ictimaiyyətinə, həm də ölkə xaricində olan və maraqlanıb dinləyənlərə ünvanlanmış mühüm mesajlar var.

İlk növbədə Prezident 2023-cü ili xalqımız üçün uğurlu il kimi qiymətləndirərək, 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş verdiyini, bu ilin dövlət suverenliyimizin bərpa olunmasının Azərbaycan xalqının yaddaşında əbədi qalacağını qeyd edib.

Gerçəkdən də 2023-cü ilin ilk günlərindən ta sentyabrına qədər ardıcıl və məqsədyönlü aparılan antiterror siyasəti axırda 1 günlük antiterror əməliyyatı İlə başa çatdı və həm prosesin gedişatı, həm də nəticəsi ölkəmiz üçün uğurlu oldu.

Sözarası qeyd edək ki, bir çox başqa ölkələrdə elan edilən “lokal xüsusi antiterror əməliyyatı” nəinki bir günə, heç bir aya, yarım ilə də yekinlaşmır, total müharibəyə çevrilir. İki ildir davam edən, üçüncü ilinə adlayacağı ehtimal olunan “əməliyyat”lar var. Bu baxımdan Azərbaycan dövlətinin 23 saata yekunlaşdırdığı antiterror əməliyyatı nümunəvi oldu. Necə deyərlər, “çoban açınca gözün, qalar iki buynuzun” hadisəsi baş verdi və Fransa kimi Azərbaycanın ərazi bütövlüyününün bərpasını istəməyən dövlətlər fakt qarşısında qaldılar. Onlar xəbər tutanda artıq Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmiş, işğalçı qüvvələtin ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv olunmuş və ya qənimət kimi götürülmüşdü.

Prezident İlham Əliyev xalqa müraciətində bu barədə belə deyib: “Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb”.

Ötən ilin sentyabrında əlimizdə qalan yarımçıq işi də tamamlayası olduq. Sonu görünməyən danışıqlara qalsaydı, Ermənistan bir əsgərini belə Qarabağdan çıxarmayacaqdı. Necə ki, 15 minlik hərbi birləşmələrini çıxarmaq istəmirdi. Əksinə, Qarabağın dağlıq hissəsində yeni silah-sursat cəbbəxanası, hərbi texnika toplayırdı, üstəlik, bizə qarşı mina terrorunu davam etdirirdi.

Edilən xəbərdarlıqlara baxmayaraq, Ermənistan rəhbərliyi arxasında dayanmış Qərb ölkələrinə güvənir, Azərbaycanın onlardan çəkinərək Qarabağdakı silahlı erməniləri tərk-silah etmək kampaniyasına başlamayacağını düşünürdü. Azərbaycanın tələbləri isə sadəydi: separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu ərazimizdən çıxarılmalıdır. Bu tələbin “əks təqdirdə” hissəsi də vardı və o da lakonik idi: “Yoxsa Azərbaycan güc tətbiq edərək dövlət suverenliyini özü bərpa edəcək”.

Ermənilər bu dəfə də bizi öz rasionallıqları ilə təəccübləndirmədi, əksinə, öz mənfi səciyyəli maksimalistlikləri ilə bizi yenidən “ilan ulduz görməsə ölməz” məsəlinin hikmətinə inandırdı.
Nəticədə Azərbaycan 2020-ci ilin noyabrın yarımçıq qoyduğu işi bir günün içində tamamladı. Əldən qalan iş əlli il qalmadı. Hərçənd ermənilər belə olacağını güman edirdilər.

Ona görə də Azərbaycanın dövlət başçısı ötən ilin son günü xalqa müraciətlə etdiyi çıxışında əminliklə deyib: “Azərbaycanda separatizmin kökü kəsildi və separatizm bizim torpağımızda bir daha baş qaldıra bilməz. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır”.

Bu, əlbəttə, çox böyük tarixi nailiyyətdir, böyük zəfərdir və onun qazanılmasında öz canını fəda edən hərbçilərimizin rolu misilsizdir. Prezident öz müraciətində onları da unutmayıb və şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayaraq deyib: “Azərbaycan Ordusu peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır”.

İndi dünənə qədər sinəsi səngərlərə yuva olan, “təmas xətti” adlandırılan Ağdam, Füzuli, Şuşa, Cəbrayıl, Ağdərə, Goranboy, Xocalı, Tərtər kimi rayonlarımız artıq ermənilərdən uzaqdır.

Prezidentin də qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilib: “Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır”.

İnşallah, qayıdış prosesi 2024-cü il boyunca da davam edəcək, uzun çəkən (28 il) işğal dövründə xaraba qoyulmuş yaşayış məntəqələrimizin yerində daha abad, daha modern şəhərlər, qəsəbələr inşa ediləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR