İnsanlara hürriyət, millətlərə istiqlal!

Liviyanı kim qarışdırır - Qəddafinin küskün ruhu, yoxsa...

Liviyanı yenidən iğtişaşlar bürüyüb. BMT-nin baş katibi Antoniu Quterreş deyib ki, Liviyanın bir sıra şəhərlərində keçirilən etirazlarla bağlı vəziyyətdən narahatdır. Bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Baş katib dinc şəkildə etiraz etmək hüququnu tanıyaraq, bütün tərəfləri zorakılıqdan çəkinməyə, təhlükəsizlik qüvvələrini isə təmkinli olmağa çağırıb. Həmçinin sabitliyə xələl gətirə biləcək hər hansı hərəkətdən çəkinməyə dəvət edir”, - Düjarrikin bəyanatında deyilir.

Qeyd edək ki, Liviyada iyulun 1-də bütün dövlət orqanlarının buraxılması və seçkilərin keçirilməsi tələbi ilə kütləvi etiraz aksiyaları keçirilib. İkili hakimiyyətin qurulduğu ölkənin həm qərbində, həm də şərqində insanlar küçələrə axışıb. Tobrukda nümayişçilər Nümayəndələr Palatasının binasına basqın ediblər. Görünən budur ki, Liviyanı yenidən ağır günlər gözləyir. Ölkə bərpa ola bilmir. Liviyanı kim və niyə qarışdırır? Yaxın Şərq qan çanağına dönməkdə davam edəcəkmi?

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə maraqlı məqamlara toxundu: “Yaxın Şərq, yaxud başqa ifadə ilə Ortadoğu, xüsusilə buradakı Suriya, Liviya və Yəmən kimi ölkələrdə uzun müddətdir davam edən daxili savaşlar yeni-yeni qurbanlar almağa davam edir. Burada yaşananlarda daha çox sivillər həlak olsa da, milyonlarla insan qaçqın vəziyyətinə düşsə də, sığındıqları yeni ölkələrdə hər cür alçalmalara məruz qalsalar da, yaşanan hadisələrin arxa fonunda bütün bu şəraiti yaradan kənar əllər görünür. Maraqlıdır ki, bu ölkələrdə diktatura hakimiyyətinə qarşı çıxıb, məsələn, Qəddafini küçələrdə sürüyüb edam edən kütlə olmasına baxmayaraq, qonşuluqdakı bənzər diktatura hakimiyyətləri olan, lakin eyni zamanda Qərbə loyallığını qoruyan ölkələrdə, o cümlədən Səudiyyədə, BƏƏ-də bu cür ixtişaşlar lokal qalır və ya qabardılmır. Lakin vaxtilə SSRİ-nin, daha sonra Rusiyanın bölgədəki iqtisadi və hərbi bazası rolunu oynayan adını çəkdiyim ölkələr isə məhz kənar müdaxilələrlə qızışdırılan ”Ərəb baharı"ndan bəri heç cür sabitlik tapa bilmirlər. O cümlədən Liviyada 2011-ci ildə Muammar Qəddafinin edamından bəri ixtişaşlar, daxili təlatümlər, iç savaşlar davam edir və səngimir. Həmçinin 2015-dən bəri Liviyada hökm sürən ikihakimiyyətlilik heç cür aradan qaldırıla bilmir.

Qazax və qırğızlar Rusiyadan üz döndərir?

Şəhla Cəlilzadə: “Rusiya Liviyada bölgədəki maraqlarını əldən verməməyə çalışacaq”

Belə ki, ölkənin qərbində, Trablisdə Milli Həmrəylik Hökuməti qərarlaşıb və seçkilərlə hakimiyyətə gələn “Trablis höküməti” beynəlxalq güclər tərəfindən tanınır, ölkənin şərqində (Tobrukda) isə feldmarşal Xəlifə Həftərin rəhbərlik etdiyi Liviya Milli Ordusudur. 2021-ci ilin dekabrında ölkədə demokratik seçkilər keçirib ikihakimiyyətliliyə son qoymağı düşünürdülər. Hətta bu seçkilərə Qəddafinin oğlu Seyf əl-İslam da qatılacaqdı. Lakin onun namizədliyi rədd edilmiş, daxili ixtişaşlar səbəbi ilə də seçkilər baş tutmamışdı. Türkiyə Milli Həmrəylik Hökumətinə, o cümlədən hazırkı hökumət başçısı Abdülhamid Dibeybeyə dəstək verərək ölkədəki bütün digər qeyri-qanuni quruluşların ləğv edilməsini istəyir ki, bu da Həftəri dəstəkləyən İran və Rusiya kimi dövlətlərin maraqları ilə toqquşur. Rusiyanın xüsusilə Ukraynada başladığı müharibədən sonra Mərkəzi Asiyada rus maraqlarına qarşı açılan cəbhə indi də Yaxın Şərqdə rus maraqlarının sıxılması ilə davam edir. Hətta bir ara Qərb mütəxəssisləri Rusiyanın Liviyada Həftər rejiminə dəstək üçün yaratdığı “Vagner” qrupunun Ukraynaya gedəcəyi üçün bölgədə boşluq yarana biləcəyini dilə gətirirdilər. Bir sözlə, Yaxın Şərq hər zaman qlobal güclərin savaş meydanı, o cümlədən bölgədəki iqtisadi maraqlarının çarpışma arealı olub. Görkəmli dramaturqumuz Cəfər Cabbarlının qələmə aldığı “Trablis müharibəsi” əsəri Osmanlı və Qərb ölkələrinin Liviyadakı, ümumiyyətlə, regiondakı maraqlarının toqquşmasının bəddi inikası idi. Bu gün də Qərb-Rusiya toqquşması fonunda Qərbin hərbi alyansının üzvü olan Türkiyənin gedərək müstəqilləşən maraqlarının digər oyunçuların maraqları ilə toqquşmasına şahidik. Lakin tək  bu deyil. Yaxın Şərqdə, o cümlədən Liviyada hazırda Misir, BƏƏ, Səudiyyə, Rusiya, Fransa, İtaliya, hətta Yunanistan, lap elə ABŞ-ın qlobal maraqları toqquşur. Uzaqdan müdaxilə ilə məsələnin birdəfəlik həllinin çətinliyini anlayan Türkiyə, Rusiyanın başının digər regionlarda qarışdığını nəzərə alaraq artıq Liviyaya birbaşa hərbi müdaxilə üçün TBMM-ə qanun layihəsi təqdim edib. Bu müdaxilə ehtimalı, o cümlədən Dibeybenin ölkənin şərqindəki ixtişaşları dəstəkləməsi fonunda Türkiyənin mövqeyi açıqdır: regionda atəşkəsin, siyasi bütünlüyün təmin edilməsi və işlək bir dövlət mexanizminin, sülh və istiqrarın yaradılması. 2021-də demokratik mübarizəyə qoşula bilməyən Qəddafinin oğlu bu gün Liviyadakı qanlı mübarizəyə qoşulmağı qərara alıb. Görünən o ki Rusiya Liviyada ikinci cəbhəni də açaraq savaşını iki qoldan yürüdərək bölgədəki maraqlarını əldən verməməyə çalışacaq. Bu isə regionda sülh və sabitliyin hələ uzun müddət xəyal olaraq qalacağına işarədir".

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu: “Ölkədə bütün qüvvələri bir araya toplayıb birlik hökuməti yaradacaq lider və ya təşkilat yoxdur”

Tanınmış siyasi yazar Kənan Rövşənoğlu sualları bu cür cavabladı: “Liviyada gərginliyin səbəbi artıq 7 ildir davam edən bölünmə və vətəndaş müharibəsidir. Doğrudur, iki il əvvəl Liviyada BMT və Qərb ölkələrinin təzyiqi ilə Milli Saziş Hökuməti və Təmsilçilər Məclisi hökumətini bir araya gətirən Ali Dövlət Şurası adlı qurum və Milli birlik hökuməti yaradıldı. Lakin bu birlik formal oldu və qarşıya qoyulan əsas məqsədə - milli seçkilərə nail ola bilmədi. Seçkilər bir neçə dəfə təxirə salındı və belə görünür ki, keçirilməyəcək, çünki hər iki tərəfin və onları dəstəkləyən dövlətlərin Liviyada maraqları var. Liviya Avropaya dəniz yolu ilə çox yaxın olan böyük neft-qaz ölkəsidir. Müharibəyə qədər Liviyada gündəlik 2,5 milyon neft istehsal olunurdu. İndiki dövrdə bu, Avropa üçün çox vacibdir. Bu səbəbdən də bu ölkə ilə bağlı ortaq bir mövqeyə gəlmək mümkün olmur. Üstəlik, hər iki tərəfin silahlı gücü var. Bu mənada Liviyada proses, necə deyərlər, dalana dirənib. Prosesin bu şəkildə davam etməsi Liviyada növbəti vətəndaş müharibəsinin alovlanmasına səbəb ola bilər. Son iki ilin, ümumiyyətlə isə son 7-8 ilin hadisələri göstərdi ki, bu ölkədə bütün qüvvələri bir araya toplayıb birlik hökuməti yaradacaq lider və ya təşkilat yoxdur. Yeganə uyğun variant maraqlı dövlətlərin yenidən bir araya gəlib Liviya ilə bağlı razılaşmasıdır. Amma indi Rusiya və Qərb arasında münaqişə, eləcə də Türkiyə ilə bəzi Avropa ölkələri arasında rəqabət və nəhayət, ideoloji baxışlar ortaq nöqtəni tapmağa mane olur. Bilindiyi kimi, Liviyanın Şərqində mövcud olan Təmsilçilər Məclisi hökumətini bəzi Avropa ölkələri, eləcə də Səudiyyə Ərəbistanı, BƏƏ və Misir dəstəkləyir. Şərqdə Tripoli şəhərində yerləşən islamçı Milli Saziş Hökuməti isə Türkiyə, Qətər və bir neçə Avropa ölkələri tərəfindən dəstəklənir. Ərəb ölkələri islamçıları özlərinə ideoloji düşmən olaraq gördükləri üçün birliyə isti yanaşmırlar. Yəni məsələ təkcə siyasi maraqlar deyil, həm də ideoloji cəbhələşmə ilə bağlıdır. 2020-ci ildə Liviya atəşkəs ABŞ-ın ciddi müdaxiləsi nəticəsində baş verdi. İndi isə görünür, Vaşinqton üçün prioritet deyil, üstəlik, Vaşinqtonun hər iki tərəflə yaxşı əlaqələri olduğu üçün prosesə daxil olub tərəfə çevrilmək istəmir. Siyasi barışıq və razılaşma üçün isə dediyim kimi, hər iki tərəfə təzyiq edəcək gücü olan böyük ölkə lazımdır. Bu isə ABŞ-dır. Mümkündür ki, ABŞ prezidenti Cozef Baydenin iyulun 13-16-da regiona səfəri zamanı Liviya mövzusu da Cuddədə Körfəz Əməkdaşlıq Təşkilatı və və 3 ərəb ölkəsi - İraq, Misir və İordaniya liderləri ilə birgə toplantıda müzakirə olunub ortaq qərar veriləcək. Əgər siyasi-diplomatik yol nəticəsiz olsa silahların yenidən işə düşməsi mümkündür, bu isə xaos və müharibəyə, ya da ikinci bir Qəzzafiyə gətirib çıxara bilər”.

Dini dözümlülük məfhumunu doğru anlamağımız lazımdır”

Azər Hüseynov: “Böyük güclər üçün qarışıq Liviya sərfəlidir”

AĞ Partiya başqanının müşaviri, siyasi  şərhçi Azər Hüseynov Liviyadakı proseslərin hələ bir müddət davam edəcəyini proqnozlaşdırır: “Liviyada vəziyyətin qarışdırılması Qərbin marağındadır. Çünki Türkiyənin bölgəyə nüfuzetmə imkanları ola bilər. Liviyada vəziyyətin düzəlməsi uzun zaman alacaq prosesdir. Həm də böyük güclərin bunda marağı da yoxdur. Böyük güclər üçün qarışıq Liviya sərfəlidir. Bu zaman biri silah satacaq, biri sahədə tərəf olacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR