İnsanlara hürriyət, millətlərə istiqlal!

Leyla Yunus 99-u “vurdu”-yeni “siyasi məhbus” siyahısına reaksiyalar

“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” İttifaqı yenilənmiş siyasi məhbuslar siyahısını dərc edib. Siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən tərtib edilib. Siyahıda 99 nəfərin adı var, bu barədə Sülh və Demokratiya İnstitutunun məlumatında deyilir.

Siyahını tərtib edənlər “siyasi məhbus” anlayışının AŞ PA tərəfindən müəyyən edilmiş meyarlarından istifadə ediblər. Əvvəlki siyahı 6 iyun 2022-ci il tarixində dərc edilmişdi və həmin siyahıda 100 nəfərin adı var idi. Elşən Həsənovun “Turan”a verdiyi məlumata görə, siyahıda dini fəal Fəqan Məmmədov (YouTube KİM TV-də aparıcı) və Abid Qafarovun adı yenidir.

Fəqan Məmmədov narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, Bakıdan Gəncəyə Aşura mərasimi üçün üzərində qadağan edilməmiş dini şüarlar yazılan köynəklər aparırdı. Məmmədov “Gəncə işi”nin fiqurantlarının ailələrinə fəal şəkildə yardım edir, məhbuslar üçün yardım toplayıb verirdi.

Abid Qafarov Qarabağ müharibəsi veteranlarını ədalətsizliyə qarşı etiraza çağırdığı üçün azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Azad edilmiş ilahiyyatçı Elşən Mustafaoğlu, “Müsəlman Birliyi” Hərəkatının cəzasını çəkmiş üzvü Teymur Osmanov və həbsxanada vəfat etmiş ömürlük məhbus Elşad Mustafayevin adları siyahıdan çıxarılıb.

Siyasi məhbuslar 7 qrupa bölünüb:

1-ci qrup - jurnalistlər və blogerlər - 4 nəfər

2-ci qrup - müxalif partiya və hərəkatların üzvləri - 4 nəfər

3-cü qrup - Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər - 5 nəfər

4-cü qrup -  dindarlar - 19 nəfər

5-ci qrup - “Tərtər işi” ilə əlaqədar həbs edilənlər - 27 nəfər

6-cı qrup - Gəncə işi üzrə həbs olunanlar - 27 nəfər

7-ci qrup - ömürlük məhbuslar - 13 nəfər.

İllərdir xaricdə oturub Azərbaycanda siyasi məhbus  siyahısı tərtib edən Leyla Yunusun təşkilatı nə dərəcədə qanuni fəaliyyət göstərir, onun da qol çəkdiyi bu cür hesabatlar AŞ PA-da nə qədər mötəbər hesab olunur? Azərbaycan hüquq-müdafiə təşkilatlarının siyahısında əslində neçə məhbus var?

Çingiz Qənizadə: “Belə qərarların qəbulu hüququ zorlamaqdır”

Çingiz Qənizadə: “Xaricdə oturanlar meydan sulamağa çalışırlar”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru  Çingiz Qənizadə belə şəxslərin məqsədlərinin hamıya bəlli olduğunu söylədi: “Son dövrlər bir sıra hüquq müdafiəçiləri peyda olublar. Ölkədə, cəmiyyətdə tanınmayan hüquq müdafiəçisi adı altında fəaliyyət göstərirlər. Maraqlısı budur ki, onların çoxu xaricdə oturublar. Azərbaycanda fəaliyyət göstərmirlər, ölkədə vətəndaşlarla əlaqələri yoxdur, vətəndaşın şikayət ərizəsini götürmürlər, vətəndaşa zəng vurub onunla bağlı məsələni araşdırmırlar, amma xaricdə oturub belə bir siyahı tərtib edirlər. Bunu da cəmiyyətə sırımağa çalışırlar. Onların bir çoxunun məram və məqsədləri beynəlxalq təşkilatlarla üst-üstə düşür. Azərbaycana qarşı olan qüvvələr birləşirlər. Bu cür siyahılar təqdim olunanda bəzən beynəlxalq təşkilatlar onların tətbiq etdikləri siyahıları ciddi qəbul edirlər. Əvvəl bu praktika başqa cür qəbul olunurdu. Beynəlxalq təşkilatlar tərəfləri dəvət edirdi. Xatırlayıram ki, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənəniyarlı və mən Avropa Şurasının baş katibi ilə görüşdən əvvəl digər qrup baş katiblə görüşmüşdülər. O görüşdə biz siyahıda olanların bir çoxlarının siyasi proseslərə aidiyyətlərinin olmadığını, məişət zəminində baş verənlərə görə saxlanıldıqlarını, hətta bəzilərinin narkotiklə saxlanıldığını sübut etdik. Amma ölkənin siyasi proseslərində iştirak edən, hansısa qanun pozuntuları ilə həbs edilən insanlar var ki, biz onların prosessual hüquqlarının qorunması məsələsini qaldırırıq. Məhz bunlara görə o vaxt Avropa Şurası belə siyahıları ciddi qəbul etmirdi. İndi əlaqələr zəifləyib, gediş-gəliş azalıb. Xüsusilə son illərdə pandemiya, maddiyyatla bağlı gediş-gəliş daha çox məhdudlaşıb. Nəticədə xaricdə oturanlar meydan sulamağa çalışırlar. Bu cür siyahıların hazırlanması və onun beynəlxalq təşkilatlara çatdırılması ilə əslində bu siyahıda adları olanların işlərini daha da çətinləşdirirlər. Bütün məsələlərin həlli Azərbaycanda masa arxasından keçir. Hətta hüquqları pozulan insanlar belə varsa, ən yüksək səviyyədə görüşlər keçirib, onların hüquqlarını qoruyuruq. Dialoqdan qaçan, yalançı siyahıların hazırlanması ilə cəmiyyətdə fikir ayrılığı yaratmaq istəyənlərin məqsədi hamı üçün bəllidir. Onlar Azərbaycanı sevməyən qüvvələrlə birləşib, ölkəmizə qarşı bu variantlardan istifadə etməklə beynəlxalq təşkilatların bizə qarşı təzyiqlərinin artmasına çalışan insanlardır”.

Hüquq-Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu bunları dedi: “Leyla Yunus Azərbaycan vətəndaşı deyil. Çoxdan vətəndaşlıqdan çıxıb, Hollandiyadan sığınacaq alıb. Onun təşkilatı burada fəaliyyət göstərə bilməz. Açığı, bilmirəm ki, onun təşkilatında ümumiyyətlə kimlər yer alır. Siyahıları ona kimlərin verdiyini də bilmirəm. Onun təşkilatının ixtiyarı yoxdur ki, Azərbaycanda olmaya-olmaya belə bir siyahı tərtib etsin. Burada siyahını düzəltmək üçün insanlarla görüşmək lazımdır. Orada oturub kimlərdənsə pul alıb siyahı düzəltmək heç bir ölçüyə sığmır. Haradadır onun təşkilatı? Açıqlasın, biz də bilək. Təşkilatı nə vaxt qeydiyyatdan keçib? 2 ildən bir biz yenidən qeydiyyatdan keçirik. Beynəlxalq təşkilatlar bilməlidir ki, Azərbaycanda bu adda təşkilat yoxdur. Onun belə hesabatlarının beynəlxalq qurumlarda qarşısını almaq mümkündür. İlk növbədə, belə siyahılar tərtib edən təşkilatların adlarını qeyd edərək, beynəlxalq təşkilatlara müraciət ünvanlamalıdır ki, Azərbaycanda belə bir təşkilat yoxdur. Doğrudan da axı belə qeydiyyatlı təşkilat yoxdur. Bunun ancaq qarşısını belə almaq olar. Kimə istinad edirsiz, nə cür istinad edirsiz, kimdir bu təşkilatın yanında, hər kəs bunları bilməlidir”.

Azərbaycanda insanlar biznes qurmağa qorxurlar” - Novella Cəfəroğlu Yeni  Sabah

Novella Cəfəroğlu: “Leyla Yunusun bu məsələ ilə bağlı  danışmağa ixtiyarı yoxdur”

Hüquq müdafiəçisi onların siyahısında yer alan siyasi məhbuslardan da söz açdı: “Bizim siyahıda yer alanların sayı lap azdır. Əvvəl 27 nəfər idi. Amma onlardan azad edilənlər oldu. 24-25 nəfər olar. Sonuncu dəfə siyahıya baxmadığım üçün dəqiq rəqəm deyə bilmirəm. Dediyim kimi, siyahımızdan azadlığa buraxılanlar oldu. Hökumətdən xahişim var. Siyasi motivlərlə tutulanları azad edin. Biz də rahat olaq, onlar da. Siyasi məhbusların olmasına şərait yaratmamalıyıq. Əvəz Zeynallını həbs etməklə nə qazanırlar ki? Bununla nə əldə edirik ki? Bunlar hökumətə ziyan verən insanlar deyillər. Həmin insanlar öz ölkələrində haqq sözünü deyənlərdir. Onlardan qorxmaq lazım deyil. Müxalifət öz sözünü deməsə, inkişaf olan deyil. Bu gün siyasi məhbuslar problemini həll etmək olduqca vacib məsələdir. Tənqid üstündə insanları həbs etmək düzgün deyil. Bizim beynəlxalq təşkilatlara cavab verməyə sözümüzün qarşısını siyasi məhbus problemi kimi məsələlər almamalıdır. Bizim də siyahı yenilənə bilər. Təbii ki, məhkəmə prosesləri bitəndən sonra bunlar ola bilər. Siyahımızda olanları, o siyahıya namizəd olanları gərək azad etsinlər ki, yeni siyahı tərtib etməyək. Onsuz da işlərimiz çoxdur. Çox insanlar yanımıza gəlir, onların hüquqlarını müdafiə edirik. Bacardığımız qədər çox iş görürük, amma açıqlamırıq. Hakimiyyətlə şəxslər olur ki, onların azadlığı üçün danışıqlar aparırıq. Məsələn, Saleh Rüstəmlini Monitorinq qrupu azad etdirdi. Şəmsini də bura daxil etmək olar. Biz istəyirik ki, Azərbaycan haqqında heç kim xoş olmayan  söz deməsin. Özümüzdən başqa heç kimimiz yoxdur. Özümüz-özümüzü qorumalıyıq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR